Interposta.Info

Qalmaqal:

Ölkə
 10-05-2017, 07:33     420

İstipress.com saytı ARB Media Qrupunu mayın 8-də “Həftəlik” verilişində Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş sujetdə istifadə olunan kadrlarda ANS-in materiallarına istinad etməməkdə ittiham edib.

interposta.info xəbər verir ki, ARB Media Qrupu bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, ARB Media Qrupu olaraq, hər zaman digər yerli telekanalların müəllif hüquqlarını qorumağa çalışıblar:

"Bu, təkcə hazırda fəaliyyət göstərən televiziyalara aid deyil, həm də keçmişdə fəaliyyət göstərmiş Sara TV, ABA, ANS kimi kanalların videomateriallarını da efirə verərəkən o kanallara istinad etməyə çalışırıq. Sözügədən “Həftəlik” verilişində proqramın aparıcısı və müəllifi Nadir Şəfiyev Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş sujetdə ANS-in siması sayılan, Qarabağ döyüşlərində peşəkar jurnalist kimi böyük uğurlara imza atan Mirşahin Ağayevin adını çəkmiş, onun hazırladığı materiallardan istifadə edildiyi qeyd olunmuşdur. Lakin bu istinadı ANS-in keçmiş əməkdaşları ya görmədilər, ya da görmək istəmədilər".

ARB Media Qrupu "ANS-in arxivinə təcavüz"lə bağlı məqalənin Şuşanın işğal günündə ANS telekanalının keçmiş əməkdaşlarının fəaliyyət göstərdiyi internet resursunda dərc olunmasına etiraz da edib:

"Həmin gün ARB TV-də “Şuşanın dağları qara dumanlı” adlı film yayımlanıb və orada da bir neçə qurumun, eləcə də ANS-in çəkdiyi materiallardan istifadə edildiyi qeyd olunub. Biz hər zaman həmkarlarımızın əməyinə sayğı göstərmişik. Efirimizdə dəfələrlə digər media qurumlarının (televiziyaların, radioların, saytların və s.) əməkdaşları qonaq olub və öz media resursları haqda ətraflı məlumat veriblər. Televiziya əməkdaşları üçün əlamətdar hesab olunan günlərdə ölkəmizdə fəaliyyət göstərən bütün telekanalların işi işıqlandırılıb. Hər zaman media həmrəyliyini, həmkarlıq dayanışmasını özümüzə əsas prinsiplərdən biri hesab etmişik. Bizim haqqımızda bu kimi yazıların tirajlanması təəssüf doğuran bir haldır. Milli Qəhrəmanlar hamımızın qürur mənbəyimizdir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı bu kimi situasiyalarda hallanmamalıdır. ARB Media Qrupu hər zaman jurnalist həmrəyliyinin, həmkarlarımızın müəllif hüquqlarının qorunmasına çalışıb".

Açıqlamanın sonunda ARB Media Qrupu bu kimi məsələlərdə televiziya əleyhinə yazılan bu cür qərəzli yazıları jurnalistika etikasına zidd hesab etdiklərini də bildirib.

Qeyd edək ki, İstipress.az saytı efirə gedən süjetdə ANS-in loqosunun üstünün bağlandığını əsas gətirərək, bunu "ANS-in arxivinə təcavüz" olaraq dəyərləndirmişdi. ARB Media Qrupu isə yaydığı açıqlamanın sonunda verilişin titr hissəsini təqdim etməklə, ANS-in müəllif hüquqlarının qorunduğunu təsdiqləmək istəyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26