Interposta.Info

.

Manşet
 13-01-2017, 22:23     859

.

Biz dünyəvi bir dövlətdə yaşayırıq. Konstitusiyamız var və hər birimiz ona əməl etməyə borcluyuq. Azərbaycanda din dövlətdən ayrıdır. Əlbəttə, bu məsələ ətrafında bir çox mübahisələr də var. Amma Konstitusiya bizim ali qanunumuzdur. Bu o demək deyil ki, dindarlar da istədiklərini edə, siyasətə qarışıb zərərli fikirlərini cəmiyyətə sırıyaraq sabitliyi poza bilərlər. Vəziyyət bu həddə çatanda dövlət öz gücünü göstərməli və belə etməkdə tam haqlıdır. Dövlətin işinə müdaxilə edən, onun dünyəviliyinin əleyhinə çıxan, məmləkətdə qeyri-sabit vəziyyət yaratmaq istəyən hər bir dini qruplaşma yerində oturdulmalıdır. Yoxsa, gec olur.

Son vaxtlar bizim sələfilərin içərisində parçalanmanın yaranması, Qamət Süleymanovla Adil Rəcəbov tərəfdarları arasında qarşıdurmanın olması barədə yazdıqlarımız heç də çoxlarının xoşuna gəlmir. Hizbilər sözünün ilk dəfə olaraq mətbuatda açıqlanması bəzilərinin canına vicvicə salıb. Misirdəki “Müsəlman qardaşları” kimi hərəkat formalaşdırmaq istəyənlərin iç üzləri açılır, niyyətləri ürəklərində qalır. İndi ömürlük həbs cəzasına məhkum edilmiş Məhəmməd Mursinin hakimiyyətə gəlişinə nəzər salsaq çox şey aydınlaşar. Əslində Misirdə də hakimiyyət çevrilişi hizbilərin əli ilə həyata keçirilmişdi. Misirin indiki rəhbəri Abdulfəttah əs-Sisi yaxşı ki, tez tərpəndi və ölkəsini radikal dini cameənin əlindən xilas etdi. Bunu elə-belə yazmırıq. İndi bir çoxları əl-ayağa düşüblər ki, guya hizbilər sözünü biz özümüzdən çıxarmışıq. Bu sözü ortaya atmaqla aranı qızışdırırıq. İnanın, bunu deyənlərin özləri bu hərəkatın müdafiəçiləridir, alt qatda hizbilərə dəstək verənlərdir. Əlimizdə olan audio yazılar da sübut edir ki, belə bir problem dəqiq mövcuddur. Hörmətli oxucular onlara qulaq asanda hər şeyi başa düşəcəklər. Bunu isə etmək məcburiyyətindəyik. Bir jurnalist olaraq özümə borc bilirəm ki, yaşadığım rayonda və regionda şeytani əməllərlə məşğul olanlar, dövləti kafir adlandıranlar, onun rəhbərliyi haqqında hədyan yağdıranlar, namaz qılmayan vətandaşlarımıza çəkinmədən kafir deyənlər və s bu kimi dini dəllalları hamı tanısın. O ki qaldı sələfilərin parçalanmasına və hizbi məsələsinin ortaya çıxmasına, təbii ki, bunun arxasında xaricdən və daxildən müəyyən qüvvələr dururlar. Özlərini “alim” sayan , islam dinini istədikləri kimi “fırladan” bəzi üzdəniraq ərəb şeyxləri himayədarlarının və ölkəmizin daxilindəki iblislərin əli ilə sələfilərin bir hissəsini siyasətə soxmaq istəyirlər.

Niyə açıq danışmayaq?

Kimdən və nədən çəkinməliyik?

Belə qruplaşmaların son niyyəti Azərbaycanda şəriət hakimiyyəti yaratmaqdır. Doğrudur, bunu görməyəcəklər, arzuları ürəklərində qalacaq. İndi bu xalqı aldatmaq mümkün deyil. Əyinlərinə əba geyinmişlərin fırıldaqlarının, dini-siyasi oyunlarının üstü açılıb. Artıq xalq belə üzdəniraq dini qruplaşmaların alətinə çevrilməyəcək.

