Interposta.Info

Mircəlal Paşayevin evində saxladığı kənd uşağı Ələkbər Tağıyevlə necə dost olmuşdu? - Müharibədə "itən" şair

Müxtəlif
 14-08-2017, 15:29     10 897

"QALMAĞA YERİMİN OLMADIĞINI BİLƏNDƏ, MƏNİ EVİNƏ APARDI, SONRADAN BİLDİM Kİ, BU, MİRCƏLAL PAŞAYEVDİR. BİR NEÇƏ AY ORADA QALDIM...”

Maşallah Məftun adı indi yəqin ki, əksəriyyət üçün tanış deyil. Lakin bir az orta və yaşlı nəsil yaddaşını bir balaca qurdalasa, onunla bağlı xeyli maraqlı məqamlar xatırlayar.


M. Məftun 1956-cı ilin fevral ayının 23-də Yardımlı rayonunun Horavar kəndində anadan olub və sözügedən kənddə böyüyüb. Şeirə həvəsi olub və gözəl şeirlər müəllifidir. Şeirə həvəsi də ona maraqlı bir tale yolu bəxş edib. Şeir yazdığı üçün atası tərəfindən döyülüb, daha sonra isə görkəmli bəstəkar və yazıçıyla tanış olub, "Qızıl qələm” mükafatı laureatı olmağa kimi yüksəlib. 90-ların əvvəlində isə qələmi atıb və silaha sarılaraq cəbhəyə yollanıb. 20 il vətənə xidmət etdikdən sonra ordudan təxris olunub.

BakuPost.az-ın əməkdaşı AYB və AJB-nin üzvü,"Qızıl qələm” mükafatı laureatı, onlarla şeir və publisistik kitabın müəllifi, Qarabağ Müharibəsi veteranı Maşallah Məftunla söhbətləşib. Oxucular üçün də xeyli maraqlı olacağını nəzərə alıb, həmin müsahibəni təqdim edirik:

- Maşallah müəllim, sizdə şeirə həvəs hardan yaranmışdı?


- Gözümü açandan evimizdəki kitab rəfində Səməd Vurğun, Hüseyn Cavid, Mircəlal Paşayev, Süleyman Rüstəm, Süleyman Rəhimov, Bayram Bayramov, Mirzə İbrahimov kimi böyük ədiblərin kitablarını görmüşəm. Elə ədəbiyyata marağım kiçik yaşlarımdan başlayıb. Hələ 5-ci sinifdə oxuyan zaman ilk şeirim Yardımlı rayonun "Yeni kənd” qəzetində işıq üzü gördü. Anamdan ədəbiyyatı öyrəndim, təmizliyi-saflığı öyrəndim. İlk öncə sözün hikmətini dərk etdim. Ədəbiyyata gəlməyimin başlıca səbəbkarlarından biri də elə anam olub. Radioda Məhluqə Sadıqovanın dilində səsləndirilən "Bulaq” verilişinə qulaq asmağı ilk dəfə anam mənə buyurub. "Bulaq” verilişinə qulaq asdıqca, xalq artisti Məhluqə Sadıqovanın saf kəlamları eşitdikcə saflaşırdım, beynimə yeni-yeni ideyalar gəlirdi.

- "Məftun” ləqəbi haradan gəlir?


- Hələ 7-ci sinifdə oxuyanda İmaməddin Nəsimiyə şeir yazmışdım. O şeir çap olunmasa da, rayonda əl-əl gəzirdi. Atam dindar idi, rayonda onu görənlər deyiblər ki, oğlun Allahsız şair Nəsimiyə şeir yazıb? Atam işini yarımçıq qoyub 10 kilometrlik yolu evə qayıtmışdı. Çatan kimi əlindəki qırmancla var gücü ilə kürəyimə çəkib "rədd ol gözümdən, indi də Allahsızlara şeir yazırsan?” dedi. Qarlı qış gecəsi idi, yerdə yarım metrədək qar vardı. 12 kilometr aralıda yaşayan dayımgilə getməli oldum. Arxadan qarın işığında bir qaraltı gəlirdi. Sən demə, anam imiş. O məni tək buraxmadı. Anamla birgə dayımgilə gəldik. Bizim Horavar kəndində küsmək 3 gün çəkir. Sonra hər şey yerini tapdı. Sözsüz ki, bu əhvalat bütün rayona, kəndə-kəsəyə yayılsa da, istedadıma bələd olanlar dedilər ki, o şeirə məftundur, o bu sənətdən əl çəkməyəcək. Yəni "Məftun” ləqəbini elə o vaxt xalq mənə verdi.
Mircəlal Paşayevin evində saxladığı kənd uşağı Ələkbər Tağıyevlə necə dost olmuşdu? - Müharibədə "itən" şair


- O vaxt yəqin, dəbdə olan ədəbi dərnəklərdə də olmusunuz?


