Interposta.Info

Apellyasiya Məhkəməsində müəmmalı oyunlar,

Ölkə
 18-01-2017, 18:34     3 255

Hakim Faiq Qasımov özünün banka olan 150 min manat kredit borcunun ödətdirilməsi qarşılığında “Real MTK”nın 15 il azadlıqdan məhrum edilmiş təsisçisi İlham Qasımovu şərti cəza ilə azadlığa buraxmaq istəyir…
Apellyasiya Məhkəməsində müəmmalı oyunlar,…İlham Qasımov! Bu ad bir müddətdir ki, ölkə mediasının və hüquqşünas-vəkillərin, həm də MTK dələduzluğundan təngə gəlmiş minlərlə zərərçəkən-vətəndaşların dilindən düşmür. O, “Real MTK”-nın təsisçisi olub. Amma xroniki xarakter almış mənzil fırıldaqçılığına görə rəhbəri olduğu MTK-nın başına yekə bir daş salıb… İndi bu MTK-nın adı yalnız dələduzluq ifadəsi ilə qoşa çəkilmir.
İlham Qasımov həm də ona inanıb üz tutmuş yüzlərlə təzə mənzil arzulu insanların bu müqəddəs və nakam arzularını gözlərində qoyub, onların ümidlərini bir kor quyuya salıb. İndi yüz ağıllı, daha doğrusu, neçə-neçə məhkəmə hakimləri, müstəntiq və prokurorlar, vəkillər… belə ha çalışsa da, onu bu quyudan çıxara bilmirlər… Elə həm də İlham Qasımovun özünü düşdüyü 15 illik dərin və qaranlıq bir quyudan…


Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovdan görünməmiş separat sövdələşmə?

Atalar deyib ki, özü yıxılan ağlamaz… İlham Qasımov da ağlamır, amma yüzlərlə mənzil almaq istəyən vətəndaşların özlərini və anasını ağlar qoyub… İş o yerə çatdı ki, sözün yaxşı mənasında Allah adamı olan tanınmış şair və xeyriyyəçi Gülağa Tənhanı da aldatmaq eşqinə düşdü. İlahi, Allaha bir köynək yaxın adamı da aldadarlar??? Amma o aldatmasa da, bu eşqə düşdü və Gülağa Tənhanın ona inam və etibarını unudub 19,5 milyon dollar puluna göz dikdi.

Hansı ki, həqiqətən də adamın inanmağı gəlmir ki, adam da inanıb etibar göstərən adama kələk gəlmək istəyərdimi?

***
…İndi İlham Qasımovun başqa istəyi də var. Bu isə ondan ibarətdir ki, o, dələduzluq əməlinin nəticəsi kimi, yüzlərlə vətəndaşın qanuni mənafelərinə ağır zərbə vurduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Zeynal Ağayevin sədrliyi ilə) hökmü ilə 15 il azadlıqdan məhrum edilsə də, indi bu cəzadan narazıdır, özünün qazıb-düşdüyü quyudan çıxmaq istəyir… Və bu quyudan çıxmaq üçün kəndir lazımdır, o kəndir isə Gülağa Tənhadadır. Amma… “Əmma” ondadır ki, bu yaxınlarda İlham Qasımovun vəkili Səyyad Məmmədov mətbuat konfransı keçirərək bəyan etdi ki, “İttihamı və məhkəmə hökmünü əsassız hesab edirik. İlham Qasımova qarşı cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən başlanılıb. Guya İlham Qasımov “Real MTK”-nın təsisçisi olanda Gülağa Qəmbərov İlham Qasımova tikinti işləri üçün milyonlarla manat pul verib…”.
Vəkil daha sonra deyib ki, onlar bu hökmdən apellyasiya şikayəti verəcəklər: “…Bu, tam əsassız iddiadır və təəssüf ki, məhkəmə də İlham Qasımovla bağlı əsasszız qərar çıxardı. Başqa bir qanunsuzluq ondan ibarətdir ki, məhkəmə vəkillərin iştirakı olmadan qərar çıxarıb və biz bu hökmdən apellyasiya şikayəti verəcəyik…”.
Bəli, indi məlum olur ki, İlham Qasımovun vəkili Səyyad Məmmədov bu qabaqlayıcı “sos” siqnalını niyə verirmiş…
Elə İlham Qasımova yaxın olan mənbənin elektron poçtumuza göndərdiyi məktubda bizi şoka salan faktlara rast gəldik, həm də vəkilin təxminən bir ay əvvəl qaldırdığı “həyəcan təbili”nin mesajlarına. Mənbə yazır ki, “Vəkil Səyyad Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. “Ramstore”nin yanında “Sahil-D” firması var, biz az qala hər gün bu məsələ ilə maraqlanırıq. Orada İlham Qasımovun qohumlarını gördüm. Onun ikinci arvadı olan, həyat yoldaşının xalası qızının, sevinirdilər ki, 1 aya İlham Qasımov çıxır… Onların sözündən məlum olurdu ki, vəkil Səyyad Məmmədov artıq hakimlərlə separat danışığa başlayıb. Belə ki, apellyasiya şikayəti məhkəmənin sədri İman Nağıyev tərəfindən hakimlərin üstünə yazılan kimi, məlum olub ki, bu şikayət cinayət kollegiyasında hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Hakimlər Kollegiyasının icraatındadır. Vəkil Səyyad Məmmədovun isə bu dəfə bəxti gətirir, çünki onun dostu , Kollegiya üzvlərindən biri hakim Faiq Qasımov olur. Vəkil vaxt itirmədən Faiq Qasımovla görüşür. Harada görüşdükləri də bəllidir… Məlum olur ki, Faiq Qasımovun bankda 150 min dollar kredit borcu var. O vəkilə deyib ki, siz mənim bankdakı 150 min dollar borcumu bağlayın, əlavə olaraq iki hakimin hər birinə də 100 min manat verəcəyəm və biz ya İlham Qasımovu şərti cəza ilə buraxacağıq, ya da işi qaytaracağıq Bakı Ağır Cinayətlər Məhkəməsinə… Bunun üçün hakim əl yeri də qoyub, söz verib ki, ən azı şərti cəzanın üstündə bərk duracaq… İlham Qasımovun qohumları deyir ki, artıq Faiq Qasımovun 150 minlik kreditini bağlayıblar… Gözləyirlər ki, məhkəmə başlasın və yekun qərar verilsin, hakimlərin pulu çatdırılsın… “Ramstore”nin yanında “Sahil-D” firması var, orda qohumları iki gündür ki, sevinc içindədir, bərk müzakirələr gedir…”.

