Interposta.Info

"ÇAK-ÇAKI BAŞ AĞRIDIR" - ÖTƏRXAN ELTAC

Müxtəlif / Paradoks
 22-05-2021, 15:06     2 032

Kim ağzının bağını saxlaya bilirsə, kişi adamdır, yox, əgər zəvzəklik edib ipi boşaldırsa, bizdə deyirlər ki, “filankəsin ağzına çullu dovşan yerləşmir.”
Yəni vay halına ki, filankəsin yanında bir “cik”in olsun. Küpəgirən qarı kimi biri min eləyib sırıyacaq qara camaata. Qara camaat da himə bənddi, bir hoydu-hoyduya qoyacaq ki, gəl görəsən...


Əbəs yerə deməyiblər ki, ağıllı işin gedişatını, müdrik isə mahiyyətini, nəticəni düşünür. Amma burada özünü ağıllı və müdrik kimi göstərmək istəyənlər işin əsl mahiyyətindən xəbərsiz olduqları halda hücuma keçiblər. Hələ guya deputatın varlığından bu günəcən xəbəri olmayan bir “qələm əhli” bir az özünü ağıllı göstərmək üçün məsləhətlər verməyə cəhd eləyib. Yəni tanımadığı adam haqqında fikir söyləmək bir yana, məsləhət də vermək etik normaları aşmağa bərabərdir. A bala, bir əvvəlcə düşün, tanımadığın deputatın adını, soyadını əzbərlə, fəaliyyətinə bir ekskursiya elə ki, üç cümləlik “məsləhətində” iki dəfə ayrı-ayrı soyadlarla təqdim etməyəsən.
Əsas məsələyə keçməzdən əvvəl qeyd eləyim ki, haqqında danışdığımız deputatımızla nə bir tikə çörək kəsmişəm, nə bir qurtum suyunu içmişəm, nə yanında gözükölgəli deyiləm, nə onun mənə borcu var, nə də mənim ona. Sadəcə bir-iki dəfə tədbirlərdə əl tutub görüşmüşük, vəssalam.
Amma həm bir Laçın sakini kimi, həm də bir qələm əhli olaraq deputatımızın fəaliyyətini addımbaaddım izləmişəm. İstedadı, qabiliyyəti, bacarığı, diribaşlığı, səmimiyyəti və mehribanlığı ilə tək seçicilərinin yox, bütün rayon əhalisinin (doğruya mız qoyanları çıxmaq şərtilə) hörmətini qazana bilib. MM-də bir çox qanun və qərarların həyata keçməsində verdiyi töhfə kifayət qədər qiymətləndirilib.
O ki qaldı Laçındakı qonaqlığa... Dəyərli ziyalımız Arif Məmmədli demişkən “mağara düşüncəlilər” sivil dünyanın innovasiyasını görməz. Cox təəssüf ki, daş dövrünün təfəkkürü ilə yaşayanlar hələ də az deyil.
İşğaldan yeni azad olmuş kənd... hicranın vüsala qovuşduğu gün... bulaq başı... Əsl bayram günüdür. Elə deyilmi?! Axı neçə ildi həsrətindəyik! Qəlbində yurd sevgisi göyərdən insanlar bu bayram günündə hər kəsin ayaq basa bilmədiyi müqəddəs torpağa səfər etdisə, yalnız qürur duymaq lazımdır. Qürur isə hər vücudda kök salmır. Gərək insani keyfiyyətlər, şəhvani hissləri üstələsin ki, ilahi duyğular süzgəcindən keçə bilsin.
Dükansız, bazarsız, restoransız, kafesiz və ev-eşiksiz bir ərazidə, - xarabalığa çevrilmiş bir kənddə, - bulaq başında Laçın eşqinə badə qaldırılıbsa, ƏHSƏN! LAÇIN, LAÇIN deyə gələn qonaqlar üçün 18 may günü süfrə açılıbsa, ƏHSƏN! Acı günlərin acığına Laçına dönüşümüzü qutlayıblarsa, ƏHSƏN!
Ay vətənşüvənlər, qarı düşmən ata-babamızın məzarını dağıdanda niyə susurdunuz?! Şəhidlərimizin qəbrini açıb qızıl dişlərini sökən ermənilər üçün niyə dillənmirdiniz?! Niyə əsir balamızın başını kəsib futbol oynayanlar üçün səsinizi qaldırmırdınız?! Niyə körpə balamızı süngüyə keçirən düşmənlərə qarşı sosial şəbəkələrdə kampaniyalara qoşulmurdunuz?! 30 il bizi isti ocağımızdan didərgin salan qarı düşmənə qarşı hansı uğurlu addım atmısınız, ey qarışqadan fil düzəldənlər?!
Zatən dəyirman öz işindədir.