- Hələ 8-ci sinifdə oxuyarkən rayondan Bakıya, xalq şairi Söhrab Tahirin Sabir adına kitabxanada keçirdiyi ədəbi dərnəkdə iştirak edirdim. Elə o illərdən də ədəbi müzakirələrə qatıldım və Söhrab Tahirin vasitəsi ilə xalq şairi Süleyman Rüstəmlə tanış oldum. Poeziyaya vurğunluğum bu insanlarla tanışlıqdan sonra daha gücləndi. 9-cu sinifdə oxuyarkən atam bərk xəstələnmişdi və Respublika Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı. Atamın həkimi isə tanınmış cərrah, professor Səməd Tağıyev idi. Mənim rayon qəzetində dərc olunmuş şeirlərimi atam ona vermişdi. Sonradan şeirlərimi bəyənən professor rayona məktub yazıb Bakıya - onun yanına gəlməyimi xahiş etmişdi. Gəldim və görüşdüm. Məlum oldu ki, professorun qardaşı Ələkbər Tağıyev bəstəkardır, mənim şeirlərimin bir neçəsinə mahnı bəstələmək istəyir. Professor dedi ki, bir saatdan sonra iş vaxtı qurtarır, mənimlə bizim evə gedəcəyik. Düzü, utandım. Bir az tərəddüd etdimsə də, belə bir alicənab insanın sözünü yerə salmadım və onunla getməli oldum. Yenicə çay içirdik, birdən qapının zəngi çalındı və evdə qızlardan biri sevinə-sevinə "əmim gəldi” deyib qapını açdı. Səməd Tağıyev özü də qapıya yaxınlaşıb gələn qonağı qarşıladı. Onu eşitdim ki, "Ələkbər, səninlə tanış etmək üçün xəstəmin oğlu olan gənc şairi gətirmişəm, özü də Yardımlıdandır, çox maraqlı oğlandır”. Böyük bəstəkarla tanışlığımız belə başladı. Bəstəkar şeirlərimi dinlədi və mənə məsləhət bildi ki, orta məktəbi bitirəndən sonra Bakıya ali təhsil almaq üçün onun yanına gəlim. 1972-ci ildə orta məktəbi bitirib Bakıya, Ələkbər Tağıyevin yanına gəldim. Dedi ki, Azərbaycan Dövlət Universitetinin partiya təşkilat katibi şair Aslan Aslanovla danışmışam, o sənin Universitetə qəbul olunmağına köməklik edəcək. Səhəri günü indiki Bakı Dövlət Universitetinə getdim. Səhər saat 9:00-dan axşam saat 22:00-dək Aslan müəllimin kabineti qarşısında gözlədim. Amma partiya təşkilat katibi həmin gün gəlmədi. Qonşu otaqdan çıxan bəstəboy bir kişi mənə yaxınlaşdı, qolumdan tutub məni kabinetinə apardı. Dedi ki, Aslan müəllim iş dalınca gedib, o bu gün olmayacaq, sənin haradasa qalmağa yerin var? Cavab verdim ki, xeyir. Dedi ki, onda mənimlə gedəcəksən. Təxminən "İçəri şəhər”ə yaxın bir evə getdik. Yol boyu fikirləşirdim, bu adam zahirən mənə tanış gəlir. Artıq hava qaralmışdı, gecə idi, şəhərin hansı tərəfi olduğunu bilmirdim. Qapının zəngini basdı, içəridən bir qadın səsi gəldi, kimdir? "Heç, mənəm, qonağım var” dedi. Qapı açıldı, içəri keçən kimi qapını açan qadın "Mircəlal sənsən? Sənə də qurban, qonağına da” deyəndə bildim ki, bu kişi "Bir gəncin manifesti” romanının müəllifi, sevimli yazıçımız Mircəlal Paşayevdir. Həyat elə gətirdi ki, Aslan Aslanovla görüşməyə ehtiyac olmadı. Mircəlal Paşayev mənə məsləhət bildi ki, ilk növbədə işləməliyəm. Dedi əgər burada işləsən ədəbi mühitlə daha yaxından tanış olarsan. Sonra Mircəlal Paşayev məndən kimləri tanıdığımı soruşdu. Cavab verdim ki, 4 il Söhrab Tahirin ədəbi dərnəyində iştirak etmişəm və orada Süleyman Rüstəmlə tanış olmuşam. Mircəlal müəllim tez Süleyman Rüstəmə telefon açıb, gülə-gülə dedi ki, ay Süleyman, sənin dostun mənim yanıma gəlib çıxıb. Yardımlıdan Maşallah, onun iş məsələsini birinci həll etmək lazımdır. Süleyman Rüstəm dedi, sabah Bakı Məişət Kondisionerləri Zavodunun direktoru Sənan Axundovun yanına getsin. Mən ona zəng edəcəyəm. Elə də oldu. Amma gedəndə Mircəlal Paşayev "Ev tapanadək burada qalacaqsan” dedi. Bir neçə ay burada qalası oldum. Bir zənglə həmin zavodda işə götürüldüm.

