Interposta.Info

Qərbin texnologiya və elm sahəsində önə çıxmasının sirri

Müxtəlif
 8-04-2017, 07:24     606

Sərdar Cəlaloğlu: “Müsəlman ölkələrinin geri qalmasının əsas səbəbi Quranın elmi məntiqini dərk edə bilməməyimizdir”

Son zamanlar ictimaiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri də Qərb sivilizasiyasının, elminin müsəlman dünyasından irəlidə olması faktorudur. Elmi-tarixi məqalələrdə qeyd olunur ki, bir zamanlar Avropanın hər bir şeyi İslam mədəniyyəti qarşısında rəngini itirdi və bu hal hicrətin dördüncü, beşinci və altıncı əsrlərinə qədər davam etdi. Bundan sonra isə proses əksinə getdi və İslam mədəniyyəti illərlə tənəzzülə uğradı.
Bununla da Qərb mədəniyyəti yenidən yüksəlməyə başladı. Bildirilir ki, lakin Qərb mədəniyyəti İslam mədəniyyətinin qələbəsindən sonrakı bütün illərdə bu mədəniyyətdən qidalanmaqla məşğul olub.


Lakin bu gün reallıq bundan ibarətdir ki, bəşəriyyət üçün lazım olan texnologiya Qərb tərəfindən ixtira olunur. İmzalar içərisində türk və ya müsəlman alimlərinin adı demək olar ki, yoxdur.

interposta.info xəbər verir ki, bunun səbəbləri barəsində “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, 16-17-ci əsrə qədər islam dünyası, xristian dünyasından çox irəlidə idi:
Qərbin texnologiya və elm sahəsində önə çıxmasının sirri

“İslamın tarixinə baxsaq görərik ki, Xristian dünyası ilə İslam dünyasının bir-birini tanıması Məhəmməd peyğəmbərdən 200-250 il sonra olub. Bu zaman təbii ki, xristianlar müsəlmanları, müsəlmanlar da xristian dinini öyrənməyə cəhd ediblər. Çünki dinlər arasındakı qarşıdurma bir-birinin ideoloji əqidəsini öyrənməyə tələb edir. Ömərin zamanından müsəlmanlar başdan ayağa metafizik bilgilərlə zəngin olan yunan fəlsəfəsini oxumağa başladılar. Bu da onları əsl elmdən uzaqlaşdırdı. Xristianlar isə bunun tərsini etdilər. Yəni onlar da islam dünyasını öyrənməyə çalışdılar. 16-17-ci əsrə qədər islam dünyası, xristian dünyasından çox irəlidə idi. İslam ölkələrinin hamısında məktəb, xəstəxana, hamam var idi. Avropalılar isə ümumiyyətlə, hamamın nə olduğunu bilmirdilər. 16-cı əsrdən sonra isə Avropa birdən-birə əsaslı inkişaf etməyə başladı. Əgər Avropa ictimai fikrini öyrənsək görərik ki, 16-cı əsrə qədər İslam o cümlədən Məhəmməd peyğəmbər təhqir olunub, alçaldılırdı. Onun haqqında hər cür fikirlər səsləndirirdilər. 16-cı əsrdən sonra isə artıq Avropada Quran, İslam təbliğ olunmağa başladı. Xüsusilə də Avropanın mütəfəkkirlərində 16-cı əsrdən sonra İslama çox böyük maraq yarandı. Yəni biz onlardan antik dövrün fəlsəfi əsərlərini öyrənməyə çalışanda, onlar bizdən Quranı öyrənməyə başladılar. Antik dövrün fəlsəfəsi təbii ki, müəyyən biliklər verirdi. Eyni zamanda bu dövrün fəlsəfəsində həm də insanları həddindən artıq geriyə aparan fəlsəfi təlimlər var idi. Bunlardan da biri “hermetizm” idi. Bir çox alimlər “hermetizm”i şeytanın təlimi hesab edirlər”.

S.Cəlaloğlu bildirib ki, islam alimləri bu kimi təsirlər altında xurafata sürükləndilər:

“Qərb alimləri isə “hermetizm”dən imtina edib, Quranı öyrənməyə başladılar. Quran ən dəqiq elmləri insana öyrədən bir kitabdır. Avropanın ən böyük alimləri kəşf etdilər ki, Yer hərəkət edir. Bunun özü elə Quranda var. Eləcə də bunun kimi bir çox məsələni göstərmək olar. İndi Avropa alimləri embriologiyanı öyrənirlər, ancaq Quranda bu barədə də bildirilib. Yaxud da bu gün Qərbin texnika və texnologiyasının inkişafının əsasında duran qanunları da qeyd etmək olar ki, bunların da hamısı Quranda qeyd olunub. Misal üçün Quranda qeyd olunur ki, “ey cinlər və insanlar, siz istəsəniz Yerin və kainatın orbitindən çıxa bilərsiniz. Ancaq bunun üçün sizə əlavə qüvvət lazımdır”. 19-cu əsrdə reaktiv mühərriklər kəşf olundu və müəyyən olundu ki, kosmosun orbitinə çıxmaq üçün reaktiv qüvvə lazımdır. Bizim din alimləri isə həmin ayəni xurafata yozaraq bildirdilər ki, söhbət Yerin orbitindən çıxmaqdan yox, hansısa bir məcazi mənada insanın özündən çıxması deməkdir. Beləliklə də müsəlmanları Quranı antik dövrün fəlsəfi fikri əsasında dərk etməsi, avropalıların isə antik fəlsəfini tamamilə imtina etməsi bugünkü mənzərəni ortaya çıxardı”.

S.Cəlaloğlu bildirib ki, islamda xurafatla bağlı bütün məsələlərin əsasında qədim yunan mifologiyası dayanıb: “Beləliklə ovsun elmlərin təsirləri altında İslamın mahiyyətinə uyğun olmayan təriqətlər meydana çıxıb. Təriqətlər meydana çıxdıqdan sonra isə həm İslamın öz daxilində parçalanma oldu, həm də Qurandan ayrılma baş verdi. İnsanlar Qurana yox, şəriət şeyxlərinin kitablarına üstünlük verdilər. Onlar isə Quranı şərh etmək üçün antik dövrün miflərini oxudular. Bax bütün indiki vəziyyətin əsasında bu kimi faktorlar dayanır. Bu gün bir çox təriqətlərdə olan Qurana zidd inanc və əlavələrin hamısının mahiyyətində Yunan mifi və ya Roma çoxallahlığı dayanır. Azərbaycanda hər kəs astrologiyaya inanır. Astrologiya o deməkdir ki, guya ulduzlar əvvəllər ruh olublar. Onlar sonradan daşa çevriliblər və onların ruhu qalıb. İndi də guya göydəki ulduzların ruhu insanlara təsir edirlər. Kim hansı planetə yaxın doğulubsa, guya həmin planetin ruhu onu idarə edir. 21-ci əsrdə əgər ekstrasensdən danışılırsa, demək ki, İslam dünyası xurafatın içərisindədir. Avropanın inkişaf edən cəmiyyətində ekstrasens deyilən şey yoxdur. Bizim geri qalmağımızın əsas səbəbi, Quranın elmi məntiqini dərk edə bilməməyimizdir. Avropalılar isə bunu dərk ediblər və elmi-texnikaları inkişafdadır. Müsəlman Qurana qayıtsa, təriqətlərdən imtina etsə, müsəlman dünyası qədər güclü və inkişafda olan ikinci bir dövlət olmaz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26