O ki qaldı bulaq məsələsinə... Ora şəhid bulağı deyil axı. Uzun illər öncə, dünyanın düz vaxtında Humay kişi əlinin zəhməti ilə ərsəyə gətirdi ki, camaat əziyyət çəkməsin. Kənd işğal altına keçəndən sonra erməni dığasının leşini o ətrafda quyuladılar. Özləri üçün dırnaqarası ziyarətgah düzəltdilər. Qoç oğullarımızın sayəsində kənd azad olandan sonra hansısa bir şəhidimizin ruhunu orada şəkilləndirmək böyük qürurdu. Və bu şəkil qarşısında ağlamaq, sızlamaq, sıtqamaq, vay-şüvən qoparmaq deyil, əzmlə, vüqarla dayanıb: “ruhun şad olsun şəhidim, sənin sayəndə döndük ocağımıza, sənin sayəndə ana yurdumuz qarı düşməndən təmizləndi, sənin sayəndə ata ocağımızda ocaq çatdıq, alnımız açıq, üzümüz ağdır daha” deməliyik. Elə deyilmi?!
Haqqı qova-qova namərd eləməkdənsə, haqqı nahaqdan ayırmağı bacarmalıyıq. Sözümün bu yerində yadıma düşən bir əhvalatı xatırlatmaq istərdim.
“Bir gün dini təhsil alan bir tələbə avtobusdan düşərkən cibində pulun olmadığını görüb utana-utana: “sürücü qardaş, üzürlü sayın, yaddan çıxıb pul götürməmişəm, ölənlərinizin ruhuna dua oxuyaram.”
Sürücü əsəbləşib tələbəni danlayır, duanı da lənətləyir.
Tələbə kor-peşman payi-piyada qayıdır müəlliminin yanına.
-Müəllim, daha mən buralarda qalmayacağam, məktəbi atıb gedirəm vətənimə.
-Niyə, ay oğul, axı sən ən sevimli və ən istedadlı tələbəmsən, nə baş verib ki?
Tələbə:
-Bir duanın dəyəri 20 qəpiklik avtobus biletindən ucuzdursa, mən daha oxumayacağam.
Müəllim arif adamdı. Söhbətin nə yerdə olduğunu dərhal anladı.
-Yaxşı, ay oğul, əgər gedirsənsə, səni dayandırmayacağam, amma qarşı dağda bir çoban var, get ondan iki qoyun al gətir mənə, sonra gedə bilərsən.
Tələbə razılaşır.
Obaşdan bir neçə ləl götürüb gedir dağa. Sürünün içindən ikisini seçib ayırır. Ləli çobana verir ki, pulunu çıxsın. Ləl görməyən çoban az qalır ki, tələbənin başını yarsın.
-Utanmırsan, bu daş parçası düzlərlə doludur. Deyəsən adam tapmadın hərifləməyə.
Tələbə kor peşman qayıdır müəllimin yanına.
Vəziyyətdən xəbərdar olan müəllim bu dəfə tələbəni göyərti almaq üçün göndərir, yazıq tələbə yenə də əliboş geri dönür.
Növbəti dəfə tələbə ləli götürüb gedir zərgərin yanına ki, xırdalasın. Zərgər ləli qiymətləndirəndən sonra: “Oğul, bu bir zənbil pulu götür, sabah da gəlib qalanını apararsan”. Tələbə zənbili götürüb geri qayıdır. Və bir miqdar pul götürüb qoyun almağa gedir. Çoban pulları görən kimi: “hə, bu başqa məsələ” deyir.
Qoyunları götürüb geri dönən tələbə sual dolu baxışlarını müəllimə dikir.
-Oğul, burada heç bir sirr yoxdur, çobanla göysatan ləlin dəyərini bilmədiyi kimi, sürücü də duanın dəyərini bilməz. Əbəs yerə deməyiblər ki, zərin qədrini zərgər bilər.”
Deyilənə görə, hikməti anlayan tələbə ta geri dönməkdən imtina edir.
Deputatın hansı insani keyfiyyətlərə sahib olduğunu bilməyənlər, ləl ilə adi daşı bir-birindən ayırmayanlar, duanın dəyərini gediş haqqından ucuz tutanlar haqqı nahaqdan seçə bilməzlər. Vəssalam!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26