Interposta.Info

.

Müxtəlif
 13-02-2017, 17:42     637

.

Yaxın illərin söhbətidir. İsveçdə yaşayıb qayıdan dostum maraqlı əhvalat danışdı. Dedi ki, yay ayları idi. Tanışlarımla birlikdə yaşadığım şəhəri dolaşa-dolaşa yad bir məhəlləyə gəlib çıxdıq. Hava da azca qaralmışdı. Səkili bir evin qarşısında üç nəfər yaşlı qadın oturub söhbət edirdi. Bizi görən kimi diqqətlə baxmağa başladılar, üzlərində qəribə ifadə yarandı. Əhəmiyyət vermədik. Məhəllədən uzaqlaşmaq istəyirdik ki, qəflətən polis maşını qarşımızı kəsdi. Bizi saxlayıb sənədlərimizi yoxladılar, xeyli sorğu-sual edərək sərbəst buraxdılar. Sonra öyrəndik ki, bir az əvvəl gördüyümüz qadınlardan hansısa bizdən şübhələnərək polisə zəng edib. Tanışlarımla bu hadisə ilə bağlı xeyli mübahisə etdik. Axırda belə qərara gəldik ki, qadınlar haqlıdırlar. Niyə də olmasınlar? Küçələrində heç vaxt görmədikləri gəlmələrlə rastlaşıblar. Bir vətəndaş olaraq narahatlıq keçiriblər və şübhələnərək polisə telefon açıblar.

Bunu elə-belə yazmadım. Əgər bu hadisə bizdə baş versəydi, əvvəla heç kəs polisə müraciət etməzdi. Qadınlarasa ətrafdakılar dərhal agent damğası vurardılar. Daha fikirləşməzdilər ki, həmin insanlar özlərinin, küçələrinin, yaşadıqları şəhərin, bir sözlə, ölkələrinin təhlükəsizliyi naminə narahat olub belə addım atıblar.

Azərbaycanda 1937-ci ildə baş verənləri hamı yaxşı bilir. Kütləvi terror bütün ölkəni bürümüşdü. Bir-birindən donos vermək dəbdə idi, hamı xalq düşməni axtarırdı. Beləcə keçmiş SSRİ-də milyonlarla adamın taleyi puç oldu. Bu tamam ayrı bir məsələ idi. Ortalıqda komunist ideologiyasının qorunub saxlanılması problemi vardı. İnsanlara təlqin etmişdilər ki, Leninin qurduğu qondarma fəhlə-kəndli hökumətinin qalması üçün kütləvi terrora ehtiyac var. Bu qətliam qırmızı imperiyanın törətdiyi dəhşətli qətliam idi. Sovet insanını aldatmışdılar ki, yad düşüncəlilər düşmənidirlər və məhv edilməlidirlər. “NKVD”-nin agentləri, əslində isə “işverənləri”, yaltaqlar, qorxaqlar, bir parça çörəyə görə şərəfini satanlar elə xoda düşmüşdülər ki, Stalin öləndən sonra belə onları saxlamaq mümkün deyildi. İllər ötdü, 37-ci il acı bir xatirə kimi yaddaşlara həkk olundu, donosçular isə beyinlərdə agent kimi qaldılar. Sonralar imperiyanı saxlamaq üçün başqa metoda da əl atdılar. Anonim məktublar dəbə mindi. Neçə-neçə ziyalı, rəhbər işçi, sıravi vətəndaş, dövlət məmuru bu məktubların güdazına getdi. Dünya SSRİ-yə belə işlərə görə güləndə, bizdə dişlə, dırnaqla, ayaq barmaqları ilə yazhayaz idi. Bir də imperiyanın yıxılmasına az qalmış anonim məktublar ləğv edildi. Yazanlara da agent, anonimçi və sair adlar qoydular. Əslində SSRİ-ni qoruyan DTK əsl və üzdə görünməyən agentləri ilə güclü idi. Məhz onların sayəsində imperiyanı qoruyub saxlayırdı. “İşverənlər” , donos yazanlar isə ayrı komanda idi.

Sovetlər Birliyinin tərkibində olan respublikalarda milli azadlıq hərəkatları başlananda agent sözü yenə moda mindi. Konkret Azərbaycanı götürək. Mitinqlərə yığışanlar, müxtəlif siyasi tədbirlər keçirənlər “içimizdə KQB agenti var” ifadəsini tez-tez işlədirdilər. Hamının gözü aralarında olan və yaxud olmayan “KQB” agenti axtarırdı.