Öz məmləkətini kafir adlandırana necə müsəlman demək olar?

İkincisi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənləri namaz qılmadıqlarına görə şəhid adlandırmamaq hansı əndazəyə sığır?

Məgər şəhidlik bir namazla ölçülür?

Bunlar onların çirkin düşüncələridir. Bəzi ərəb şeyxlərinin Azərbaycandakı qruplara yeritdiyi məqsədyönlü fikirlərdir. Söhbət o ərəb şeyxlərindən gedir ki, vaxtilə Azərbaycana humanitar yardım göstərmək adı altında soxuldular. Qaçqınlara və məcburi köçkünlərə bir-iki kisə makaron verib altda öz işlərini gördülər. Yaxşı yadımdadır, Xudatda molla Ömər adlanan bir əfqan vardı. Camaatın uşağını başına yığıb guya Qurani Kərimdən dərs deyirdi. Əslində əsl araqarışdıranın biri idi. Camaata və uşaqlara elə fikirlər təlqin edirdi ki, tamamilə ənənəvi islamdan qıraq idi. Çox qısa bir zamanda camaat onun riyakar və fırıldaqçı olduğunu bilib övladlarını onun kurslarından geri çəkdilər. Özü isə aradan çıxdı. Bundan sonra Xaçmaz rayonuna Küveyt İslam İrsinin Dirçəlişi Cəmiyyətinin nümayəndələri gəldilər. Təxminən yeddi-səkkiz məscid tikdilər. Elə əsl həngamə də bundan sonra başladı. Məscidlərin tikintisinə məsul olan iş icraçısı deyirdi ki, bu dələduz şeyxlər bəzi yerli məmurlarla əlbir olub külli miqdarda pul oğurlayıblar. Yazıb-pozmadığı yer də qalmadı. Bəli, bu da islamı yayanların hərəkəti. Bunlardan nə ibrət götürəsən? Müəyyən dövrdən sonra hakimiyyət bu məscidləri qapatdı. Lakin onların pulla satdıqları “islam dini” hələ də baş bəlası olaraq qalır. İndi də əl çəkmək istəmirlər. Səhrada oturub cürbəcür planlar qururlar. Öz məzlumları, didərginləri, qırılanları, aclıqdan səfalət çəkənlərinin yox, guya bizim ölkənin qeydinə qalırlar. Ən maraqlısı da budur ki, əsarətdə olanda da və müstəqillik qazanandan sonra da öz dinini və tarixi ənənələrini yaşadan azərbaycanlıları islama “dəvət” edirlər. Guya biz müsəlman deyilik. Min dörd yüz il bundan qabaqki həyat tərzini 21-ci əsrin adamlarına tətbiq etmək istəyirlər.

Onlara sual verirəm: Sizlər insanları haraya dəvət edirsiniz?

Cavab verəcəksiniz ki, islama. Onda biz kimik?

Bəlkə elə siz dəvətçilərin özləri dindən kənarsınız?

Niyə siz müsəlman olursunuz, bizlər yox?

