Interposta.Info

Azərbaycanın yalnız

Ölkə
 24-02-2017, 18:04     478

Azərbaycanın yalnız

Mən eks-prezident Ayaz Mütəllibovun “musavat.com”a verdiyi müsahibəni diqqətlə oxudum. Azərbaycan-Rusiya diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunmuş bu müsahibədə adıçəkilən şəxsin elə 25 il öncəki ampulasında qaldığının, dünyada gedən proseslərə yalnız Moskva və Tehranın gözü ilə baxdığının şahidi oldum.
Təbii ki, bu mənim qənaətimdir. Cənab eks-prezident razılaşmaya da bilər. Əslində Ayaz Mütəllibov yeni heç nə demir, hakimiyyətdə olduğu və Moskvada yaşadığı dövrlərdə dediklərini təkrar edir. Mən eks-prezidentə bircə şeyi xatırlatmaq istəyirəm. Yəqin ki, yadından çıxmayıb. Keçmiş SSRİ dağılanda, respublikalar artıq sovet imperiyasının çökdüyünü görüb müstəqilliklərini elan edəndə cənab Mütəllibov saxta referendum keçirib Azərbaycanı yenidən geriyə sürükləyirdi, xalqın adından danışırdı. Hətta rəsmi Kremldə belə bir çoxları SSRi-nin qalmayacağını gözəl dərk edirdilər. Amma A. Mütəllibov siyasi cəhətdən kor olan bir qrup “QKÇP”-çiyə qoşulmuşdu. Eks-prezident qeyd edir ki, siyasi nöqteyi-nəzərdən Azərbaycan-Rusiya münasibətlərini Qarabağa yönəltməli idik. Amma düzgün mövqe tutmayıb NATO ölkəsi olan Türkiyəni partnyor kimi seçdik. Bu şəxs sanki unudub ki, Qarabağ münaqişəsi Sovetlər Birliyi dövründə Moskvanın ermənilərə xeyr-duası ilə başlayıb. Hələ özünün hakimiyyətə gəlməsinədək daşnaklar öz mənfur planlarını həyata keçirməyə başlamışdılar. Digər tərəfdən,1990-cı ilin 20 yanvarında rəsmi Kreml Bakıda vəhşilik törətdi, bizimlə yalnız silah gücü ilə danışmağa üstünlük verdi. Onda da eks-prezident yüksək vəzifələrin birində idi və məhz bu hadisədən sonra şəhidlərin qanı üzərindən addımlayaraq ölkənin birinci şəxsi oldu. Amma 20 Yanvar qırğınına dövlət başçısı olaraq heç bir sərt reaksiya, siyasi qiymət vermədi. Azərbaycan Türkiyəni seçməyib, Bakıda onun qanını axıdan Moskvanımı seçməli idi? Mən demirəm ki, AXC idarəetmədə heç bir səhv etməyib. Lakin dövlətini azad və müstəqil görmək istəyib. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev Naxçıvanda milli atributlarımızı bərpa edəndə və Ali Sovetdə çıxış edib SSRİ-nin gərəksizliyi haqqında danışanda, A. Mütəllibovun göstərişi ilə tərəfdarları ayaqlarını yerə döyərək onu fitə basırdılar. Keçmiş SSRİ-ni və onun rəhbərliyini eks-prezidentdən qat-qat yaxşı tanıyan, bu nəhəg ölkənin başında duranlardan biri olan Heydər Əliyev siyasi vəziyyəti A. Mütəllibovdan azmı bilirdi? Absurddur. Hələ bu azmış kimi A. Mütəllibov Qarabağı bir kənara qoyub Naxçıvanı siyasi blokadaya almışdı. Eks-prezident iddia edir ki, 2 mart 1992-ci ildə Azərbaycanı BMT-yə tanıtmışam. Deyir ki, Azərbaycan müstəqil dövlət oldu və heç kəs onun ərazi bütövlüyünə xələl gətirə bilməzdi. Bu da düzgün yanaşma deyil. Axı Azərbaycan məhz müstəqil olandan sonra da Rusiya ermənilərə dəstək verərək ərazimizi parçaladı. Xocalı soyqırımında birbaşa 366-cı rus alayı iştirak etdi. Bu nə demək idi? Şimal qonşumuz tərəfindən açıq təcavüz. Rusiya Gürcüstanı da eyni günə qoydu. Ərazisində iki qondarma münaqişə ocağı yaratdı. Eks-prezident “bizim torpaqlarımızı ermənilər zəbt ediblər” deməklə sanki Azərbaycanın gücsüzlüyünü ortaya qoyur. Hətta bəzi erməni siyasətçiləri də deyirlər ki, ruslar olmasa Ermənistan adlı dövlət yer üzündən silinər. Eks-prezident deyir ki, biz düzgün siyasət qursaq, ruslar bizim tərəfdə olacaqlar. Yəni A. Mütəllibov əslində indiki Qarabağ siyasəti ilə razılaşmadığını bəyan edir. Şəxsi işidir. Amma mən istərdim ki, A. Mütəllibov indi Azərbaycanda aparılan Qarabağ siyasətinin nəyə görə düzgün olmadığını açıq arqumentlərlə izah etsin. İndi bu problemin həll yolunu təkcə Rusiyanın adı ilə bağlamaq da məncə səhvdir. Daha Qarabağın açarı təkcə rusların əlində deyil, problem beynəlxalq səviyyədədir. Özü də bir siyasətçi üçün Qarabağ münaqişəsinə 90-cı illərin prizmasından baxmaq yerində saymaqdan başqa bir şey deyil. Eks-prezidentə xatırladıram ki, 21-ci əsrdə Rusiya Kırımı tamamilə işğal edib, Ukraynanın ərazisində Luqansk və Donetsk adlı iki qondarma “dövlət” yaradıb. Deməli, maraqlar başqadır. BMT-nin kimin ərazi bütövlüyünü tanıyıb-tanımamasının, beynəlxalq təşkilatların dövlətlərin ərazi bütövlüyü haqqında verdikləri bəyanatların heç bir səmərəsi yoxdur. İndi beynəlxalq aləmdə tanınmış bir çox siyasətçilər də etiraf edirlər ki, dünya yenidən bölünür. Böyük dövlətlər arasında hansısa gizli sövdələşmələr gedir. Rusiya daha çox pay qoparmaq istəyir. Bu ölkə ərazi bütövlüyü və sərhəd tanımır. İstədiyini zəbt edir, ona tabe olmayanların ərazisində isə süni münaqişələr yaradır. Amma bütün bunların nə ilə sonuclanacağını bilmək olmaz. Vaxt vardı, Rusiya Bakı-Tiflis-Ceyhan layihəsinin həyata keçməməsindən ötrü min bir oyuna əl atırdı. Qonşumuz İranın vermədiyi bəyanat qalmamışdı. Amma layihə gerçəkləşdi və bu gün də işləyir. Açıq deyək, şimal qonşumuz TAP və TANAP-ı da istəmir. Lakin işlər görülür, artıq 2018-ci ilin sonlarında “Şahdəniz” qazı Türkiyəyə çatacaq. Doğrudur, o vaxtadək nələrin baş verəcəyini tam proqnozlaşdırmaq çətindir. Amma indi aparılan neft-qaz siyasəti bu projenin gercəkləşəcəyinə inam yaradır.

