Interposta.Info

Rövşən Muradov: "Hesabat ilində müəyyən edilmiş nöqsan və pozuntuların xarakteri ümumilikdə büdcə qanunvericiliyinin!.."

İqtisadiyyat / Manşet
 22-04-2025, 15:18     21 069

Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli iclas iştirakçıları!
Bu gün müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabatı” geniş və ətraflı təqdim etdiyi üçün hörmətli Vüqar müəllimə öz təşəkkürümü bildirirəm.


Qüvvədə olan qanunvericiliyə görə, Hesablama Palatasının fəaliyyəti 4 istiqamətdən ibarətdir və 2024-cü il ərzində həm audit, həm də qeyri-audit fəaliyyəti barədə icmal-statistik məlumatlar təqdim olunmuş Hesabata daxil edilmişdir. Auditlərin əhatə dairəsini dövlət büdcəsinin gəlir və xərc parametrləri, borclanma və kəsirin maliyyələşdirilməsi mənbələri və əksər büdcədənkənar dövlət fondları təşkil edir.
Fikrimcə, Hesablama Palatasının təqdim etdiyi hesabat məzmun baxımından geniş və əhatəlidir, kreativdir, eyni zamanda inklüziv və innovativdir, statistik və digər məlumatlarla zəngindir, həmçinin, yenilikçidir belə ki, Palata hesabat ilində audit və digər fəaliyyətlərində ilklərə də imza atmışdır.
Ümumiyyətlə, Palata hesabat ilində İcbari Tibbi Sığorta Fondundan başqa icmal büdcənin tərkibinə daxil olan bütün büdcədənkənar dövlət fondlarında audit aparmışdır.
Əvvəla, bu əhatəliyin genişlənməsi, dövlət maliyyəsinə ümumilikdə nəzarətin təmin edilməsi istiqamətində atılan mühüm addımdır və eləcə də, beynəlxalq reytinqlərdə Hesablama Palatasının timsalında dövlətin mövqeyinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.
İkinci, hesabat Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ına görə, 2024-cü ildə yerinə yetirilən tədbirlər və onların icrasının maliyyə yükü üzərindən tərtib edilmişdir. Bu isə, nəticə əsaslı büdcə modelinə nümunə kimi, dövlət maliyyəsində tam tətbiq edilmək üçün bir layihə olaraq da qəbul edilə bilər.
Üçüncü, hesabatda Hesablama Palatasının fəaliyyətinin nəticələrini ehtiva edən kəmiyyət və keyfiyyət göstəricilərinin sayının artması müşahidə edilir. Belə olan halda, hesab edirəm ki, nəticə əsaslı çərçivənin nümunəsindən digər qurumlar da yararlana bilər.
Dördüncü, hesabat ilində müəyyən edilmiş nöqsan və pozuntuların xarakteri ümumilikdə büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac yaradır. Bu ehtiyac isə dünyada dövlət maliyyəsinin idarə olunmasına dəyişən baxışları özündə ehtiva etməklə yanaşı, ölkəmizin də bu baxışlara uyğunlaşdırılmasını təmin etməlidir.
Beşinci, hesabatdan göründüyü kimi, digər bir məsələ qüvvədə olan hüquqi aktların tələblərinin icra vəziyyəti ilə bağlıdır. Hüquqi aktların müəyyən etdiyi tələblərə tam riayət olunmaması dövlət vəsaitlərinin ən yaxşı halda, düzgün xərclənməməsinə gətirib çıxarır. Bu da vəsaitlərin səmərəliliyinin və nəticəliyinin təmin olunmasında ən böyük maneə sayıla bilər. Bu məsələ qurum rəhbərlərinin birbaşa məsuliyyət dairəsinə aid olduğu üçün, həm də dövlət maliyyəsində fəaliyyət göstərən kadr potensialı ilə də bağlıdır. Belə ki, kadr hazırlığının yüksək təşkili, göstərilən bir çox nöqsanların aradan qaldırılmasına və ya ən azı miqyasının və əhatə dairəsinin azaldılmasına gətirib çıxarar. Bu istiqamətdə də işlərin görülməsi birbaşa qurum rəhbərlərinin funksiyalarına daxildir.
Çıxışımın sonunda “Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabatını” dəstəkləyir və deputat həmkarlarımı da Hesabata səs verməyə çağırıram. Diqqətinizə görə, çox sağ olun.

Millət vəkili Rövşən Muradov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26