Interposta.Info

Çəkməsi palçıqlı kənd ruhanisinin Kremlə gəlişi -

Ölkə
 30-09-2017, 10:52     10 755

Onun haqqında deyirlər, “Müqəddəs Kirilli altıqanadlı Serafim mələyi qoruyur”

Rus pravoslav kilsəsi, altıqanadlı Serafim mələyini çox sevir. Bu mələyi Ümumrusiya Patriarxının müqəddəs rəmzi bilir. Soruşsanız “ünvanı hardadır bu mələyin?”, deyərəm - Rusiya patriarxlarının baş örtüyü üzərində. Altıqanadlı mələk ora qonur adətən. Təsviri, gör nə vaxtdan bu baş örtüyünü bəzəyir.

Bizdə, həmin altıqanadlı mələyin oxşarı Şeşpər baba adlanır. Ocağı, Qəbələ-İsmayıllı meşələrindədir.

Altıqanadlılarda, yaxud altıbarmaqlılarda beş əsas hiss ilə yanaşı, ecazkar altıncı hiss də mövcuddu guya. Yaxşı, indiki Rusiya patriarxı 1-ci Kirilldə bu altıncı hiss varmı heç görəsən? Kimdi görəsən bu altıqanadlı, altı hissiyyatlı Kirill? Qundyayev Valadimir Mixayloviç? Rus Pravoslav kilsəsinin 16-cı patriarxı?

DOSYE: PATRİARX KİRİLL (Dünyəvi adı-Vladimir Mixayloviç Qundyayev). RUS PRAVOSLAV KİLSƏSİ RƏHBƏRİ

DOĞUM TARİXİ: 20 noyabr 1946. Leninqrad.

BOYU: 178 sm.

ÇƏKİSİ: 92 kq.

ULDUZ BÜRCÜ: Əqrəb.

AİLƏ VƏZİYYƏTİ: Evli deyil.

HOBBİSİ: Hər cür idman. Xizək üstə üzü aşağı sürüşməyə dağlıq İsveçrədə alışıb. 28 yaşında Leninqrad Ruhani Akademiyasının rektoru seçildikdən sonra keşişləri məcbur edib ucdantutma idmanla məşğul olsunlar.

Sambo güləş növünün yaradıcısı V.S. Oşepkov barədə ayrıca kitabı çıxıb.

***

Ancaq, xahiş edirəm, aldanmayın yuxarıdakı məlumatlara. Aldanmayın! 20 noyabr 1946-cı ildə Leninqradda doğulan şəxs, bizim bu Patriarx Kirill deyil...tamam başqa adamdı. Həmin şəxs əvvəllər Vladimir kimi tanınıb sovet Leninqradında. Bəs bu Vladimir sonra necə gəlib Kirill olub? Hə... bu, yekə söhbətdi.

Bu Vladimirin babası Vasiliy, atası Mixail bərk dindar kimi tanınıblar öz ətraflarında. Babası öz dindarlığına görə 47 qazamat dəyişib bütün həyatı boyu. 7 dəfə sürgünə göndərilib. Atası Mixail da eynən o cür-qazamatlarda, sürgünlərdə, bir də...

Bir də məzarlıqlarda keçirib demək olar bütün ömrünü. Uzun zaman Leninqradın məşhur Smolensk məzarlığındakı qədim kilsədə xalqın, dindarların qayğısını çəkib. Qulluğunda durub. Müharibənin bütün dəhşətli mənzərələrini, acı nəticələrini bu qəliz ünvanda oğlanları Vladimir, Nikolayla birgə görüb o. Çəkmələri palçıqlı, kirli olub daim.

Patriarx Kirilin iti yaddaşından bu uşaqlıq xatirələri-təzə qazılmış məzarlar, için-için ağlayan mömünlər, səmadakı qara qarğalar səhnəsi inanmıram bu tezlikdə silinsin. Pravoslavların ağrılarını, sonsuz göz yaşlarını ilk dəfə məhz bu ünvanda görüb o.

Çəkmələrindəki bu məzarlığın palçığını sonralar Kreml dəhlizlərinə qədər gətirib.

***

Mixail Qundyayevin məzarlıqdakı xeyirxah fəaliyyəti bir gün öz layiqli qiymətini alır. 1951-ci ildə o, nəhayət, Leninqraddakı Spas Preobrajen kilsəsinin baş keşişi vəzifəsinə təyin edilərək zığ-palçıqdan canını birdəfəlik qurtarır. Ardıcılları, tələbələri bərk sevinirlər bu təyinata. Məzarlıqlardan ayrılıb şəhərin mərkəzindəki bu təzə ünvana yığılırlar. Sovetlər, küçələrdəki bu tünlüyü görüb bərk əsəbləşirlər. Siyasi təzyiqlər, iqtisadi sanksiyalarla əvəzlənir. Kilsədən tələb edilir 120 min rubl vergi ödəsin dövlət xəzinəsinə. Mixail Qundyayev öz övladları ilə bütün Leninqradı qapı-qapı gəzir. Axır, tələb edilən məbləği ödəyir birtəhər. Amma borca düşür yaman. Ölən gününəcən - 1974-cü ilin 13 oktyabrına qədər həmin borclarını son qəpiyinə qədər ödəyir.

