Interposta.Info

Rövşən Muradov: "26 Fevral - Xocalı soyqırımının 33-cü ildönümüdür"

Manşet
 25-02-2025, 10:07     31 161

Azərbaycan Respublikası 1991-ci il oktyabr ayının 18-də öz müstəqilliyini bərpa etdikdən sonra Xocalı şəhəri hər tərəfdən tam mühasirəyə alınmışdı, 1992-ci ilin yanvarından isə şəhərin enerji təchizatı dayandırılmışdı. 1992-ci il fevralın ayının 25-dən 26-na keçən gecə Xocalıda XX əsrin ən dəhşətli faciələrindən biri baş verdi. Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə dinc əhaliyə qarşı soyqırım törətdilər. Nəticədə yüzlərlə günahsız insan-qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırım zamanı 613 nəfər həlak olmuş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan çoxunun taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Qətliam zamanı insanlar ağlasığmaz işgəncələrə, dəhşətli zorakılıq əməllərinə və həqarətlərə məruz qalmışlar. Bu faktlar isə, açıq aşkar Ermənistanın azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin göstəricisidir.
Xocalı ölkəmizin Qarabağda strateji əhəmiyyətə malik olan şəhərlərindən biridir. Soyqırım hadisəsini həm xalqımıza qarşı bir psixoloji təzyiq vasitəsi, həm də bütün insanlığa qarşı törədilmiş cinayət hadisəsi kimi qiymətləndirmək olar. Bu qanlı terror dünya ictimaiyyətində böyük rezonans doğurmuşdur. Belə ki, Pakistan, Türkiyə, Kolumbiya, Çexiya, Meksika və bir çox digər ölkələr bu faciəni soyqırım kimi tanıdılar. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini bəşəriyyətə qarşı törədilmiş ən qatı cinayət hadisəsi kimi qəbul etdi. Bütün bunlara baxmayaraq, bir sıra Qərb dövlətləri hələ də bu hadisəyə biganə qalıblar. Azərbaycanın dövlət və hökumət qurumları, qeyri-hökümət təşkilatları, diplomatik nümayəndəlikləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün ardıcıl olaraq daim iş aparırlar.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də xalqın əksəriyyətinin təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atdı.
O, Xocalı soyqırımı barədə demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında”xüsusi qərar qəbul etmişdir.
Prezident İlham Əliyev isə Xocalı faciəsi ilə bağlı bu sözləri demişdir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.
Prezident İlham Əliyev günü bu gün də Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması üçün fəaliyyətini davam etdirir. Onun bilavasitə rəhbərliyi ilə həyata keçirilən xarici siyasət tədbirləri nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar artıq bu faciəni soyqırım hadisəsi kimi tanıyıblar. “Xocalıya Ədalət” kampaniyası məhz Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə geniş vüsət alıbdır. Belə ki, dövlət başçısının rəhbərliyi ilə hər il fevral ayının 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə yüksək səviyyədə anılır və beynəlxalq aləmdə Azərbaycan həqiqətləri təbliğ edilir.
Eyni zamanda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən qalib ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Cənab İlham Əliyev öz növbəsində 2023-cü il oktyabr ayının 15-də Xocalı şəhərində dövlət bayrağımızı ucaltdı.
Hazırda separatçı rejimin rəhbərləri saxlanılaraq Bakıda məhkəmə qarşısına çıxarılıblar. Bu məhkəmə prosesləri, Xocalı soyqırımını törədənlərin ədalət mühakiməsinə verilməsi istiqamətində atılan mühüm addımdır. Tarixi ədalət naminə, Xocalı soyqırımı dünya miqyasında tam şəkildə tanınmalı və cavabdeh şəxslər beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər.
Xocalı işğaldan azad ediləndən sonra şəhərdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri həyata keçirilir. 2024-cü ilin may ayının 28-də Prezident İlham Əliyev və ailə üzvləri Xocalıya səfər edərək, yeni tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə yaxında tanış olmuş və şəhərin ilk sakinlərinə yeni mənzillərin açarlarını təqdim etmişlər. Həmin gün 20 ailə (81 nəfər), mayın 29-da isə əlavə 24 ailə (88 nəfər) Xocalıya köçürülmüşdür. Ümumilikdə, indiyədək 44 ailə (169 nəfər) şəhərdə daimi məskunlaşmışdır.
