Interposta.Info

Bəşəriyyət su problem ilə üz-üzə - Çıxış yolu nədir?

İqtisadiyyat
 3-04-2023, 08:37     202

Su insana verilən ən qiymətli nemət olsa da, unutmayaq ki, o da tükənəndir. Proqnozlara görə, ilbəil bu problem özünü daha qabarıq şəkildə göstərir. İqlim dəyişmələri, sənayenin sürətli inkişafı, əhali artımı bu problemi daha da aktuallaşdırır. Problem o həddə çatıb ki, ölkələr arasında su üstündə qan tökülür, münaqişələr yaşanır.

Hazırda dünyada 1 milyarda yaxın insan içməli su tapa bilmir, daha 2 milyard insan isə çirkli su içməli olur. Dünya əhalisinin 40 faizinin cəmləşdiyi 80 ölkə su çatışmazlığı yaşayır. BMT-nin hesablamalarına görə, dünyanın yarısından çox hissəsi su çatışmazlığından əziyyət çəkir və bu problem 2025-ci ilə qədər daha da aktuallaşacaq.

Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcək. Son 50 ildə şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş verib.

BMT-nin, Avropa Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmayıb.

27 il sonra susuz qala bilərik

Dünya mediası mütəmadi olaraq su qıtlığı problemini qabardır. Qeyd edilir ki, əlçatan şirin su ehtiyatları hazırda bəşəriyyətin suya olan tələbatını böyük ölçüdə ödəsə də, bu vəziyyət uzun müddət davam etməyəcək. İqlim dəyişikliyinin yaratdığı problemlər və əhali artımı nəticəsində təmiz su ehtiyatlarının sürətlə azalması nəticəsində 2050-ci ildə dünya əhalisinin təxminən yarısının susuz qalma riski var.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) araşdırmasına görə, dünyanın 70 faizi su ilə örtülü olsa da, içməli suyun səviyyəsi kifayət qədər aşağıdır. Tədqiqatçıların fikrincə, yer üzündəki suyun 97 faizindən çoxu insanların istifadəsi üçün yararsız olan duzlu sulardan ibarətdir. İçməli şirin suyun dünya suyuna nisbəti 3 faizdən azdır. Təmiz suyun böyük hissəsi qütblərdə yerləşir. Buna görə də insanların istifadə edə biləcəyi suyun miqdarı dünyadakı ümumi suyun 1 faizindən də azdır.

Dünyada 844 milyon insanın təmiz suya çıxışı yoxdur. Araşdırmalara görə, 2050-ci ilə qədər dünya əhalisi 3 milyard və təmiz suya tələbat 55 faiz artacaq. BMT hesabatında son əsrdə təmiz suya ehtiyacın 6 dəfə artdığı, 5 milyard insanın qıtlıqla üzləşəcəyi bildirilir.

Su həm də münaqişə deməkdir

Yeri gəlmişkən, su böhranları artıq illərdir ki Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir. Bəzən bu vəziyyət silahlı münaqişələrə səbəb olub. 2021-ci ildə Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşmalarını xatırlatmaq kifayətdir. Regionda vəziyyəti gərginləşdirən əsas amillərdən biri də iri dövlətlərin müdaxiləsidir. Məsələn, Rusiya, ABŞ və Çin regionda SES-lərin tikintisinə investisiya qoyur, kredit ayırırlar.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı "2030-cu ilədək qlobal tendensiyalar: alternativ dünyalar” hesabatında da göstərilir ki, 2030-cu ilədək Mərkəzi Asiyada su resursları uğrunda dövlətlər arasında münaqişələrin baş verməsi mümkündür.

Mərkəzi Asiya ilə yanaşı, Afrika da ən böyük su münaqişələri görən regionlardandır. Efiopiyanın ərazisindən axan Nil çayının üzərində tikilən yeni bənd bu ölkənin Misir və Sudanla əlaqələrini kəskin şəkildə korlayıb. Su resurslarının münaqişəyə səbəb ola biləcəyi bir başqa həssas region Çin –Hindistan sərhədidir. Mütəxəssislərə görə, Asiyanın iki nəhəngi – Çin və Hindistan arasında hazırda əsas problem su məsələsidir. Bölgədəki 8 çay 1 milyard 800 min insan üçün həyati əhəmiyyət daşıyır.

BMT-nin təklif etdiyi çıxış yolları

43 min meteoroloji stansiya, 160 ölkədə çayların vəziyyətlərini öyrənən 5 mindən çox nəzarət məntəqəsinin hesabatlarından istifadə edən alimlər belə bir qənaətə gəliblər ki, qlobal istiləşmə dünyada içməli su çatışmazlığına gətirib çıxaracaq. İqlim dəyişikliyi səbəbindən yağıntıların miqdarı artsa da, çaylarda suyun səviyyəsi azalır. Temperaturun qalxması səbəbindən qruntdakı nəmlik azalır, torpaq düşən yağıntını özünə çəkir. Bunun nəticəsində də yağıntının 64 faizi torpaqda qalır.

Qeyd edək ki, BMT-nin saytında su çatışmazlığının mümkün həlli yolları sadalanır. Onlar arasında bəndlər və su anbarları, yağış sularının yığılması, su kəmərləri, ərazidə aparılan duzsuzlaşdırma işləri qeyd olunur. Bura həmçinin suyun təkrar istifadəsi və qorunması daxildir. Baham adaları, Maldiv adaları və Malta kimi bir sıra ölkələr bütün su ehtiyaclarını duzsuzlaşdırma prosesi vasitəsilə qarşılayır. Səudiyyə Ərəbistanı bu yolla (34 milyon əhalisi) içməli suyun təxminən 50 faizini əldə edir.

Mütəxəssislərdən bəziləri isə hesab edir ki, su qıtlığı bəzən təbii proses nəticəsində yaranmır. Bu daha çox fövqəldövlətlərin kiçik dövlətlər üzərindəki çirkin siyasi və iqtisadi siyasətinin nəticəsində də formalaşır.\kaspi qəzeti

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26