***

Beləliklə, bu gəncin haqq yolunda ilk müəllimi doğmaca atasıdır. İkinci müəllimi isə görün bir kimdir - Leninqrad mitropoliti Nikodim Rotov. Məhz bu mitropolitin tələbi ilə gənc Vladimir 1965-ci ildə gedib girir Leninqrad Ruhani Akademiyasına. Qəbul komissiyası üzvləri - ağsaqqal keşişlər, gənc tələbənin savadı qarşısında bir addım geri çəkilirlər. Deyirlər, bu gəncin yeri birinci kursda deyil...axırıncıdadır.

3 aprel 1969-cu ildə mitropolit Nikodim bu Vladimirin həyatına son qoyur bir növ. Keşişliyə qəbul edilmiş istedadlı gəncə Kirill adını hədiyyə edir. Bir il sonra isə həmin gənc keşişi öz şəxsi köməkçisi vəzifəsinə layiq görür.

KİÇİK HAŞİYƏ: Mitropolit Nikodim Rotov barədə KQB möhürlü çox maraqlı məxfi bir sənəd ötən il işıq üzü görüb. SSRİ DTK sədr Aleksandr Şalepinin 16 aprel 1960-cı ildə imzaladığı sənəddə deyilir: “Mitropolit Nikolay, ”Rus Pravoslav kilsəsinin “Xarici əlaqələr şöbəsi” sədri vəzifəsi öhdəsindən gəlmir. Düşünürəm bu vəzifəyə Leninqrad arximandriti Nikodim Rotov daha uyğundu".

Təklif, müsbət qarşılanır. Nikodim təzə vəzifəsində inanılmaz uğurlar qazanaraq görün bir neynir? Dönür Vatikanın ən dəyərli qonağına... Məsləhətlərinə, bir çox Roma papaları qulaq asır.

1978-ci ilin sentyabrında keçirilən növbəti Roma papası seçkilərində Moskva, bu Rotovun məsləhəti ilə 1-ci İoann Pavelə dəstək verir. Gözlənilməz qələbə Vaşinqtonu həyəcanlandırır o vaxt. 5 sentyabr 1978-ci ildə Nikodim Rotov, təzəcə seçilmiş papanı təbrik edərkən qəfildən kəskin ürək sancısı keçirir. Anında vəfat edir. 22 gün sonra oxşar şəraitdə, oxşar ssenari ilə, eyni zəhərlə təzə papa 1-ci İoann Pavel də dünyasını dəyişir. Kürsüsünü ötürür antisovet ruhlu Krakov arxiyepiskopu Voytılaya. Sonrasını gəlin artıq danışmayaq.

***

Nikodim Rotovun şəxsi katibi Kirill o vaxtdan düşür diqqət mərkəzinə. Mərhum Rotovun müavini təyin edilir isti-isti. Təcili göndərilir Qərbə. Mərhum havadarının, müəlliminin layiqli davamçısı kimi göstərir orda özünü. Dünya pərdəarxası qüvvələri ilə məhz o vaxt öz sıx əlaqələrini qurur. Uzun zaman Pravoslav kilsəsinin “Xarici əlaqələr” şöbəsinə başçılıq edir.

***

2009-cu ilin 27 yanvarında Ümumrusiya Patriarxı vəzifəsinə layiq görülən 1-ci Kirilin kim olduğunu bilmək istəyirsinizsə, bu qələbəsindən sonrakı səfərlərini izləyin. Görün kimlərlə, hansı qüvvələr ilə ilk növbədə görüşüb o. Marşrutu izləyirik. Görürük ilk görüş 12 fevral 2009-cı ildə Nikolay Patruşevlə - RF Təhlükəsizlik Şurası rəhbəri ilə baş tutub. Sonra, 29 apreldə Yulia Tomoşenko ilə təcili görüşüb. Görüş zamanı deyib: “Kiyev, biz pravoslavlar üçün müasir Konstantinopoldu. Ruhani mərkəzdi. Cənub paytaxtımızdı”.

Nəticə aydındı - yeni patriarxı ilk növbədə Ukraynadakı siyasi, dini durum maraqlandırıb. İlanı yuvasında boğmaq məqsədi ilə o, 4-6 iyul 2009-da İstanbula gedib ordakı Konstantinopol patriarxı Varfolomey ilə görüşür. Sonra təcili üz tutur Ukraynaya.