- Bəs, təhsilinizi davam etdirmədiniz?


- Artıq işləyirdim, maaşım da pis deyildi. Günlərin birində zavodun baş direktoru Sənan Axundov məni kabinetinə çağırtdırıb dedi ki, aşağıda xidməti maşınım səni gözləyir, Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov və 1-ci katib İmran Qasımovun yanına getməliyəm. Onlarla nə söhbət olacağını bilmirdim. Amma deyilən ünvana getdim. Mirzə İbrahimovun qəbul otağında məni onun köməkçisi, indiki millət vəkili, sevimli yazıçımız Elmira Axundova sədrin yanına apardı. Mirzə İbrahimov məni yarım saatdan çox sorğu-sual etdikdən sonra dedi ki, şeirlərindən xəbərim var, fəhlə şair kimi səni Moskvaya Qorki adına Dünya Ədəbiyyat İnstitutuna təhsil almağa göndərəcəyik, gərək, adımızı doğruldasan. Elmira xanıma da tapşırdı ki, Maşallahın 500 misra şeirini rusca tərcümə etsin və Moskvaya qəbul komissiyasına göndərsin. Elə həmin il instituta qəbul oldum və oranı müvəffəqiyyətlə bitirdim. Çoxlu sayda ittifaq miqyaslı qəzet və jurnallarda, almanax və qəzetlərdə rus dilində, eləcə də bir sıra başqa xalqların dillərində şeirlərim tərcümə edilərək, çap olundu, onlarca kitabım işıq üzü gördü.

- Qarabağ savaşına əlinə silah götürüb könüllü cəbhəyə gedənlərdən biri də siz olmusunuz. Şair hara, döyüş hara?


- 1990-cı illərdə Qarabağ savaşı başladı. Erməni haqsızlığına dözə bilməzdim. Süngünü qələmimdən üstün tutub döyüş bölgəsinə getdim və bir çox qanlı döyüşlərin iştirakçısı oldum. 2010-cu ildə ordudan təxris oldum.

- İndi ədəbi mühitdə çox az görünürsünüz və mətbuatda imzanız yoxdur. Niyə? Səbəb nədir?

- Qarabağ döyüşlərində iştirak, hərbi geyim mənim bütöv bir ömrümü dəyişdi. Bu gün televiziya kanallarında, eləcə də mətbuatda çalışan kifayət qədər dostlarım və tələbə yoldaşlarım var. Elə bil onlar da məni unudublar. Amma onlar bilməlidirlər ki, mən şöhrət, vəzifə dalınca qaçmadım, bu gün döşlərinə orden taxan bir sıra şairlər kimi turbinalara çıxıb yalandan döşümə döymədim. Çox qələm əhli, yazarlar dedilər ki, torpağı qoruyaq, döyüşə gedək, amma Qaradağdan o tərəfə gedən olmadı. Ancaq bir şair kimi vətənin ağır günündə səngər ömrü yaşadım. Bu gün populyar olan "Azərbaycan əsgəri” şerimi də elə o soyuq səngərdə yazmışam.

Hazırda işləmirəm. Xalqıma xidmət edən bir qələm sahibi kimi, istərdim mənə də Prezident təqaüdü verilsin. Yeri gəlmişkən, mənim xidmətlərimi hələ dəyərləndirməyiblər...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26