Interposta.Info

Mərkəzi Bankdan faiz qərarı barədə - AÇIQLAMA

İqtisadiyyat
 25-10-2019, 17:49     10 345

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8%-dən 7.75%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmişdir.

"İnterPosta.info" xəbər verir ki, qərar ilə bağlı Mərkəzi Bankın açıqlamasında deyilir:

Faktiki inflyasiya gözlənilən trayektoriya üzrə dəyişir. Ümumi illik inflyasiya və onun əsas qruplar üzrə komponentləri hədəf diapazonu daxilində formalaşır. Dəqiqləşdirilmiş proqnozlar göstərir ki, 2019-cu ilin sonuna inflyasiya hədəf diapazonunun (4±2%) mərkəzinə yaxın səviyyədə formalaşacaqdır.

Cari ilin sonunadək inflyasiya riskləri balanslaşmış kimi qiymətləndirilir və qısamüddətli horizontda məcmu daxili tələbin genişlənməsi, orta və uzunmüddətli perspektiv üzrə isə başlıca olaraq xarici amillərlə bağlıdır.

Faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya üzrə elan edilmiş hədəf parametrlərinə nail olmağa yönəldilməklə daxili risklərin inflyasiyaya təsirindən və xarici sektorda gedən proseslərdən asılı olaraq qəbul ediləcəkdir.

İnflyasiyanın dinamikası. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə qiymətlərin ümumi səviyyəsinin illik artım tempində əhəmiyyətli dəyişiklik olmamışdır. Rəsmi statistikaya əsasən sentyabrda illik inflyasiya 2.5% təşkil etmişdir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

İstehlakın genişlənməsi şəraitində illik 5.1% səviyyəsində yüksələn ərzaq qiymətləri ümumi inflyasiyaya əhəmiyyətli təsir payını qoruyur. Xarici tələbin yüksəlməsi fonunda bəzi kənd təsərrüfatı məhsullarının daxili bazarda təklifinin dəyişimi və dünya bazarında ərzaq qiymətlərinin bahalaşması da ərzaq qiymətlərinin dinamikasına artırıcı təsir göstərir. Dünya ərzaq qiymətləri son 1 il ərzində 3.3%, o cümlədən, ət məhsulları üzrə 10.8%, şəkər üzrə 4.1% yüksəlmişdir.

İnflyasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə bahalaşma templəri isə (müvafiq olaraq 1.2% və 0.1%) hədəf diapazonunun mərkəzindən əhəmiyyətli aşağıda qalır. İnzibati qiymətlərin sabitliyi qeyri-ərzaq və xidmət inflyasiyasının aşağı tempini şərtləndirən əsas amillərdəndir.

Məcmu tələbin dəyişiminin pozitiv dinamikası və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində adekvat monetar siyasət, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik inflyasiya proseslərinə stabilləşdirici təsir edir.

İnflyasiya gözləntiləri stabil olaraq qalır. Real sektorun monitorinqinin nəticələrinə əsasən sentyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri ticarət və xidmət sektorlarında azalma, qeyri-neft emal sənayesində artım meylinə malik olmuş, tikintidə isə dəyişməmişdir.

2019-cu ilin sentyabrında 4250 ev təsərrüfatı arasında aparılmış sorğular əsasında müəyyən edilmişdir ki, respondentlərin yalnız 2.4%-i növbəti 12 ayda inflyasiyanın yüksələcəyini gözləyir. Rəy verənlərin 41.2%-i qiymətlərin eyni səviyyədə artacağını, 37.2%-i qiymətlərin daha az templə artacağını, 17.1%-i qiymətlərin təxminən eyni qalacağını, 2.1%-i isə qiymətlərin azalacağını gözləyir.

Yenilənmiş makroiqtisadi proqnozlara görə 2019-cu ilin sonuna inflyasiya hədəf intervalının (4±2%) mərkəzinə yaxın səviyyədə formalaşacaqdır. Proqnozlara görə 2020-ci ildə inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayacaq.

Monetar şərait. Monetar şərait neytrala yaxınlaşmaqla inflyasiya hədəfi və məcmu buraxılış kəsiri arasında optimal balansın qorunmasını dəstəkləyir. 2018-ci ilin əvvəlindən başlayaraq monetar şəraitin kəmiyyət və dəyər yumşalmasına baxmayaraq artım yönümlü maliyyə vasitəçiliyinin zəif olması və iqtisadiyyatda mövcud struktur problemlərinə görə məcmu buraxılış kəsiri poizitiv zonada tam möhkəmlənməmişdir.

