Interposta.Info

"Uşaqda fərasətə bax..."

Ölkə
 10-06-2017, 21:13     751

Mayın 27-də Səbail Rayon Məhkəməsinin qərarı ilə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan Azərbaycana keçərkən sərhəddə saxlanılıb. Dövlət Sərhəd Xidməti bildirir ki, Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb". İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci, qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb, qurumun məlumatında qeyd edilir.

Bu hadisədən bir neçə gün əvvəl jurnalist Eynulla Fətullayevin Tiflisdəki anti-Azərbaycan qüvvələri iddiası ilə məqaləsi yayımlanmışdı. Müəllif hakimiyyətə qarşı Gürcüstanda yerləşmiş müxalifətçilərin fəaliyyətindən bəhs edirdi.

E.Fətullayev onların bəzilərinin ABŞ CİA-sı ilə bağlı Qərb təşkilatları ilə əməkdaşlıq etdiyini iddia edirdi. E.Fətullayevin yazısında deyilirdi ki, Azərbaycan üçün taleyüklü 2013-cü ildə radikal anti-əliyev müxalifətinin mərkəzi məhz Tiflis idi.

Bakıda vəziyyətin qarışdırılmasına yönəlmiş, Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və Əli Kərimlinin qismində yaradılmış anti-hökumət koalisiyasının icrası üçün nəzərdə tutulan, yaxşı məlum olan xarici mərkəzlər tərəfindən hazırlanan yeni ssenari məhz Tiflisdə reallaşmağa başlamışdı.

“2016-cı ilin martında isə barışmaz, sistemdənkənar müxalifətin liderlərindən biri, Əli Kərimlinin müavini Gözəl Bayramlı üç dəfə Gürcüstan ərazisində peyda olub. Olduqca qəribədir, ancaq Gözəl Bayramlı hər dəfə Gürcüstana avtomobillə, tərəfdaşlarının müşaiyəti ilə gedib və Tiflisdə iki gündən çox qalmayıb. O, Gürcüstana Qazax rayonu istiqamətindən keçib, qayıdanda isə bir qayda olaraq Zaqatala tərəfdən daxil olub. Emissarlarla görüşüb, pul və təlimatlar alıb, geri qayıdıb”- deyə E.Fətullayev öz məqaləsində bildirirdi.

DOLAŞIQ SÖZ İZHALI

Bu hadisələr başlanar-başlanmaz Oqtay Gülalıyev sosial şəbəkədə yazdı ki, G.Bayramlının çantasından 10 min saxta ABŞ dollarının aşkarlandığı iddia olunur: “Gömrük Keçid Məntəqəsinin əməkdaşları onu saxlayarkən çantasından 10 min saxta ABŞ dolları "çıxarıblar".

Elçin Sadıqov isə, “saxta dollar” şaiyəsini şişirdib, sosial şəbəkədə daha maraqlı əhvalatlar danışdı. Onun sözlərinə görə, gömrükdə guya "saxta dollarları" gizlin şəkildə G.Bayramlının çantasına atdıqları zamanı işıqlar və müşahidə kameraları söndürülüb...

Sonradan müəyyən oldu ki, əslində gömrükçülər qətiyyən “saxta ABŞ dolları” ifadəsini işlətməyiblər. Sadəcə, səs-küy, vay-şivən qaldırılır ki, dövlət orqanlarını əsassız ittiham etsinlər.

FƏRASƏTLİ UŞAQLAR

Düzü, qəribədir ki, niyə Gözəl Bayramlıya görə, Gömrük, DTX, bəlkə elə bunların məntiqi ilə digər dövlət orqanları, məsələn, İdman və Gənclər Nazirliyi, ya da, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu qədər əziyyət çəkməli, işıq-filan söndürməli, saxta dollar tapıb, gömrükdə AXCP lideri Əli Kərimlinin müavinin çantasına atmalı idilər? Əgər şər atıb, tutmaq Azərbaycanda belə asandırsa, elə bunu Bakıda, xüsusi ssenari ilə, daha inandırıcı şəkildə etmək olardı...

İkincisi, bəyəm, Gözəl Bayramlı nəisə, böyük bir siyasi şəxsiyyət, anqlo-sakson CİA-sının və ya urus FTX-sının Azərbaycanda nüfuz agentidir ki, ona qarşı Gömrük, DTX, bəlkə elə bunların məntiqi ilə digər dövlət orqanları, məsələn, Müdafiə Nazirliyi, Qaçqınkom, İdman və Gənclər Nazirliyi, ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və d. gecə-gündüz plan cızmalı, dövlət pullarını xərcləməli, “zərgər dəqiqliyi ilə əməliyyat” keçirməli idilər?! Axı, bu sadəcə Gözəl Bayramovadı da ...