Vaxt keçdi, Azərbaycan müstəqil dövlət oldu. Aydın məsələdir ki, onun Dövlət Təhlükəsizlik Komitəsi də milliləşməli idi. Di gəl ki, çox çətin bir proses baş verdi. Dövlətin bel sütununda çalışan bəzi DTK-çılar heç cür köhnə vərdişlərindən əl çəkə bilmirdilər, gözləri Moskvada qalmışdı... Mən demirəm ki, DTK sıralarında yalnız Azərbaycanı sevməyən, millətinin taleyini düşünməyən insanlar işləyiblər. Səhv olardı. Zaman göstərdi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir sıra DTK işçiləri bu dövlət uğrunda canlarından və qanlarından keçdilər. Keçmiş təcrübələrindən istifadə edib bəzi qonşularımızın təhdidlərinin qarşısını vaxtında və layiqincə ala bildilər. Lakin DTK-da müstəqilliyimizin ilkin illərində elə hadisələr də baş verdi ki, adamlar şoka düşdülər. Sən demə, DTK təcridxanasından da qaçmaq olarmış.

Sonra MTN yarandı və düşünmək olardı ki, beyinlərdə bu agent sözü yavaş-yavaş mahiyyətini dəyişəcək. Çox təəssüf ki, belə olmadı. Qısa müddətdən sonra bu qurum da özünü doğrultmadı. 2015-ci ildə MTN-də baş verən məlum hadisələr bu orqanı yaraladı. Yəqin ki, düşmənlərimiz sevindi. Amma nə etmək olardı? Yüksək vəzifələr tutaraq dövlətinin təhlükəsizliyini qorumaq əvəzinə qanunsuz yollarla varlanan, dələduzluqla məşğul olan şəxslərin MTN adlanan qurumda işləməsinə nə qədər dözülməliydi? Axı bütün ictimaiyyət belələrinin əməllərindən danışırdı, insanların dövlətə inamı zəifləyirdi. MTN ləğv edildi. Açığını deyirəm, bu dövlət başçısı tərəfindən atılan çox riskli və cəsarətli addım idi. Yəqin ki, bütün məsələlər ölçülüb-biçilmiş, təhlil olunmuş və nəticə hesablanmışdı. Dövlətin taleyini hər şeydən üstün tutaraq riskə getməyə dəyərdi.

İndi MTN yoxdur, Dövlət Təhlükəsizlik Xidməti var. Keçmiş qurumda vicdanla və ləyaqətlə dövlətinə xidmət edənlər yenə də öz yerlərindədirlər. Qalanları isə məhkəmələrdə dövlətə atdıqları daşların hesabını verirlər. Özlərini o günə qoyublar ki, dövlət üçün fəaliyyət göstərməli olan, lakin şəxsi mənfəətlərinə görə çirkin əməllər törətməyə məcbur etdikləri agentlərinin adlarını açıqlayacaqları ilə belə hədə-qorxu gəlirlər. Əsl rüsvayçılıqdır! DTX isə qızğın iş başındadır, artıq etibarlı əllərdədir. İslahatlar gedib, kadrlar yeniləşir. Bəli, yeni qurum qısa bir zamanda özündə güc tapıb dövlətin bel sütunundakı çatları qapada bildi, ictimai rəyi dəyişdi.

Bizdə isə insanlar hələ də düşünürlər ki, hər hansı bir şəhərdə təhlükəsizlik məsələlərinə məxfi servisin yalnız dörd-beş nəfər nümayəndəsi baxır. Axı belə deyil. İctimaiyyətin nümayəndələri olmasa bu dörd-beş nəfər nə edə bilər ki? Biz də bu kəslərə yardım edənlərə agent damğası vururuq. Nəzərə alaq ki, bu söz hələ də bizdə aşağılayıcı bir ifadə kimi işlənir. Artıq “NKVD” və “KQB” yoxdur, cənablar! DTX əməkdaşı ilə çay içməkdən, söhbət etməkdən, birlikdə səfər etməkdən hələ də çəkinirik, ətrafımızdakılardan qorxuruq. Birdən bizə də agent deyərlər. Bəziləri heç fikirləşmirlər ki, DTX əməkdaşı da hamı kimi bir insandır. Çayxanaya gedə bilər, toyda şənlənər, sevə və sevilə bilər və s. Bunun onun işinə nə dəxli? Bəlkə də var, mən bilmirəm. Amma televiziyada gördüklərimə və oxuduqlarıma görə , bir sıra sivil ölkələrdə bu şəxslərin şəxsi həyatları və fəaliyyətlərinin bir-birinə aidiyyatı yoxdur. Düzünü isə bu peşənin sahibləri bilər.

