Interposta.Info

Türkiyəyə aparılan 70 yaşlı nazirimiz… -

Ölkə
 5-06-2017, 13:08     582

Ötən gün ürəyi dayanan, masajla ürək fəaliyyəti bərpa edilən və Mərkəzi Neftçilər Xəstəxanasında ürəyinə stendlər qoyulan Energetika naziri Natiq Əliyev müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

Axar.az xatırladır ki, bu il 70 yaşını qeyd edəcək nazirimiz 1947-ci il noyabrın 23-də Bakıda anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə isə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib. Bir il sonra Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

O, dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi, neft və kimya şöbəsində təlimatçı, sosial-iqtisadi inkişaf şöbəsində bölmə müdiri vəzifələrində işləyib.

1993- 2005-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tiflis-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan Neftçilər Konqresinin prezidenti seçilib.

2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində işləyib, 2013-cü ildən Azərbaycan Respublikasının energetika naziri vəzifəsini icra edir.

Nazirimiz həmçinin həyatı boyunca elmi fəaliyyətlə məşğul olub. Onun 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub.

Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, iqtisad elmləri doktorudur. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür.

Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası “Şöhrət” ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndisi" fəxri adı, Gürcüstanın “Şərəf” ordeni, Fransanın “Milli Fəxri Legion” ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunub.

Ailəlidir, bir oğlu var.

Qeyd edək ki, “Avroviziya” mahnı yarışmasının iştirakçısı Safura Əliyeva Natiq Əliyevin gəlinidir. Nazirimizin bir oğlan nəvəsi var.

Nazirimizə şəfa diləyirik!

interposta.infoTürkiyəyə aparılan 70 yaşlı nazirimiz… -
Türkiyəyə aparılan 70 yaşlı nazirimiz… -
Türkiyəyə aparılan 70 yaşlı nazirimiz… -
Türkiyəyə aparılan 70 yaşlı nazirimiz… -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26