Interposta.Info

“Böyük İpək Yolu”nun 6 marşrutu –

Ölkə
 4-11-2017, 10:20     10 772

Bu marşrutu cəlbedici eləmək üçün zamanla yanaşı, ciddi siyasi qərarlara da ehtiyac var...

Bakı-Tiflisi-Qars (BTQ) dəmiryolu xəttinin işə salınması Azərbaycanın Şərq və Qərb arasında qovşaq olması fikrini bir daha dirçəltdi. Rəsmi məlumatlarda bu xətt Çindən Avropaya gedən ən əlverişli marşrutlardan biri kimi qeyd olunur.

BTQ dəmiryolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıra bilər. Çünki araşdırmlara görə, BTQ hal-hazırda Çindən Avropaya quru yolu ilə yüklərin daşındığı Rusiya marşrutundan bir neçə min kilometr qısadır. Eyni zamanda daşınma vaxtını da bir neçə gün qısaldır.

Bundan başqa, layihənin imkanları da sürətlə böyüyə bilər. Belə ki, BTQ-nin yük daşıma imkanları qarşıdakı illərdə daha da artaraq üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yükə qədər arta bilər. Bununla da Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək. Ölkəmizin ilk illərdə tranzitdən minimal illik gəliri 50 milyon dollar təşkil edəcək.

Xatırladaq ki, ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

“Böyük İpək Yolu”nun 6 marşrutu –

Göründüyü kimi, Azərbaycan hökumətinin rəsmi məlumatlarına əsasən, faktiki olaraq BTQ, yəni Azərbaycan marşrutu “Böyük İpək Yolu” dəhlizinin əsas marşrutlarından biri olmağa iddialıdır.

“Böyük İpək Yolu” qədim və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. Termin olaraq “Böyük İpək Yolu” ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən irəli sürülüb.

Tarixçilərə görə, “Böyük İpək Yolu” Çinin paytaxtından başlayaraq Orta Asiya və İran platosu üzərindən Şərqi Aralıq dənizinə - Suriya və Misirə qədər uzanıb. Bu yol Orta Asiyada bir qol ayrılaraq cənuba - Hindquş dağından Hindistana, Qanq vadisinə qədər gedib çıxırdı. Həmin yol indi də var və Çinlə Hindistan arasında əsas nəqliyyat xəttidir.

Bundan başqa, bir yol Çin-Pakistan yolu üzərində Qaraqum səhrasında yol ayrılıb Amu dərya üzərindən Xəzər dənizi sahillərinə və Qafqaz üzərindən cənuba Anadolu və Mesopotamiya yaylasına qədər gedib.

“Böyük İpək Yolu”nun daha bir marşrutu Çin paytaxtından nisbətən şimal istiqamətində Uyğurustan və Monqolustan üzərindən Şərqi Türkistandan keçərək Xəzərin şimala keçirdi. Bu yol təxmini olaraq indi də istifadə olunur və Çindən Avropaya əsas nəqliyyat xətti hesab olunur.

“Böyük İpək Yolu” ideyasını Çin hökuməti hazırda ciddi şəkildə təbliğ edir. Çünki söhbət həm iqtisadi baxımdan Çinin Avropa və Asiya (Qərbi Asiya və Şimali Afrika) istiqamətində ucuz və rəqabətli yük daşımaçılığını stimullaşdırmaq, həm də siyasi, mədəni əlaqələrin inkişaf etdirilməsindən gedir. Çin üçün bu layihənin fərqli variantlarda və bir neçə alternativdə olması arzuolunandır. Bu səbəbdən də Pekin necə deyələr bütün alternativlərə dəstək verir.

“Böyük İpək Yolu”nun 6 marşrutu –

Yeri gəlmişkən, Çin hökumətinin irəli sürdüyü “Böyük İpək Yolu”nun xəritəsi 7 fərqli istiqamətdən ibarətdir və bütövlükdə 64 ölkə üzərindən keçir. Hazırda Avropaya yük daşınan əsas marşrut Rusiya üzərindən keçən yoldur. Çünki bu yol nisbətən daha uzun olsa da, daha təhlükəsiz və az ölkədən keçdiyi üçün ən əlverişli yol hesab olunur.

Bundan başqa daha bir perspektivli xətt Orta Asiya üzərindən keçən xətdir. Bu yol Qazaxıstanda şimal və cənuba doğru iki istiqamətə ayrılır. Eyni zamanda Xəzər dənizinə yaxınlaşdıqca bu xəttin Azərbaycan üzərindən keçən və cənuba doğru enib İran üzərindən keçən hissəsi də var. Bundan əlavə, Hindistan üzərindən keçən və dəniz vasitəsilə Afrikaya və Yaxın Şərqə gedən yol da “Böyük İpək Yolu”nun əsas marşrutlarından hesab olunur.

Nəzəri baxımdan Azərbaycanın həyata keçirdiyi layihələr, həm BTQ dəmir yolu xətti, həm də “Şimal-Cənub” Nəqliyyat Dəhlizi layihəsi Böyük İpək Yolu layihəsinin mühüm bir hissəsinin Azərbaycan üzərindən keçməsi üçün əlverişli şərait yaradır. Ancaq bunun üçün həm nəqliyyat, vergi, gömrük sistemlərinin modernləşməsi, böyük layihə üçün əlverişli vəziyyətə gətirilməsi lazımdır. Və ən mühümü, siyasi baxımdan hazırlıq olmalıdır. Məsələ ondadır ki, “Böyük İpək Yolu” layihəsinin böyük hissəsi məhz Qazaxıstan üzərindən keçir. Əsas yollar məhz Qazaxıstan üzərindən paylanır.

Belə görünür ki, iqtisadi rentabelliklə yanaşı Qazaxıstan, həmçinin, hazırda “Böyük İpək Yolu” xəttinin əsas tranzit ölkəsi olan Rusiyanın da razılığı lazım olacaq. Ruslar isə hələlik çox narazı görünürlər. Çünki BTQ məhz Rusiyanın payına şərik çıxacaq.

İstənilən halda BTQ layihəsi Böyük İpək Yolunun mühüm bir hissəsi olmağa iddialıdır. Çünki həm Türkiyə üzərindən Avropaya çıxmaq, həm də Yaxın Şərq və Şimali Afrikaya getmək üçün ən yaxın marşrutlardan biri məhz BTQ xətti üzərindən keçir. Ancaq bu yolun cəlbedici olması üçün bir sıra amillər yerində olmalıdır. Yolun daha rahat, təhlükəsiz, bürokratik əngəllərin olmaması, eləcə də geri qayıdan konteynerlərin mümkün qədər boş olmaması, yüklə qayıtması kimi faktorlar BTQ və Azərbaycan marşrutunu cəlbedici etməkdə həlledici rol oynayacaq. Bunun üçünsə zamana və ciddi siyasi qərarlara ehtiyac var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26