Redaksiya Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə rəsmi sorğu göndərəcək…
Təbii ki, bu versiya inandırıcı görünməsə də, həm də ciddi narahatlıq doğurandır. Yada salın ki, İ.Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr tarxili hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bəs bu hökm?

Bəs Dövlət İttihamçısının məhkəmə çıxışı???

Bütün bunlar əsas verirmi ki, vəkil hakimlərlə birləşib “150 minlik” qərarın ərsəyə gəlməsi üçün çabalar etsin, hüquqi tutalqalar axtarılsın?

Məsələ ilə bağlı redaksiya Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə rəsmi sorğu göndərəcək… Sorğuda hələki ictimailəşdirilməsinə zərurət görmədiyimiz bəzi suallara aydınlıq gətirilməsi xahiş olunur.

Hakim Faiq Qasımovun adı niyə pis hakimlər siyahısındadır?

Biz kiçik bir araşdırma apardıq. Məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov 1985-ci ildə Saratov Hüquq İnstitutunun hüquq fakültəsini bitirib.
1992 – 2000-ci illərdə Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi, 2000 – 2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi işləyib və 2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir. Lakin onun bəzi qanunsuz qərarları hakim reputasiyasına təsirsiz ötüşməyib. Məsələn, ölkə mediası hələ 2015-ci ildə məlumat verb ki, Azərbaycandan olan bir sıra məmurlara qarşı sanksiyaların tətbiq edilməsi barədə ilkin razılığa gəlib. Bu barədə məlumat “Azərbaycan saatı” proqramının son sayında verilib. Məlumata görə, bu məmurlar insan haqlarının pozulmasında birbaşa iştirakı olan hakimlər və prokurorlardır. İlkin siyahıya 31 nəfərin adı daxildir. Təəssüflər olsun ki, bu siyahıda Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun da adı var.
Bundan başqa, 2004-cü ildən etibarən Sülh və Demokratiya İnstitutu Azərbaycanda məhkəmə sisteminin monitorinqini həyata keçirib, müxtəlif məhkəmə proseslərinin təhlilini prosesin və çıxarılmış hökmün ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına, xüsusən İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu haqqında ekspert şərhləri ilə birlikdə KİV-də dərc edir. 2012-ci ilin yekunlarına görə “zolaqlı mantiya” üçün təqdim edilmiş hakimlərin adları siyahısında yenə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun adı keçir.

“Od olmayan yerdən tüstü…”, gizli sövdələşmə olmayan yerdən isə qanunsuz məhkəmə qərarı çıxmaz…
Bəli, atalar deyib ki, “Od olmayan yerdən tüstü çıxmaz!”. Açması budur ki, o yerdən tüstü çıxır ki, orada tonqal qalansın, yəni od olsun… Amma yuxarıdakı fakt və məlumatlardan belə başa düşmək olar ki, hakim Faiq Qasımov dələduzluğuna görə 15 il azadlıqdan məhrum edilmiş İlham Qasımovun məsələsində gerçəkdən od ilə oynayır və bu məsələdə də artıq “tüstü” görünməkdədir… “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununda hakimin peşə etikası kodeksi var… Hər halda, Bakı Apellyasiya Məhkəməsinin sədri, çox hörmətli İman Nağıyevin ictimai rəydə inamlı imici yuxarıda deyilənlərin doğru olmayacağı ümidini yaradır. Çünki Azərbaycanda (müqayisə yerinə düşməsə də), bəlkə də yeganə məhkəmə instansiyasıdır ki, hakimlərin peşəkarlığı və ədalətli qərarı daim diqqət mərkəzindədir. Bu dəfə də onun canlı şahidi olmaq istəyən minlərlə mənzil fırıldaqçılığından əziyyət çəkmiş insanlar var. İnsanda isə inam və ümid ən sonda ölür. Bakı Apellyasiya Məhkəməsi rəhbərliyinin ədalətliliyinə və obyektivliyinə isə sonsuz inam və ümid varsa, əlavə şərhə ehtiyac qalırmı???
Mövzuya qayıdacağıq və hakim Faiq Qasımovun da mövqeyini təqdim etməyə hazırıq…

Həsən Zamanlı
(Pravdainfo.org)
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

interposta.info

Apellyasiya Məhkəməsində müəmmalı oyunlar,

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26