İlin əvvəlindən manatla pul bazası 8.3% artmış, ilin sonuna pul təklifinin dinamikasını müəyyən edən başlıca amil vahid xəzinə hesabı qalığının dəyişimi olacaqdır.

Mərkəzi Bank iqtisadiyyatın pula tələbini nəzərə almaqla sterilizasiya əməliyyatlarının qalığını ilin əvvəlindən 44% azaltmışdır. Sentyabr ayından başlayaraq 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi ilə Mərkəzi Bankın sterilizasiya alətlərinin müddət üzrə diversifikasiyası ölkədə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması və banklararası pul bazarının aktivləşməsini dəstəkləmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Real faiz dərəcələrinin azalması şəraitində kredit aktivliyi əsasən istehlak kreditləri hesabına bərpa olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 9.4% artmışdır. O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 13% artmış və onun ümumi kreditlərdə xüsusi çəkisi 50%-ə yüksəlmişdir. Hüquqi şəxslərə kreditlər isə 6.3% artmışdır.

Mərkəzi Bankın faiz dəhlizinin parametrləri milli valyutada yığımların cəlbediciliyini dəstəkləyir və dollarlaşma göztəricilərində azalma meyli davam edir. Fiziki şəxslərin manatla əmanətləri 2019-cu ilin 9 ayında 21.3% artmışdır.

İqtisadi aktivlik. İqtisadi aktivlik pozitiv dinamikasını qoruyur və ixracın, istehlakın və qeyri-neft investisiyalarının genişlənməsi ilə dəstəklənir. Rəsmi statistikaya əsasən cari ilin 9 ayında iqtisadi artım 2.5%, o cümlədən qeyri-neft sektorunda 3.5% təşkil etmişdir.

Dövlətin sosial xərclərinin və istehlak kreditlərinin artımı əsasən istehlak mallarının idxalının artımı ilə müşaiyət olunur. Cari ilin 9 ayında istehlak mallarının idxalı 15%, o cümlədən uzunmüddətli istifadə mallarının idxalı 19% artmışdır.

Real sektorun monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi son ayda ticarət və tikinti sektorlarında artım, qeyri-neft sənayesində və xidmət sektorunda (mövsümi faktor) xəfif azalma meyli nümayiş etdirmişdir.

Qlobal iqtisadi aktivliyin səngiməsi risklərinin artması fonunda son aylar neftin dünya qiyməti azalmaya meyil etsə də (9 ay üzrə orta qiymət 64.9 ABŞ dollar) profisitli xarici ticarət balansını dəstəkləyir. Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 4.1%, o cümlədən, qeyri-neft ixracı 17% artmış, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 10.1% olmuşdur.

Profisitli tədiyə balansı valyuta bazarında təklifin tələbi üstələməsi və valyuta ehtiyatlarının artması üçün şərait yaradır. Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 11.7% və ya 5.3 mlrd. dollar artaraq 50 mlrd. dollara çatmışdır. O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları 9% artaraq 6.1 mlrd. dollara yüksəlmişdir.

İnflyasiya riskləri. Qısamüddətli perspektiv üzrə risk balansında sabitləşdirici amillər üstünlüyünü qoruyur. Bu amillərə başlıca olaraq profisitli tədiyə balansı şəraitində valyuta bazarının tarazlı olması və ölkənin kifayətlilik normalarını əhəmiyyətli üstələyən valyuta ehtiyatlarının mövcudluğu aiddir. İnflyasiya tempini yüksəldə biləcək amillərə isə sosial xarakterli fiskal stimullar və ona paralel artan pul kütləsi, habelə dünya ərzaq qiymətlərinin dəyişimi aiddir.

Ortamüddətli və uzunmüddətli proqnoz horizontunda isə risk amilləri əsasən xarici sektorla bağlı olaraq qalır. Qlobal de-inteqrasiya meyillərinin gücləndiyi və geo-siyasi gərginliklərin qalması şəraitində tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və dünya neft qiymətlərinin aşağı düşməsi xarici tələb amilləri vasitəsilə Azərbaycanda makroiqtisadi sabitlik üçün potensial təhdidlər yarada bilər. Məzənnə və inflyasiya gözləntilərinin həssaslığı və asimmetrikliyi də potensial risk mənbəyi olaraq qalır.

Mərkəzi Bank inflyasiya risklərinin hərtərəfli monitorinqini bundan sonra da davam etdirəcək və inflyasiyanı hədəf çərçivəsində saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcəkdir.

Bu qərar 25 oktyabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il dekabr ayının 13-də ictimaiyyətə açıqlanacaqdır. /fed.az

İnterPostainfo

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26