Interposta.Info

Ölkəsində tənqidə məruz qalan müğənninin rekord göstəricisi - 100 milyon baxış

Maqazin
 7-10-2019, 09:17     10 360

Əhməd Qəşəmoğlu: “Zövqləri ən çox sosial şəbəkələr və televiziyalar korlayır”
Real Partiyasının sədri İlqar Məmmədov Facebook səhifəsində gənc müğənni Üzeyir Mehdizadə haqqında paylaşım edib. Partiya sədrinin bu paylaşımı geniş müzakirələrə səbəb olub. O, öz statusunda qeyd edib:

“100 milyon baxış! Həbsimdən qabaq rusdilli forumlar Azərbaycanda ”Facebook"dan güclü idi. Orda bir-iki dəfə yazmışdım ki, Üzeyir Mehdizadənin güclü musiqi istedadı var, amma bu istedadı yönəldən yoxdur. Məni ələ salmayan qalmadı, baxmayaraq ki, “musiqisini bəyənirəm” demədim (fərqli zövq məsələsidir), sadəcə, “böyük istedadını görürəm” dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!"

Qeyd edək ki, gənc müğənni Üzeyir Mehdizadənin “Yaxşı olar” mahnısına çəkilmiş klip ötən il “YouTube” kanalına yüklənib və bu günə qədər klipə 100 milyon 300 min baxış olub. Bu rəqəm ölkəmizdə demək olar ki, rekord həddir. Halbuki Üzeyir Mehdizadə mahnılarına, ifalarına görə dəfələrlə tənqid atəşinə tutulub, peşəkar musiqiçilər onu zövqləri korlamaqda ittiham edib, əksəriyyət onu dinləmədiyini və hətta tanmadığını dilə gətirir. Lakin görünəni budur ki, cəmiyyətdə daha çox bu cür ifalar sevilir, bəyənilir.

Onu da xatırladaq ki, Üzeyir Mehdizadə artıq bir neçə ildir ki, Türkiyədə sevilir, çoxsaylı fanatları var. Ötən il müğənninin Türkiyədə verdiyi konsertdən yayılan görüntülər hər kəsi şoka salmışdı. Həmin görüntülərdə müğənninin səhnəyə çıxarkən fanatları tərəfindən necə böyük coşğu ilə qarşılandığı, izdiham yaşandığı əks olunmuşdu. Deyilənlərə görə, onun mahnıları Türkiyənin bir çox brend mağazalarında, nüfuzlu otellərində səslənir. Hətta bəzi türk toylarında bəylə-gəlin onun mahnısının sədaları altında restorana daxil olur və sairə. Hələ ötən il Üzeyir Mehdizadənin mahnısı Türkiyənin “Show Türk” telekanalında səslənmişdi. Onun “Ay balam” mahnısını türkiyəli ifaçı Sevcan Dalkıran, nəqarətini isə Üzeyir özü ifa etmişdi. Sevcan telekanalın canlı yayımından bu mahnıya görə Üzeyirə təşəkkür edib və onun mahnısını oxuduğuna görə çox xoşbəxt olduğunu bildirmişdi.

Maraqlıdır ki, Türkiyədən əvvəl Üzeyir Mehdizadə Rusiyada, Özbəkistanda məşhurluq qazana bilib. Yerli mətbuatda yayılan məlumata görə, müğənninin “O yana gedir, bu yana gedir” mahnısı telefon zənglərinə əlavə edilmək üçün gecə-gündüz özbək televiziyalarında reklam olunurmuş. Həmçinin müğənni Özbəkistana tez-tez dəvət alır. Demək olar ki, o, Özbəkistanda toy aparan yeganə azərbaycanlı müğənnidir. Eləcə də Türkmənistanın sənətçiləri onun mahnıların müraciət edir, klip çəkdirir.

Beləliklə, Üzeyir Mehdizadə ölkədən kənarda da özünə böyük tamaşaçı kütləsi toplaya bilib. Azərbaycanda isə qeyd etdiyimiz kimi onun ifası heç də birmənalı qarşılanmır, “ara müğənnisi” kimi tanınır.