Yeri gəlmişkən qeyd edim ki, mən kiminsə cibində 1,125 qram narkotik görüb ya görməyib xəbərçilik edənlərdən, qonşusu özündən varlı olduğunu üçün ona qara yaxanlardan, şantaj və böhtan həvəskarlarından danışmıram. Bu ayrı bir mövzudur. Söhbət suveren bir ölkənin taleyinə cavabdeh quruma məhz dövlətçilik məsələlərində kömək göstərənlərdən gedir. Döyüş təkcə səngərdə getmir.

Hərdən mənə elə gəlir ki, agent sözünün aşağılayıcı tərzdə işlənməsi başqa dövlətlərin təbliğatı ilə dövriyyədən çıxarılmır. O dövlətlərin ki, Azərbaycanı parçalamaq, daxildə vətəndaş qarşıdurması salmaq, vətəndaşları doğma vətənlərinə xidmətdən çəkindirmək istəyirlər. Yaxşı, nə edək? Bunu bilə-bilə susaqmı? Terrorçuları komaya salıb gizlədəkmi? Ölkəmizdəki separatçıların qarşısından geri çəkiləkmi?? Son vaxtlar DTX-nın keçirdiyi uğurlu antiterror əməliyyatlarından sonra bu suallar daha da aktuallaşıb. Axı məhv edilən terrorçular aramızda yaşayırdılar, silah-sursatı qonşu mənzildə saxlayırdılar, dövlətimizi hamının qarşısında kafir adlandırırdılar, bizləri ölümlə hədələyirdilər! Əgər başqa məqsədləri yox idisə niyə silahlanmışdılar, tabe olmayaraq əməliyyatçılara nə üçün atəş açırdılar? Partlayıcı maddələri kimləri öldürmək üçün hazırlayırdılar? Baş verənlər bizə dərs deyilmi? İndi bir agent sözündən qorxub dövlətimizi məlumatlandırmamalıyıq? Elə bunu etməməyin özü dövlətə və xalqa qarşı ən böyük cinayət deyilmi? Ayılmalıyıq. Dini və etnik separatizm, terror dünyanı bürüyüb. Mənfur düşmənimiz ermənilər hər an içimizə sızmağa, qarışıqlıq salmağa çalışırlar. Əfsuslar olsun ki, daxilimizdə və xaricdə bu dövləti gözü götürməyənlərə dəstək verənlər də var. Milli dövlətimizə yardımçı olmalıyıq. Dövlətçilik məsələlərində və indiki müharibə şəraitində onun müdafiə nazirliyinin, DTX-sının, DİN-in və digər güc strukturlarının yanında durmalıyıq. Xırda-para işlər üçün, bir-birimizə çirkab atmaq üçün yox! Şəhidlərimizin qanı bahasına qurulan bu məmləkəti yağılardan, xəyanətkarlardan və düşmən xəfiyyələrindən qorumaq üçün. Bax belədə agent olmağa dəyər, bu ad bir fəxrdir, dövlət və millət qarşısında ödənilən borcdur. Mənə qalsa, təklif edirəm ki, ölkədə xüsusi bir fond yaradılsın. Dövlətimizi qarşılaşa biləcəyi təhlükələrdən vaxtında xəbərdar edən insanlar mükafatlandırılsınlar. Qorxmasınlar, gələcəkdə övladları onlarla qürur duyacaqlar.

İndi bəziləri başlayacaqlar yazmağa ki, mən millətimin nümayəndələrini agent olmağa çağırıram. Kitablardan oxumuşuq, filmlərdən görmüşük ki, hər adamdan da agent çıxmır. Yadıma “Baharın on yeddi anı” filmi düşdü. Bu kinoda çəkilənlər həqiqətdir yoxsa yox, deyə bilmərəm. Amma istərdim ki, müharibə şəraitində olan Azərbaycanda Şitirlislərin sayı çox olsun.

Yenə də qayıdıram yazının başlanğıcına. İsveçli qarılara həsəd aparıram. Bizə nə olub ki? Bəs bu məmləkəti kim qorumalıdır? Mən yox, sən yox, o yox. Bəs kim?

Müqəddəs Mehdiyev “Şimal xəbərləri” qəzetinin baş redaktoru

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26