KİÇİK HAŞİYƏ: Kiyev kilsəsinin Moskva patriarxatına tapşırılmağı tarixi 1686-cı ildən rəsmiləşib. O vaxt, indiki İstanbul patriarxı Varfolomeyin sələfi Patriarx Dionisiy Kiyev kilsəsini Moskva patriarxlığı tabeçiliyinə əbədi olaraq, necə deyərlər məhşər gününəcən etibar edib.

Ancaq indi deyəsən rəsmi Kiyev bu ittifaqı ləğv edib tarixin təkərini geriyə fırlatmaq, Ukrayna kilsəsinin müstəqilliyini elan etməyə hazırlaşır. Mövzunun həlli, kilid açarı isə 300 il əvvəlki kimi yenə də İstanbulda, partiarx Varfolomeyin dərin ciblərindədir. Dövrü mətbuata bu barədə məlumat verən Andrey Parabiy - Ukrayna Radası spikeri, öz gələcək planlarını artıq heç kimdən gizləmir: “Mən, Böyük Patriarx Varfolomeyi Kiyevə dəvət etdim. Qoy gəlib bizim deputatlarla, Ümumukrayna Kilsə Şurası üzvləri ilə birbaşa görüşsün. Varfolomey, Ukraynadakı gərgin duruma yaxşı bələddi. 16 iyun 2016-cı il tarixində bizim Rada, müqəddəs Varfolomey ünvanına müraciət edərək Ukrayna kilsəsinə müstəqillik verilməsi xahişini orda səsləndirib. Qərarı, 245 deputatımız təsdiqləyib. Bu da bəs edir ki, müraciət gələcək rəsmi prosesə start versin”.

***

Bu gələcək təhlükəni hələ 2009-cu ildə duyan 1-ci Kirill qərara gəlir, “poladı isti-isi döyəcləsin”. Növbəti iyul - avqust səfərlərini Ukraynaya salan Kirill, görür yox eyyy...burda vəziyyət çox qəlizdi. Əsl “ruscadı”. Ukrayna jurnalistləri səfərin müzakirəsini çöndərirlər kriminal süjetə - “Patriarxın biləyindəki ”Breguet" saatının 30 min dollar dəyəri var. Kirillin harasına yaraşır ki, bu saatı biləyində gəzdirsin?".

Ukraynadan başılovlu dönən Kirill mətbuata deyir ki, həyatını Kiyev ilə Moskva arasında bölməyə hazırdı. Lazım gəlsə, Ukrayna vətəndaşlığı da qəbul edə bilər. Lakin Kremldəki müzakirələr zamanı tez-tez prezident Medvedyevin qulağına tərəf əyilən Kirill, bu hərəkəti ilə güc nazirlərinin hiddətinə səbəb olur. Mətbuatda xəbər yayılır ki, Kirillin Ukrayna siyasəti bəzilərinin xoşuna gəlməyib.

***

Sözü verək dövrü mətbuata: “Moskva patriarxı Kirill ilə müqəddəs Varfolomey arasındakı onsuz da gərgin münasibətlər öz sınma nöqtəsinə gəlib çatıb son vaxtlar. Görün bir bu Varfolomey öz həmkarı Kiril barədə nə deyir indi: ”Təəssüf, Rusiya hökuməti kilsə işlərinə kobud müdaxilələr ənənəsini indi də davam etdirir. Müqəddəs Kirill üçün pravoslavların vəhdəti məsələsi ruhla deyil, təşkilatlanma ilə əlaqədardı sanki. Vatikanın bu tarixi səhvini indi Moskva təkrarlayır".

Ukrayna hadisələri, Patriarx Varfolomeylə “yumurta döyüşləri” beləliklə 1-ci Kirillin əsl “Axilles dabanı”dır. Patriarxın “pavoslav birliyi” şüarı Varfolemeyin cavab tədbirləri nəticəsində gör nə vaxtdı havada donub qalıb.

Nikodim Radov-Patriarx Kirilin mənəvi atası, vaxtilə oxşar çıxılmaz vəziyyətə düşübmüş Vatikanda. İstəyirmiş Vatikan kürsüsünə Moskva yönlü qırmızı bir papa əyləşdirsin. Nikodimi də, seçdirdiyi papanı da CİA kəşfiyyatçıları 1978-ci ildə eyni zəhərlə aradan götürüblər.

İnanmıram 1-ci Kirill öz müəlliminin bu səhvlərini, taleyini təkrarlasın.

***

Müqəddəs Kirill, sadə adam deyil. Deyilənlərə inansaq onda gizli 6-cı hiss mövcuddu. Altıqanadlı Serafim mələyi belələrini heç vaxt tərk etmir, biləsiz./Musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26