Birinci mərhələdə əvvəlcə, 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 mənzildə tikinti, təmir-bərpa və abadlıq işləri aparılmışdır. Bütün kommunikasiya xətləri yerin altına salınmış və işlərin 90 faizi artıq tamamlanmışdır. Sonra isə 18 hektar ərazidə “FİN” tipli 92 evdə analoji işlər görülmüşdür.
Xocalı rayonunun Ballıca kəndi 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuşdur. İşğaldan azad olduqdan sonra kəndin bərpası və keçmiş məcburi köçkünlərin geri qayıdışı istiqamətində intensiv işlər aparılmışdır.
2024-cü il dekabrın 13-də Ballıca kəndinə ilk köç karvanı yola salınmışdır. Bu mərhələdə müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmış 27 ailə (152 nəfər) doğma yurdlarına qayıtmışdır. Daha sonra, dekabrın 27-də ikinci köç dalğası ilə 21 ailə (119 nəfər) kəndə yerləşdirilmişdir. Ümumilikdə, fevralın 19-na qədər 460 nəfərdən ibarət 137 ailə Ballıca kəndində məskunlaşmışdır. Hazırda əlavə 60-a yaxın evin bərpası davam edir.
Kənddə infrastrukturun yenidən qurulması çərçivəsində 192 fərdi yaşayış evinin təmiri planlaşdırılıb. Bununla yanaşı, kənd su, qaz, elektrik enerjisi və internetlə təchiz edilib, həmçinin kənddə tibb və polis məntəqələri, 200 şagirdlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da inşa olunub.
2025-ci il fevralın 19-da Prezident İlham Əliyev Ballıca kəndinə səfər edərək, bərpa işləri və sakinlərin yaşayış şəraiti ilə yaxından tanış olub. Prezident çıxışında kəndin bərpasının son mərhələdə olduğunu və Böyük Qayıdış Proqramı çərçivəsində Ballıca kəndinin keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsi olduğunu vurğulayıb.
Görülən bu tədbirlər nəticəsində Ballıca kəndi qısa müddət ərzində müasir infrastruktura malik yaşayış məntəqəsinə çevrilmiş və sakinlərin doğma torpaqlarına qayıdışı təmin edilmişdir
Şəhərin girişində çay kənarında bulvarın salınması, bulvarla üzbəüz bazarın və müxtəlif iaşə obyektlərinin tikintisi davam edir. Bundan əlavə, orta məktəb və uşaq bağçası inşa edilmiş, məktəbin qarşısında park və onun yanında sənətkarlar məhəlləsi yaradılmışdır. İdman kompleksinin tikintisi başa çatmaq üzrədir. Burada şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, mini-futbol və badminton kimi idman növləri ilə məşğul olmaq üçün şərait yaradılır.
Şəhərdə sosial və təhsil müəssisələrinin yaradılması da diqqət mərkəzindədir. “AzeRobot Education” robototexnika tədris mərkəzi, “Nakhishli” atelyesi, “Gilabi Ceramics” emalatxanası və “Sariban” peşə inkişaf mərkəzi kimi müəssisələr fəaliyyətə başlamışdır. Bu sakinlərin peşə bacarıqlarının artırılmasına və məşğulluğunun təmin olunmasına xidmət edəcəkdir.
İnfrastrukturun inkişafı çərçivəsində Xocalının Baş planına əsasən, şəhər beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil və dəmir yolları ilə əhatə olunacaq. Bu Xocalı şəhərini həm nəqliyyat qovşağı, həm də logistika mərkəzi kimi daha da əhəmiyyətli edəcəkdir. Şəhərdə əsasən, 3-5 mərtəbəli yaşayış binaları və həyətyanı sahələrə malik fərdi evlər inşa edilir ki, bu da Xocalının müasir və komfortlu yaşayış məkanına çevrilməsinə töhfə verir.
2024-cü ilin fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərinə səfəri zamanı Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdur. Bu memorial abidə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.
Görülən bu işlər nəticəsində Xocalı şəhəri qısa müddət ərzində müasir infrastruktura malik yaşayış məntəqəsinə çevrilmiş və sakinlərin doğma yurdlarına qayıdışı təmin edilmişdir.

Milli Məclisin deputatı
Rövşən Şahbaz oğlu Muradov



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26