Interposta.Info

"Vətəndaşımızın ermənilərin əlinə düşməsi onlar üçün unikal bir şansdır" —

Ölkə
 2-02-2017, 17:08     711

"Vətəndaşımızın ermənilərin əlinə düşməsi onlar üçün unikal bir şansdır" —

Ermənistan tərəfi hərbçimizin əsir düşdüyünü, Azərbaycan tərəfi isə həmin şəxsin hərbçi olmadığını deyir.

Ermənistan mətbuatında yayılan bu xəbərdən dərhal sonra Azərbaycan müdafiə nazirliyi ard-arda iki bəyanat yaydı. Hər iki bəyanatda isə əsir düşən şəxsin hərbçi olmadığı deyildi. Maraqlıdır ki, əsir düşdüyü deyilən Elnur Hüseynzadənin yaxınları onun hərbçi olduğunu deyirlər.

interposta.info bildirir ki, Baş verən hadisə ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:

"Belə başa düşürəm ki, Müdafiə Nazirliyi çoxdandır ictimaiyyətin və jurnalistlərin suallarına cavab vermək üçün darıxıb. Elnur Hüseynzadə ilə bağlı iki açıqlama veriblər, o açıqlamalarda kifayət qədər suallar var və o suallara aydınlıq gətirilməlidir. Azərbaycan ictimaiyyəti dünəndən gərgin və əsəbi bir vəziyyətdədir.

Müharibədə ölüm, itim ola bilər, ancaq məlumatın bu şəkildə verilməsi əsla yolverilməzdir. Müdafiə Nazirliyi bildirir ki, Elnur Hüseynzadə hərbi qulluqçu deyil, ancaq onun yaşadığı kəndin icra nümayəndəsi və ailəsi deyir ki, o hərbçidir. Hətta o, mülki adam olsa belə Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının erməni hərbçiləri tərəfindən girov, ya da əsir götürülməsi istənilən halda anlaşılan deyil. Müdafiə Nazirliyi bu məsələlərlə bağlı bəzi açıqlamalar verməlidir. Əsgərimiz Çingiz Qurbanovun nəşi 40 günə yaxındır ki, ermənilərin əlindədir, bu müddətdə daha bir Azərbaycan vətəndaşının ermənilərin əlinə keçməsi çox pis haldır.

Görəcəksəniz, bir neçə saatdan sonra erməni təbliğat maşını işə düşəcək və elə bir hay-küy qaldıracaq ki, onun altından çıxmaq mümkün olmayacaq. Vətəndaşımızın ermənilərin əlinə düşməsi onlar üçün unikal bir şansdır. Psixoloji və fiziki təzyiq altında Elnur Hüseynzadədən istədikləri ifadəni alacaqlar, videoya çəkib dünyaya yayacaqlar. Ermənilər bunu edəcəklər.

Hesab edirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi kimliyindən asılı olmayaraq çox ciddi araşdırma aparmalıdır. Bu məsələdə kimin günahı varsa, həmin şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Elnur Hüseynzadənin girov götürülüməsi, əsir düşməsi elə bir ərazidə baş verib ki, o əraziyə ötən ilin aprel ayına qədər ermənilər nəzarət edirdilər.

Yaxın saatlarda bu məsələ ilə bağlı Müdafiə Nazirliyi mütləq geniş açıqlama verməlidir. Hesab edirəm ki, dünəndən bu günə verilən iki bəyanat Müdafiə Nazirliyinin mətbuat xidmətinin çox səriştəsiz, qeyri-peşəkar bir yanaşmasıdır. İki dolğun olmayan bəyanatın ardıcıl verilməsi güc sturukturu kimi Müdafiə Nazirliyinin adına yaraşmır. Düşmənlər bundan istədikləri kimi istifadə edəcəklər".

Qeyd edək ki, ötən ilin dekabr ayının 29-da ermənilərin əlinə keçən Çingiz Qurbanovun nəşi hələ də ermənilərin əlindədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26