Əsl cahil və nadanlar elə sizlərsiniz. İndi də başlamısınız bir-birinizi ittiham etməyə. Orada-burada yığışıb az-qala küçə söyüşlərinə çıxırsınız. O həddə gəlib çıxmısınız ki, bəziləriniz bir-birinizə Allahın salamını belə vermirsiniz.
Ötən ilin sonlarında sələfilərin lideri Qamət Süleymanova qarşı yetmiş nəfər dindar bəyanat verdi. Özlərini Adil Rəcəbovun tərəfdarları sayanlar sələfi liderini müəyyən hərəkətlərdən çəkinməyə çağırdılar. Onların içərisində Xudatdan da bir nəfər vardı. Elə dartışmalar da bundan sonra başladı. Ötən il noyabrın 4-ü Xudat şəhərində dindarlardan birinin evində təxminən əlli nəfərin iştirakı ilə hər iki qanadın tərəfdarları arasında ciddi mübahisə baş verdi. Bir-birilərini nələrdə ittiham etmədilər? Dörd saata yaxın davam edən mübahisədə çoxlu adlar çəkilir. Belə məlum olur ki, ikiyə bölünmüş bu insanlar bir-birini hizbilikdə ittiham edirlər. And içirlər, arvad kimi qarğış tökürlər, söyüş söyürlər, lənətləşirlər, daha nə bilim nə(Yerli polisin müdaxiləsindən sonra dağıdılan bu “razborkan”ın audioyazısından bəzi hissələri təqdim edirik. Yaxın vaxtlarda isə, audioyazını tam təqdim edəcəyik). Bununla da kifayətlənmirlər. Noyabrın 6-da məhdud sayda yığılan dindarlar mübahisələrini davam etdirirlər(audioyazıdan bəzi hissələri təqdim edirik). Yenə də hizbi məsələsi, eyni ittihamlar və s. Söhbətlərdən belə aydın olur ki, bu dindarlar çox çirkin bir oyun aparırlar. Pərdə arxasında gedən belə oyunlardan isə ictimaiyyət xəbərsizdir. Sən demə bunlar özlərinə belə inanmırlar. Harada kiminlə danışırlarsa səsini yazırlar. Sonra həmin səslər öz-özlərinə qarşı dəlil və ittihama çevrilir. Məscidlərdə rəhbər vəzifələr tutmaq üçün bir-birini qırırlar. Biri naib olmaq istəyir, digəri imam. Ən maraqlısı da budur ki, bütün bu məsələlərdə dövlət orqanlarına söykəndiklərini deyirlər. Qobuqırağı məscidində də belədir, Köhnə Xudat kənd məscidində də. Təqdim etdiyimiz səs yazılarına qulaq asarkən müəyyən həqiqətləri başa düşəcəksiniz. Nəyin ki, məscidlərdə rəhbər vəzifələr tutmaq və öz adamlarını yerləşdirmək, hətta xütbə vermək üstündə də dava-dalaş salırlar. Məsələn, Elxan Misirli adlı bir xudatlı dindar Köhnə Xudat kənd məscidində xütbə verib. O, hizbiliyə qarşı çıxış edib. Bu da Rəcəbov tərəfdarlarının xoşuna gəlməyib. Onu vaxtilə həddadi olmaqda ittiham ediblər. Qeyd edək ki, Elxan Misirli adlanan bu şəxs Misirdə ali dini təhsil alır və hazırda da həmin ölkədədir. Bəzi xudatlı dindarlar da deyirlər ki, o, özü həddadilərdən dərs alıb. Yeri gəlmişkən, çoxlarınızın bəlkə də bilmədiyi həddadilik haqqında qısa məlumat verək. Həddadiliyin banisi Misirdə doğulmuş Mahmud əl-Həddaddır. Sonradan bu şəxs Səudiyyə Ərəbistanında yaşayıb və bu firqəni yaymağa başlayıb. Həddadilər xavariclərin qollarından biri də sayılır. Onların ən böyük qaydası keçmiş alimlərə tən etməkdir. Əgər kimin fikirləri onlara uyğun gəlmirsə onu tən edirlər. Onlar Buxarinin və Müslimin hədis kitablarını zəlalət sayırlar. Keçmiş din alimlərinə rəhmət oxumurlar. Həddadilər insanların xətalarını müzakirə etmədən birbaşa hökm çıxarırlar. Onlar üçün ancaq önəmli olan öz şeyxlərinin fikirləridir və s. Maraqlısı budur ki, elə həmin Elxan Misirli xavaric və həddadilərə qarşı çıxışlar edir, deyilənə görə, indi Qamət Süleymanovun tərəfdarıdır. Nə isə. Sələfilərin lideri ilə Adil Rəcəbov arasındakı qarşıdurmaya ərəb şeyxi Şeyx Saleh əs Süheymi guya son qoyub. Qamətdən əvvəl Rəcəbov tərəfdarları onun yanında olublar. Şeyx də müəyyən fikirlər söyləyib. Sonradan bu kişinin fikirlərini təhrif edərək onun Qamətə qarşı olduğunu yayıblar. Bundan sonra Şeyx Saleh ötən il dekabrın sonlarında açıqlama yayaraq söylədiklərinin təhrif olunduğunu və Qamətə aid olmadığını bildirib. Mən şeyxin fikirlərini oxuyarkən onun ikibaşlı danışdığını gördüm. Onun Azərbaycanın şiə icması haqda söylədiklərini obyektiv səbəblərə görə qeyd etmirəm. Qaməti nəyə görə müdafiə etməsi isə öz işidir. Lakin onun çıxışını Azərbaycan dindarları arasına yalnız fitnə-fəsad salmaq cəhdi kimi qiymətləndirirəm. Nə yazıq ki, hər iki qanadın nümayəndələri “şeyxin” dediklərini dəlil-sübut kimi təqdim edirlər. Elə bunun özü bütün bu dini cameənin Səudiyyə Ərəbistanından, Misirdən və digər ərəb ölkələrindən idarə olunması ilə bağlı dediklərimizin sübutu deyilmi? Biz görmüşük ki, ölkəsinin nüfuzlu dindarı xaricdə olarkən öz vətəninin dərd-sərini anladar. Bizim məmləkətin isə Qarabağ kimi dərdi var. Elə olmazmı ki, əlaltdan erməni daşnaklarına hörmətlə yanaşan belə üzdəniraq şeyxlərə Qarabağ həqiqətləri çatdırılsın. Hansısa ərəb şeyxinin Azərbaycandakı “qardaşları”na guya öyüd-nəsihət verməsi çox alçaldıcıdır.