Vaxtilə, Ayaz Mütəllibov erasında Xalq Hərəkatına qarşı təxribatlardan biri də bu idi ki, KQB-şniklər bir qrup çığır-bağır, vay-şivən ustası olan qadınları yığıb, o zaman Xalq Cəbhəsinin fəallarını söydürür, qarayaxmalar təşkil edirdilər. AXC “imicmeykerləri” də anladılar ki, bu cür vay-şivən qrupları siyasi mübarizədə, daha doğrusu, küçə mübarizəsində əvəzsiz rol oynaya bilər. Bundan sonra ən belə xırda partiyaların yanında bir qrup qadınlardan ibarət “vay-şivən şturm-briqadaları” yaradıldı. Aylar keçdi- illər ötdü, siyasi partiya mənsubiyyətindən asılı olmayaraq bu şturm-briqadaların üzvləri müxtəlif səbəblər üzündən hərəsi bir tərəfə dağıldı. Amma onlardan kimlərsə partiyalarda qaldı, hətta partiyalarda karyera da qura bildi... Doğrudur, illər-aylar keçsə də, az-çox savada yiyələnsə də, partiya daxilində kürsüyə malik olsa da, amma “mitinq” sözü eşidən kimi bu tiplərin içindəki “vay-şivən” virusu aktivləşir və bir də görürsən ki, “partiyada yüksək kürsü sahibi” olan birisi qadın-xanım söhbətini kənara ataraq, “istefa”, “demokratiya”, “azadlıq” və d. görünən xəstəliyin çeynənmiş xarakterik simptomları ilə düşüb meydana saçını yolur, üzünü cırmaqlayır və s...

Yeri gəlmişkən, anqlo-sakson və ya urus məsələsinə toxunduq... 2013-cü ildə Moskvada “Milyarderlər ittifaqı” layihəsi yarananda və onun bizim milli arealımızda “Milli Şura” adlı uzantısı fəallaşanda bütün siyasi serial həvəskarlarının təəccübdən çənəsi düşdü. Çünki siyasi serial həvəskarı olan sıradan bir vətəndaş elə bilirdi ki, AXCP və ətrafı Qərbin Azərbaycandakı 5-ci kolonudur. Amma 2013-cü ildə məlum oldu ki, bu belə deyil... Lazım gələrsə, 5-ci kolon ağasını dəyişə bilər... Bu dəfə 5-ci kolonun arxasında Moskva durmuşdu...

Amma sən saydığını say, gör... Siyasi serial həvəskarlarının “Milli Şura” adlı tele-sezonda təəccübdən çənələri sinələrinə düşmüşdüsə, məlum Nardaran hadisələrindən sonra təəccübdən artıq çənələr asfalta dəydi! Niyə də təəccübdən çənələr asfaltın üstünə düşməsin?! Axı, özünü əvvəlcə Qərbin, sonra Rusiyanın 5-ci kolonu kimi qələmə verənlər birdən-birə fars şovinizminin evimizdəki dindar qılafına girmiş agenturasını dəstəkləməyə başladılar. Demə, bu dəfə 5-ci kolon Farsistanda özünə ağa axtarmağa başlamışdı...

Vallah-billah, bu cür siyasətdən baş açmaq olmur! Əvvəllər siyasət tarixində əvvəlcə xarici qüvvə olurdu və o, digər ölkədə 5-ci kolonunu yaradırdı. İndi əvvəlcə 5-ci kolon yaranır, sonra ətraf ölkələrdə özünə ağa axtarmağa başlayır?! Ateistlərin kosmik materiyasına and olsun ki, hakimiyyətə gəlmək üçün alman kəşfiyyatı ilə əməkdaşlıq etmiş bolşevik Vladimir Ulyanov Lenin mavzoleydən xortlayıb ortaya çıxsa idi, bu cür açıq bazara təəccüblənərdi. Rus kommunistləri xarici ölkə kəşfiyyatı ilə əməkdaşlığı gizli edirdilər, burada isə, özünün satılması aşkar reklam edilir... İş o yerə çatıb ki, ötən il sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələrində Əli Kərimlinin oğlu Türkel, əli Azərbaycan xalqının qanına batmış “Artsax prezidenti” Bako Saakyanın oğlu Armen Saakyan ilə bilikdə Azərbaycana qarşı keçirilən tədbirdə iştirak edib, Azərbaycan əleyhinə eyni mövqedən çıxış edirdilər?!

Görünür, dünya bu cür 5-ci kolon alverçilərinin dünyasıdır... Biri digərinə rəqib olan xarici dövlətlərdən, onların kəşfiyyatından, QHT və fondlarından eyni zamanda yararlanasan, pul qazanasan, artıq neçənci silahdaşını “içəriyə” yola salasan, eyni zamanda da öz övladın üçün xaricdə xoş güzaran, şərait qurasan?! Üstəlik, lap Əli Kərimli kimi sosial şəbəkədə ağlaşma qurasan ki, “sonuncu sədr müavinim idi, onu da tutdular”...

“Şərikli çörək” filmindəki personajın sözləri yada düşür: “Hamını aldadıb-haaaa! Uşaqda fərasətə bax!”. (Millətçilik Qəzeti)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26