Interposta.Info

.

Ölkə
 13-01-2017, 22:54     490

.

Prezidentin İslam Həmrəyliyi İli ilə bağlı sərəncamı bütün müsəlman aləminə ciddi bir mesajdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ilin İslam Həmrəyliyi İli adlanması barədə sərəncam verdi. Maraqlı sərəncamdır, həm də çox əhəmiyyətli. Multikultural ölkə kimi tanınan Azərbaycanın dövlət başçısı Yaxın Şərqdə gedən müharibələr fonunda, bəzi ölkələrdə islamafobiyanın olduğu dövrdə bir daha müəyyən dairələrə ciddi mesaj verir.

Həm də nəzərə alaq ki, bu ilin yazında Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Prezident sərəncamı istər ictimai, istərsə də siyasi baxımdan çox əhəmiyyətlidir. Təbii ki, bu sərəncamla bağlı ölkədə bir sıra tədbirlər keçiriləcək. Elmi-praktik konfranslar, seminarlar, beynəlxalq səviyyəli yığıncaqlar və s start götürəcək. Elə bunun özü həm də dini maarifləndirmədir. Bu isə bizə çox gərəkdir. Torpaqlarının iyirmi faizi işğal olunmuş bir ölkədə islam və vətəndaş həmrəyliyi çox vacibdir. Heç kəsə sirr deyil ki, dünyada bizi istəməyən müəyyən güclər və qüvvələr də mövcuddur. Onlar Azərbaycandakı sabitliyi həzm edə bilmirlər. Prezident isə çox düşünülmüş və planlı qaydada belə qüvvələrin niyyətlərini heçə endirir.
Biz müsəlman ölkəsiyik. Bununla bərabər dünyəvi prinsiplərin hakim olduğu bir məmləkətik. Bu gün islam birliyinə çox böyük ehtiyac var. Dinimizin vətəndaşlarımıza düzgün və elmi şəkildə çatdırılması, müxtəlif radikal dini qruplaşmaların islamı öz istəklərinə uyğun təbliğinə ciddi zərbədir.
İslam dini sülh və əmin-amanlıq dinidir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri yaxşı gündə də, dar gündə də bizimlə bir sıradadırlar. Bu uğurla aparılan dövlət siyasətinin nəticəsidir. Bax, elə cürbəcür rəngli inqilablar törədənləri də narahat edən budur. Onlar çox istərdilər ki, boş və mənasız söz yığnağından ibarət hesabatlarında Azərbaycanı bu baxımdan da hədəf götürsünlər. Edə bilmirlər. Çünki Azərbaycanda aparılan dövlət siyasəti belələrinin arzularını ürəklərində qoyur. Məncə 2017-ci ildə hər bir vətəndaş prezident sərəncamından irəli gələn vəzifələrin icrasında fəal olmalıdır. Söhbət xüsusilə ziyalılarımızdan gedir. Onlar dini cameə qarşısında cəsarətlə və çəkinmədən bu məslələr haqqında danışmalıdırlar.
İslam dini geriliyə və cəhalətə aparan bir din deyil. 21-ci əsrin öz qaydaları var. Biz islamı həyatımızda modernləşmiş üsulda yaşamalıyıq. Yaxın Şərqdə və Türkiyədə gedən proseslər göstərir ki, ciddi səhvlər buraxılıb. Suriyada heç kimin kiminlə döyüşdüyü belə bəlli deyil. Zəngin neft və qaz yataqları uğrunda mübarizə aparan böyük güclər islamdan və müxtəlif dini qruplaşmalardan bir alət kimi istifadə edirlər. Çalışırlar ki, nəyin bahasına olursa-olsun dinimiz gözdən düşsün, Yaxın Şərqdə enerji resursları uğrunda apardıqları müharibəyə ədalət donu geyindirsinlər. Biz terrorun əleyhinəyik. Dünyada hamı terroru lənətləyir. Çünki terror günahsızların qətliamıdır. İstər ABŞ, istər Qərb olsun, harada terror varsa orada sabitlik yoxdur. Amma mənə elə gəlir ki, xristian ölkələrində terror aktları törədənlərin arxasında duranların dini mənsubiyyəti ciddi araşdırılmalıdır. Adama elə gəlir ki, sanki dünyada bir maraq var: Necə olursa-olsun islam dinini terrorun əsas mənbəyi kimi göstərsinlər.
Terrordan danışmışkən, nədənsə heç vaxt beynəlxalq təşkilatların yadına Xocalı soyqırımını törədən, ölkəmizdə, Türkiyədə, dünyanın bir sıra ölkələrində terror aktları həyata keçirən “ASALA” və “Daşnaksütün” partiyası düşmür. Bir milyon insanı qaçın və məcburi köçkünə çevirən erməni daşnakları hətta prezident də seçilirlər. İstədikləri vaxt öz xalqlarına qarşı belə silah işlədirlər. Beynəlxalq təşkilatların nəyə görə susduqlarını əslində əla bilirik. Ermənilər oyuncaqdırlar da, kim istəyir götürüb qucağına oynadır.
Cihad edənlər haqqında müxtəlif söz-söhbətlər gedir. Hərə buna bir don geyindirir. Bu yaxınlarda Suriyada Yunus peyğəmbərin(s.a.v) qəbrini partlatdılar. Mən inanmıram ki, bütün peyğəmbərlərə, o cümlədən, Qurani- Kərimdə adı keçən Yunus peyğəmbərə (s.a.v) böyük hörmətlə yanaşmağı tələb edən islam dininin əsl daşıyıcısı belə hərəkətə yol versin. Və yaxud islamı elmi səviyyədə dərk edən bir şəxs Azərbaycandan gedib Suriyada özünü partlatsın və adını da qoysun cihad.
Yadıma bir məsələ düşdü. 99-cu ilin axırları və 2000-ci ilin əvvəllərində Şimali Qafqazda, xüsusilə də, Çeçenistanda və Dağıstanda vəziyyət ağır idi. Terror aktları ara vermirdi. Həmin vaxt Dağıstanda səfərdə idim. Bir dövlət rəsmisi dedi ki, ərəb ölkələrindən xüsusi hazırlanmış psixoloqların ərazimizə keçməsi haqqında məlumat əldə etmişik. Millətlərini bilmirik. Məlumata görə, onlar radikal qruplaşmaların bəzi üzvləri üzərində təcrübə aparırlar. Psixoloji üsullarla onları terror aktları törətməyə göndərirlər. Bu həmin vaxt idi ki, Rusiya az qala açıq bazara dönmüşdü. Kim bu ölkədə nə istəyirdi, onu da edirdi. Bilmirəm həmin dövlət məmurunun verdiyi informasiya nə dərəcədə doğrudur, amma həqiqətə də oxşayır. Ağlı başında olan, normal və müasir düşüncəli heç bir şəxs üstünə bomba qoyub özünü partlatmaz, günahsız insanları öldürməz və hesab etməz ki, bununla da Allah cənnət qapılarını üzünə açır.
Bəli, bu il ölkəmizdə İslam Həmrəyliyi İlidir. Dövlət başçısının bu sərəncamı yüksək səviyyədə yerinə yetirilməlidir. Aidiyyatı qurumlardan tutmuş sıravi vətəndaşadək hər bir kəs öhdəsinə düşəni etməlidir. Təki ölkəmizdə sabit və əmin-amanlıq olsun.

interposta.info “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyevin yazısını təqdim etdi.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26