Ölkəsində tənqidə məruz qalan müğənninin rekord göstəricisi - 100 milyon baxış

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışdı: “Müxtəlif vaxtlarda mən də bu barədə eşidirəm, hərə bir söz danışır. Əksər hallarda da hiss olunur ki, fikirlər tələsik deyilib. Kütlənin psixologiyası deyilən bir termin var. Freydin bu barədə ”Kütlənin ideologiyası və mən" adlı böyük əsəri var. Yəni hələ Freydin dövründən bu məsələlərə kifayət qədər təhlil verilir. Beləliklə, kütlənin özünəməxsus psixologiyası var. Təxminən kütlənin 20 faizində analitik düşünməyə, dərindən təhlil etməyə marağı, həvəsi olur. Yerdə qalan 80 faizi isə yalnız yamsılamağı xoşlayır. Əksər cəmiyyətlərdə vəziyyət buna bənzər olur. Təxminən 90-cı illərin ortalarında bu məsələ ilə bağlı kifayət qədər tədqiqatlar aparmışdım və nəticədə məlum oldu ki, bizdə heç 20 faiz də deyil, daha aşağıdır. Hazırda bəlkə də hesablasaq bu rəqəm daha az olar. Söhbət ondan gedir ki, hər hansı cəmiyyətdə, sosial sistemdə insanların böyük əksəriyyəti dəbə aludədir. Məsələn, başqası nəsə eşidir, danışır, digərləri də onu deyir və sairə. Alınan informasiyalar, üstünlük verilən dəyərlər, həyat tərzi bu faktora təsir edir. Öz məqalələrimdə bunları əsaslandırmağa çalışmışam. Bu məsələyə ciddi təsir edən 4 əsas faktor barəsində tez-tez danışıram. Bunlardan biri insanın mahiyyəti, xisləti, psixoloji durumudur. Yəni bəzi şeylər var ki, el dilində desək, insanın mayasında var. İkinci, mühit böyük rol oynayır. Ətraf mühitdə tez-tez deyilən informasiyalar, deyimlərin 80 faizi insanın beyninə oturur, yalnız 20 faizini başlayır təhlil etməyə. Alınan informasiyalar insanların xarakterindən çox asılıdır. Bu informasiyalar insanın estetik zövqünün yönəlməsinə hesablanıbsa, estetik zövq dəyişir, inkişaf edir və yaxud əksinə. Beləliklə, cəmiyyətimizdə mövcud olan informasiyaları, musiqini, məsələn, Ü.Mehdizadənin musiqisini təhlil edə bilərik ki, bunlar insanların zövqünə necə təsir edir. Çox təəssüf ki, milli musiqi alətlərimizə son vaxtlarda çox soyuq münasibət var, nəinki müasir alətlərə. Bu, çox qorxulu haldır. Belə ki, milli alətlərə soyuqluq insanın daxili aləminin potensialının üzə çıxmasına mane olur. Bu, birmənalı şəkildə təsdiq olunub ki, hər bir xalqın milli alətlərinin musiqisi insanlarının gen yaddaşlarını oyatmaq gücünə malikdir. Ona görə də çox yaxşı olardı ki, milli musiqi alətlərimizi populyarlaşdıraq. Məsələn, zurna alətinin musiqisi bizdə milli ruh hissləri yaradır, gen yaddaşını hərəkətə gətirir. Ümumiyyətlə bu, insanda bir mübarizlik, əzmkarlıq yaradır. Təəssüf ki, bu istiqamətdə lazımi tədqiqatlar getmədi, diqqət ayrılmadı. Mədəniyyət Nazirliyi bu məsələlərə xüsusi həssaslıqla yanaşmalı idi. Nazirlikdə bunuınla bağlı idarələr yaranmalı idi. Amma hazırda təəssüf ki, bu şeylər yoxdur".

Sosioloq qeyd etdi ki, zövqlər daha çox sosial şəbəkələr və televiziyalar vasitəsi ilə korlanır: “Bu zövqlər əsasən sosial şəbəkələrdə korlanır. Məsələn, məşhur şairimizin bir şeirini paylaşanda onu 20-30 izləyici bəyənir. Lakin bərli-bəzəkli bir xanım öz şeirini paylaşanda 600-700 çox bəyənmə gəlir. İnsanlar onu paylaşan xanımın görünüşünü, ədasını əsas tutur. Ümumiyyətlə, zövqlər çox korlanıb. Zövqlərin korlanmasında televiziyalar əlahiddə böyük rol oynayır. Rüşvət və digər yollarla efirlərə bayağı mahnılar ayaq açır, hansı ki, müğənnilər həmin mahnılarla reytinq yığıb, toylara getməyi arzulayır. Bu gün televiziyalarda çox zövqsüz musiqilər səslənir. Təsəvvür edin, 2-3 yaşlı uşaq həmin musiqiləri eşidir və onunla formalaşır. Artıq həmin uşaq yetkin yaşa çatanda və yaxud tələbə olanda biz ondan yüksək zövq tələb edirik. Beləliklə, körpəlikdən uşaqlara düşmənçilik edib, onların zövqlərini korlayırıq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26