Interposta.Info

Gedişat Vergilər Nazirliyində də böyük bir şəbəkənin ifşasına yol aça bilərmi?

Ölkə
 6-12-2017, 13:48     9 337

Politoloq: “Hakimiyyətin indiyə qədər gördüyü islahat xarakterli işlərin görüntülərinə baxmayaraq, hansısa sistemli siyasətin aparıldığı müşahidə olunmayıb”

“Vergilər nazirinin həqiqətən də buraxdığı ciddi səhvlər ucbatından, yoxsa hakimiyyət daxilində qarşı-qarşıya duran şəbəkələrin mübarizəsinin nəticəsi olaraq azad olunduğu haqqında birmənalı fikir demək mümkün deyil”.


Bu sözləri politoloq Natiq Miri Vergilər naziri Fazil Məmmədovun gözlənilmədən vəzifəsindən azad olunmasını şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən Vergilər naziri Fazil Məmmədov vəzifəsindən alındı. Qeyd edə ki, daha əvvəl nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən alınması üçün uzun bir hazırlıq prosesi aparıldı, nəqliyyat nazirinin bir çox səlahiyyətləri tədricən ondan alındı və bu hökümət daxilində baş verən islahatlar kimi təqdim olundu. Lakin Fazil Məmmədovla bağlı vəziyyət bir qədər gözlənilməz oldu. Prezidentin gözlənilmədən Fazil Məmmədovu vəzifədən almasını islahatlar çərçivəsində atılan addım kimi dəyərləndirmək mümkündür, yoxsa ortada tamam başqa səbəblər ola bilər? Xatırladaq ki, iki il öncə Eldar Mahmudov da gözlənilmədən Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdi. Və sonradan Milli Təhlükəsizlik Nazirliyində böyük bir mütəşəkkil cinayətkar şəbəkənin ifşası ilə nəticələnmişdi. Prezidentin hal-hazırda Fazil Məmmədovla bağlı verdiyi gözlənilməz qərarı ilə Eldar Mahmudovla bağlı verdiyi qərar arasında parallelər aparmaq mümkündürmü və gedişat Vergilər Nazirliyində də böyük bir şəbəkənin ifşasına yol aça bilərmi?

"XeberBiz" xəbər verir ki, mövzu ilə bağlı Pia.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.
Gedişat Vergilər Nazirliyində də böyük bir şəbəkənin ifşasına yol aça bilərmi?

Natiq Miri: “Sistemli islahatlar aparılmayana qədər, hansısa nazirin vəzifədən azad olunması və onun yerinə başqa birinin təyin olunması mahiyyətcə heç nəyi dəyişmir”.

Son bir ildə iki nazirin vəzifəsindən azad edilməsinin Azərbaycan cəmiyyəti üçün müsbət təsirlərə malik olmayacağını vurğulayan politoloq Natiq Miriyə görə, fundamental islahatların olmaması irəliləyişlərin də qarşısını alır:

“Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən azad olunması ilə bağlı səbəblər barədə danışmaq üçün konkret informasiylara malik olmaq lazımdır. Məlumdur ki, Azərbaycan hakimiyyəti qapalı hakimiyyətdir və buna görə də bu məsələ barədə detallı danışmaq çox çətindir. Lakin hər bir halda Azərbaycan hakimiyyətinin bütün strukturlarında olduğu kimi, Vergilər Nazirliyində də çoxlu qüsurlar mövcuddur. Bu yöndə iş adamları və sahibkarların dəfələrlə prezident İlham Əliyevə müraciətləri olub.

Həmin müraciətlər göstərir ki, həqiqətən Vergilər Nazirliyi tərəfindən iş adamları sıxışdırılır. Hesab edirəm ki, vergi strukturunda çox ciddi problemlər hələ də qalmaqda davam edir. Fazil Məmmədovun vəzifədən azad olunması barədə öncədən konkret fikir bildirmək bir az çətindir. Hakimiyyətin indiyə qədər gördüyü islahat xarakterli işlərin görüntülərinə baxmayaraq, hansısa sistemli siyasətin aparıldığı müşahidə olunmayıb. Ona görə də Vergilər nazirinin həqiqətən də buraxdığı ciddi səhvlər ucbatından, yoxsa hakimiyyət daxilində qarşı-qarşıya duran şəbəkələrin mübarizəsinin nəticəsi olaraq azad olunduğu haqqında birmənalı fikir demək mümkün deyil.

Düşünürəm ki, istənilən halda Vergilər nazirinin vəzifədən çıxarılması hələ islahat demək deyil. Sistemli islahatlar aparılmayana qədər hansısa nazirin vəzifədən azad olunması və onun yerinə başqa birinin təyin olunması mahiyyətcə heç nəyi dəyişmir və dəyişməyəcək. Çünki sistemin özünün islahata ehtiyacı var və xaraktercə tamamilə dəyişməlidir. Yeni bir idarəetmə forması bərqərar olmalıdır. Bununla yanaşı, hər bir nazir siyasi iqtidar komandasının üzvü kimi təşəbbüskar islahatçı olmalıdır.

Təəssüf ki, bu yöndə Azərbaycan hakimiyyətinin heç bir kadrının müstəqilliyi yoxdur. Azərbaycanda bütün addımlar bir neçə iradədən asılıdır. O baxımdan nazir dəyişikliyi mahiyyətcə müsbət nəticələr verməyəcək. Müsbət nəticə əldə etmək üçün fundamental islahatlar həyata keçirilməlidir.

Natiq Miri: “Vergilər naziri MTN səviyyəsində olan bir şəbəkəni öz strukturunda qura bilməmişdi və qura da bilməzdi”.

Eldar Mahmudova gəlincə, MTN-lə bağlı iş tamamilə fərqli iş idi və onlar dövlət içində paralel dövlət yaratmışdılar. Hətta dövlət hakimiyyətinin özünə çox böyük təhülkələr vəd edirdi. Bu baxımdan MTN-də mövcud olan şəbəkə zərərsizləşdirildi. Lakin bunu Vergilər Nazirliyinə eynən sirayət etmək və paralellər qurmaq mümkün deyil.

Fikrimcə, Vergilər naziri MTN səviyyəsində olan bir şəbəkəni öz strukturunda qura bilməmişdi və qura da bilməzdi. Ola bilsin ki, daha bir neçə nəfər yeni təyinatdan sonra vəzifədən çıxarılsın. Lakin bütövlükdə vergilər strukturunda dövlət əleyhinə böyük bir şəbəkənin formalaşdığını düşünmürəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26