Interposta.Info

İslam Həmrəyliyi Oyunları bitdi, qazandıqlarımız…

Ölkə
 23-05-2017, 11:45     395

Şahin Cəfərli: “Azərbaycan bu tip idman yarışlarını yaxşı təşkil edə bildiyini bir daha göstərdi”; Elxan Şahinoğlu: “Ərəb ölkələrindən Azərbaycana güclü axın var, bunda Bakıda keçirilən idman yarışlarının da təsiri böyükdür”

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Apasport.az saytının məlumatına görə, paytaxtımızda təşkil olunan yarışa tennisçilərin mübarizəsi ilə yekun vuruldu.


Bununla İslamiadada 268 dəst medal öz sahibini tapıb. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb. Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır.

Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi.

Azərbaycan millisi həm də İslamiadaların ənənəsini davam etdirib. Belə ki, Səudiyyə Ərəbistanı 2005-ci, İndoneziya 2013-cü ildə təşkil etdiyi Oyunların qalibi olmuşdu. Lakin qızıl medal sayında həmin ölkələri də geridə qoyan Azərbaycan mütləq rekord müəyyənləşdirib. 75 çempionluq yaşayan millimiz İslamiadalar tarixinin görünməmiş nəticəsinə imza atıb. Türkiyə millisinin qazandığı 195 medal da tarixə rekord kimi düşüb.

Ümumilikdə isə yığmamız 75 qızılla yanaşı, 50 gümüş və 37 bürünc medal sevinci də yaşayıb. İkinci olan Türkiyə bizdən 4 qızıl az alıb. İlk “üçlüy”ü 98 mükafatla İran qapayıb.

Rəsmi statistika ilə yanaşı, bu yarışların Azərbaycana sözün böyük mənasında nələr verməsi, hansı nəticələr qazandırması da səslənən suallar sırasındadır.
İslam Həmrəyliyi Oyunları bitdi, qazandıqlarımız…



interposta.info xəbər verir ki, politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Islam Həmrəyliyi Oyunları “müsəlman Olimpiadası” kimi təqdim olunsa da, dünya miqyasında prestijli idman turniri kimi qəbul olunmur: “Səhv etmirəmsə, bu yarışlarda əldə olunan fərdi və kollektiv nəticələrin beynəlxalq reytinqlərə təsiri yoxdur və dünya, qitə miqyaslı turnirlərə lisenziya da verilmir. Bu səbəblə, düşünürəm ki, bu tədbirə sırf idman yarışı kimi yanaşmaq doğru olmaz. Adından da göründüyü ki, İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin və toplumlarının daha da yaxınlaşması, insanlar arasında əlaqələrin qurulması kimi sosial və müəyyən dərəcədə siyasi xarakterli məqsədlərə xidmət edir. Bu gün islam dünyasında yaşanan problemlər hamıya bəllidir. Həmrəylik üçün xüsusi tədbirin müəyyənləşdirilməsi faktının özü göstərir ki, bu həmrəylik arzuolunan səviyyədə deyil və ideyanın müəllifləri onu təmin etməyə ehtiyac duyurlar. Məsələn, 2-ci İslam Həmrəyliyi Oyunları İran İslam Respublikasında keçirilməli idi, lakin baş tutmadı. Çünki sələfi ərəb dövlətləri ilə şiə İran dövləti arasında dərin antoqonizm mövcuddur. Elə yarışların keçirildiyi günlərdə biz hər iki tərəfdən çox sərt bəyanatların, qarşılıqlı hədələrin şahidi olduq. İran müdafiə naziri Səudiyyə Ərəbistanından olan həmkarının ”müharibə olarsa, həbi əməliyyatların bizim torpaqlarımıza keçmədən İran ərazisində aparılmasına nail olmalıyıq" bəyanatına cavab olaraq bildirdi ki, Məkkə və Mədinə istisna olmaqla, krallığın hər yerini yerlə yeksan edərik. Yəni, vəziyyət bu cürdür və həmrəylik yalnız gözəl səslənən söz olaraq qalır".

Müsahibimiz bu yarışlarda Azərbaycanın qazandıqlarına da toxundu. Dedi ki, bir təşkilatçı kimi məqsəd ölkənin tanıdılması, islam aləmi başda olmaqla, adının dünyada bir daha duyurulması idi: “Digər tərəfdən, Azərbaycan bu tip idman yarışlarını yaxşı təşkil edə bildiyini bir daha göstərdi. O da məlum oldu ki, Azərbaycanı təmsil edən idmançılar, komandalar digər müsəlman ölkələrindən olan bir çox rəqiblərindən üstündür. Bu turnir mötəbər yarışlar ərəfəsində idmançılarımız üçün yaxşı məşq oldu”.
İslam Həmrəyliyi Oyunları bitdi, qazandıqlarımız…



ATLAS Araşdırmalar Mərkəzinin Elxan Şahinoğlu da hesab edir ki, Azərbaycan böyük idman yarışlarına ev sahibliyi etməklə müəyyən təcrübə qazanır. Onun sözlərinə görə, bu sıraya idman arenalarının istifadəsindən tutmuş nəqliyyat sferasının bu yarışlara necə hazır olmasına qədər sahələri aid etmək olar: “Bu cür yarışlar ölkə üçün bir testdir. İkincisi, idmançılarımız öz səviyyələrini yoxlamaq imkanı qazandılar. Doğrudur, İslam Oyunları olimpiada deyil, səviyyə xeyli aşağıdır. Buna baxmayaraq, idmançının istənilən yarışda medal qazanması onu növbəti qələbələrə həvəsləndirir. Azərbaycan idman sahəsində islam ölkələri arasında liderlərdən biridir. Bunu Braziliyanın Rio De Janeyro şəhərində keçirilən son yay olimpiadası da göstərdi. Azərbaycan bu yüksək statusunu qorumaq məcburiyyətindədir. Bunun üçün isə tək başqa ölkələrdəki yarışlarda iştirak kifayət etmir, gərək özün də bu yarışlara zaman-zaman ev sahibliyi edəsən ki, idman ölkəsi statusunu qoruyasan”.

Müsahibimiz dedi ki, idman yarışlarının bir digər məqsədi daha çox turisti Azərbaycana cəlb etməkdir. Onun sözlərinə görə, bu, bir ayın və ya bir ilin nəticəsində baş verməyəcək:
“Məsələn, bir olimpiadaya görə turistlərin Azərbaycana axın edəcəyini gözləmək yersizdir. Buna rəğmən, etiraf edək ki, Azərbaycana gələn turistlərin sayı ilbəil artır. 46 yaşın içindəyəm, həyatım boyu Bakıda bu qədər turist görməmişəm. Ərəb ölkələrindən Azərbaycana güclü axın var, bu hotellərin və restoranların dolması, yeni iş yerlərinin və gəlirlərin artması deməkdir. Bunda Bakıda keçirilən idman yarışlarının da təsiri var. Əlbəttə, Formula - 1, Avropa və İslam Oyunlarına xeyli maliyyə vəsaiti xərcləndi və bunu tənqid edənlər də var. Maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi məndə də müəyyən suallar yaratdı. Ancaq bu cür turnirlər istər-istəməz maliyyə tələb edir. İndi isə əsas məqsəd bu turnirlərə xərclənən vəsaitləri turist və investisiya axınları vasitəsilə daha çox geri qaytarılmasını təmin etməkdir. Bunun üçün isə beyinlər işləməli, dövlət məmurlar çalışdıqları sahədə yeniliklər tətbiq etməlidirlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26