Interposta.Info

Dövlət ərzaq ehtiyatlarının hansı məqsədlərlə istifadə ediləcəyi məlum oldu

İqtisadiyyat
 28-11-2022, 20:19     182

Dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılacaq.

"İnterPosta" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentə tövsiyə edilən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən yeni fəsildə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:

- qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək;

- iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;

- ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək.

Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi (qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək) ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.

Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir.

Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşdırılması, saxlanılması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26