Görəsən bunu qarşı duran tərəflər dərk etmirlərmi?

Allahdan, onun peyğəmbərindən(s.a.v) və Qurani Kərimdən danışan belələri ərəb ölkələrindən təlimat alarkən xəcalət hissi keçirmirlərmi?

Azərbaycan dövləti insanların dini etiqad azadlığına hörmətlə yanaşır. Bu haqda Konstitusiyamızda da yazılıb, xüsusi qanunumuz da var. Lakin bu o demək deyil ki, yerindən duranın biri radikal qruplaşma yaradıb düşsün bu dövlətin canına. Əgər bir insan ki, Suriyada ölməyi Qarabağda ölməkdən üstün sayırsa mən onu bu xalqın nümayəndəsi saymıram. Əgər bir dini qruplaşma ki, islamı əlində bayraq edərək fitnə-fəsadla məşğuldur, ona bu cəmiyyətdə yer olmamalıdır. Belələri yaddan çıxarmasınlar ki, Azərbaycan dövlətinin gücü çatır ki, öz daxili düşmənlərini yerində oturtsun. DTX-nın və DİN-in son vaxtlar keçirdiyi bir çox əməliyyatlar buna əyani sübutdur. Lakin mən ictimaiyyətdən gileyliyəm. Öz övladlarını belələrinin yanına islam dinini və ərəb dilini öyrənmək üçün göndərənlərin halına acıyıram. Məmləkətimizə bu gün təhsilli oğlan və qızlar, işğal olunmuş torpaqlarımızı azad etməyə igidlər gərəkdir. Daha bəzi ərəb şeyxlərinin əbalarını yalayan mütilər yox. Bu haqda təkcə biz danışmamalıyıq. Rayon icra hakimiyyətlərinin dini komissiyaları, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndələri kəndbəkənd gəzib insnalar arasında dini maarifləndirmə işini aparmalıdırlar. İctimaiyyət telekanallardakı bəzi sarsaq və mənasız şou proqramlardan və bəzi teleseriallardan bezib. Belə proqramların yerin dini maarifləndirmə proqramları vermək olmazmı? Əhalini ayıltmaq lazımdır. Nə qədər ki, dostumuzu və düşmənimizi ayırd etməyəcəyik başımız çox bəlalar çəkəcək.

Artıq oyanmaq vaxtıdır!!!

P.S: Yaxın günlərdə dini qruplaşmaların bəzi dövlət qurumları ilə necə oyun qurduqlarından bəhs edən yazı hazırlayacağıq. Yeri gəlmişkən, audioyazıdakı bəzi qeyri-etik ifadələrə görə oxuculardan üzr istəyirik.
.






interposta.info “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyein araşdırmasın təqdim etdi.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26