Mən Azərbaycanın Rusiya ilə siyasi və iqtisadi münasibətlərinin inkişafında maraqlıyam. Şimal qonşumuz regional gücdür, onun ambissiyaları dünyada heç də az rol oynamır. Lakin Rusiyada üç milyon azərbaycanlının olması, bu ölkənin hərbi gücü və böyük xammal ehtiyatları o demək deyil ki, biz yalnız bu faktorlara əsaslanıb xarici siyasət quraq. Axı dünyada fövqəlgüc və onun ətrafı da var. Ona görə də xarici siyasətimizi təkcə bir ölkənin üzərində qurub və onun maraqları ilə hərəkət etməklə səhv addım atmış olarıq.

Qarabağ məsələsinə gəldikdə isə, bəli, bu qondarma respublikanın söykənəcəyi yer yalnız Rusiyadır. Elə ötən ilin aprel döyüşləri də bunu göstərdi. Əgər Moskva Azərbaycan ordusunun irəliləməsindən narahat deyildisə, niyə təkidlə Azərbaycan rəhbərliyindən müharibənin dayandırılmasını xahiş edirdi? Çünki ikibaşlı rol oynanılırdı. Ötən ilin aprel müharibəsi zamanı Rusiya Ermənistana həm də belə bir mesaj verdi ki, başsız qalsan, yox olarsan.

Cənab eks-prezident Azərbaycanın gələcəyini yalnız Rusiya ilə birlikdə görürsə böyük səhv edir. Bu elə Vladimr Jirinovskinin dediklərini təkrarlamağa bənzəyir. Nə edək, Ermənistan kimi siyasi və iqtisadi baxımdan Moskvanın qucağındamı oturaq? Bakı quberniyasınamı çevrilək? Mənə ən çox təsir edən budur ki, Ayaz Mütəllibov tarix boyu başımıza gələn bəlaların çoxunda rus izinin axtarılması və Rusiyanın tənqid olunması barədə jurnalistin sualına cavab verərkən qeyd edir: “Xalq bu saat bir tikəsinin hayındadır. Xalqın belə fikirləri yoxdur. Bu, bəzi siyasətçilərimizin iddialarıdır. ” Qətiyyən belə deyil. Mən heç kəsin adından danışmıram. Amma xalq 20 Yanvarın, Xocalı soyqırımının, ərazilərimizin işğal olunmasının səbəbkarını məndən və cənab eks-prezidentdən də yaxşı tanıyır. Ən azından şəhidlərimizə və onların ailələrinə hörmət qoymağı bacaraq, dünyaya 21-ci əsrin gözü ilə baxaq.

Bir tikə çörəkdən irəli olan AZAD VƏTƏN də var!

Müqəddəs Mehdiyev “Şimal xəbərləri” qəzetinin baş redaktoru

interposta.info təqdim etdi!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26