Interposta.Info

Novruz Bayramı – milli kimlik və bəşəri dəyərlərin təcəssümü kimi

Manşet
 31-03-2025, 19:46     24 146

Novruz bayramı Azərbaycan xalqının qədim tarixinə və mənəvi dəyərlərinə əsaslanan ən əziz bayramlardan biridir. Qədim dövrlərdən bəri xalqımızın birlik və həmrəyliyinin simvoluna çevrilən bu bayram zaman keçdikcə təkcə milli deyil, eyni zamanda bəşəri dəyərləri özündə ehtiva edən bir bayram kimi tanınmışdır. Novruz bayramı dostluğu, qardaşlığı və barışı tərənnüm edir, insanların bir-birinə qarşı olan kin-küdurəti unudaraq birlik və həmrəylik ruhunda birləşməsini təşviq edir.
Azərbaycan xalqı üçün Novruz sadəcə bir bahar bayramı deyil, həm də milli kimliyimizin və tariximizin ayrılmaz bir hissəsidir. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, bu bayram insanlar arasında bütün anlaşılmazlıqları və ziddiyyətləri aradan qaldıraraq dostluğu və sülhü möhkəmləndirir. Məhz, bu səbəbdən Novruz bayramı hər il ölkəmizdə böyük coşqu və sevinc hissi ilə qeyd olunur, dövlət səviyyəsində dəstəklənir və beynəlxalq arenada tanıdılır.
Novruz bayramının dünya miqyasında tanıdılması istiqamətində Azərbaycan mühüm addımlar atmışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 mart təqvim günü “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Bu qərarlar bir daha sübut edir ki, Novruz təkcə, Azərbaycan xalqına deyil, ümumilikdə, bəşəriyyətə məxsus mənəvi dəyərdir.


Bayramın ənənəvi atributları olan Su, Od, Yel və Torpaq çərşənbələri həyatın və təbiətin dirçəlişini simvolizə edir. İnsanlar bu dörd çərşənbədə müxtəlif adət-ənənələrə sadiq qalaraq bayramın ruhunu yaşadırlar. Xalqımızın zəngin mədəniyyətini özündə əks etdirən “papaqatmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “yumurta döyüşdürmək” kimi mərasimlər Novruz bayramının ayrılmaz tərkib hissələridir. Həmçinin, bayram süfrəsində səməninin olması, paxlava, şəkərbura, qoğal kimi şirniyyatların xüsusi simvolik mənalar daşıması xalqımızın dərin fəlsəfi dünyagörüşünü əks etdirir.
Son illərdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə Novruz bayramının qeyd olunması yeni bir mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə sayəsində xalqımız Novruzu artıq Şuşada, Suqovuşanda, Talışda və Xankəndidə qeyd edir. Bu, təkcə bir bayram sevinci deyil, həm də milli qürurun və zəfərin təcəssümüdür. Hər il işğaldan azad olunmuş torpaqlarda bayram tonqallarının qalanması, abadlıq və quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması Novruzun yeni bir anlam qazanmasına səbəb olmuşdur.
Bundan başqa, Novruz bayramı ekoloji dəyərlərin qorunmasına da böyük töhfə verir. 2007-ci ildən etibarən ölkəmizdə “Hərəmiz bir ağac əkək” kampaniyası çərçivəsində genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, yüz minlərlə ağac əkilmişdir. Xüsusilə, 2020-ci ildə Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi xalqımızın təbiətə və ətraf mühitin qorunmasına verdiyi önəmi nümayiş etdirir.
Novruzun yalnız milli mədəniyyətin bir parçası deyil, həm də incəsənət və ədəbiyyatda dərin iz buraxan bir fenomen olması diqqətəlayiqdir. Azərbaycan bəstəkarları və yazıçıları Novruz bayramı haqqında əsərlər yaratmış, bu bayramı musiqidə, poeziyada və kinoda tərənnüm etmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov kimi görkəmli sənətkarlar Novruz ruhunu musiqi əsərlərində yaşatmış, həmçinin “Novruzun çələngi” və “Ocaq” kimi filmlər xalqımızın bayram ənənələrini əks etdirmişdir.
Novruz bayramı həm də ölkədə siyasi mədəniyyətin formalaşmasına müsbət təsir göstərir. Ali Baş Komandan Prezident İlham Əliyevin Novruz münasibətilə siyasi partiya rəhbərləri ilə qarşılıqlı bayramlaşması ölkədə yeni bir siyasi dialoq və həmrəylik ənənəsinin yaranmasını simvolizə edir. Bununla da Novruz bayramı sadəcə folklor və mədəniyyət hadisəsi kimi deyil, həm də siyasi mədəniyyətin, sosial inteqrasiyanın və vətəndaş birliyinin möhkəmlənməsinə də töhfə verən bir dəyər kimi ön plana çıxır.
Bütün bunlar göstərir ki, Novruz bayramı Azərbaycan xalqının tarixində və mədəniyyətində təkcə, bir bahar şənliyi kimi deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və bəşəri idealların təcəssümü kimi dərin iz buraxmışdır. Bu bayram həm xalqımızın birlik və həmrəyliyini möhkəmləndirir, həm də Azərbaycanın dünya mədəni irsində layiqli yer tutmasına imkan yaradır. Azərbaycanın tarixi və mədəni zəfərlərinin simvoluna çevrilən Novruz bayramı gələcək nəsillər üçün də milli qürur və bəşəri dəyərlərin daşıyıcısı olaraq qalacaqdır.

Millət vəkili Rövşən Muradov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26