Interposta.Info

Minimum əməkhaqqını tam olaraq necə almaq olar? (Ekspertdən təklif)

İqtisadiyyat
 26-09-2019, 14:44     10 345

İqtisadçı vətəndaşın minimum əməkhaqqı olan 250 manatı tam şəkildə ala bilməsi üçün maraqlı variant irəli sürüb:

"Azərbaycanda təqaüd fondlarının yaradılması ilə bağlı heç bir qadağa olmasa da, bu sahədə hələ də Sosial Müdafiə Fondu yeganə təşkilatdır ki, həm pul toplayır, həm də hesabatlılığı aparır. Əslində bu da problemdir. Rəqabətli mühit yaranması üçün özəl təqaüd fondları yaradılmalı və qeydiyyat onların vasitəsilə həyata keçirilməlidir. Bir çox ölkələrdə, məsələn, ABŞ-da gəliri 100-də 20-dən az olanların vergi öhdəlikləri sıfra bərabərdir. Ancaq könüllü ödənişlər ola bilər: tibbi sığortaya, özəl təqaüd fonduna və s. Avropada da kifayət qədər belə məhdudiyyətlər var. Almaniyada 900 avrodan aşağı əməkhaqqı alanlar ümumiyyətlə vergidən azad olunur. Nəinki azad olunmaq, hətta dövlətdən əlavə yardım almaq şansı da yaranır.

Azərbaycanda da buna bənzər yanaşmaya keçmək məncə daha doğru olar. Yəni, minimum əməkhaqqı 250 manatdırsa, bu, vergilərsiz tədbiq olunmalıdır ki, vətəndaş hər ay nəğd olaraq ən azı 250 manatı ala bilsin.

Bildiyiniz kimi, özəl sektorda gəlir vergisi ləğv edilib. Ancaq dövlət sektorunda çalışanlarda bu sistem qalıb. Onlar 14% gəlir vergisi, 3% isə Sosial Müdafiə Fonduna ödəyirlər. Yəni dövlət sektorunda çalışanlar, büdcədən maliyyələşənlər 17% vergi ödəyir və minimum əməkhaqqından da az maaş alırlar. Özəl sektorda bir az fərqlidir. 250 manatdan gəlir vergisi tutulmasa da, Sosial Müdafiə Fonduna əlavə pul ödədikləri üçün onlarda da 250 manatdan az vəsait olur.

Ona görə dünya praktikasını da nəzərə alaraq hökümət minimum əməkhaqqını tətbiq edəndə yeni bir qayda tətbiq oluna bilər. Minimum əməkhaqqı anlayışına "Bütün vergilər və rüsumlar çıxıldıqdan sonra..." sözü əlavə olunsa, daha məqsədəuyğun olar. Və bu zaman dövlət sektorunda çalışanlar 250 manat deyil, 17% daha artıq almalıdır ki, bütün vergiləri ödədikdən sonra 250 manatı nəğd ala bilsin. Özəl sektorda çalışanların isə Sosial Müdafiə Fonduna ödədikləri vəsait çıxılmalıdır, yəni 261 manat almalıdır ki, tətbiq olunmuş minimum əməkhaqqı 250 manatı təmiz əldə edə bilsin”.

Natiq Cəfərli iqtisadçı Vüqar Bayramovun fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması ilə bağlı fikirlərinə də münasibət bildirib:

"Ola bilər ki, sabah hökümət gəlir vergisini də artırsın, vergi 14% olmasın, 22% olsun. Onda yenə azalmalar olacaq: 300 manat maaşı olsa belə, ələ 250 manatdan daha aşağı məbləğ gələcək. Ona görə də məbləğindən asılı olmayaraq, minimum əməkhaqqının təmiz şəkildə alınması üçün qanunvericilik sənədində və yaxud da prezident fərmanında bu cümləyə ehtiyac var: "Bütün vergi və sosial ödənişlər çıxıldıqdan sonra". O zaman minimum əməkhaqqının doğrudan da 250 manat olması tətbiq olunacaq. Bu, daha doğru yoldur".

Qeyd edək ki, qanunvericiliyə əsasən, həmin əməkhaqqından 7 manat ((250 manat-200 manat) x 14 faiz) - gəlir vergisi, 7,50 manat ((250 manat x 3 faiz) - sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) - işsizlikdən sığorta tutulur. Bu zaman işçiyə ödəniləcək məbləğ 234,25 ((250 manat -7 manat- 7.50 manat -1.25 manat) manat olur. Deməli, minimum əməkhaqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26