Interposta.Info

Problemli kreditlərin restrukturizasiyası çıxış yolu ola bilər?

İqtisadiyyat
 1-02-2018, 17:05     10 517

Vüqar Bayramov: “Yalnız problemli kreditlərin deyil, eyni zamanda da toksik aktivlərin sağlamlaşdırılması, restrukturizasiyası ilə bağlı ayrıca proqramın qəbul edilməsinə ehtiyac var”

Əkrəm Həsənov: “Belə qanun kreditlərin ödənilməsində çətinlik çəkən vətəndaşlarımız üçün müsbət hal olacaq”.

Deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında bildirib ki, artıq problemli kreditlərin həddi 2 milyardı keçib. Deputat parlament olaraq bu məsələyə ciddi yanaşmağı və problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmasını təklif edib. Onun sözlərinə görə, belə bir qanunun qəbulu kredit problemi ilə üzləşmiş insanların gözləntilərinin özünü doğrultmasında mühüm roy oynaya bilər.

Bəs problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanunun qəbul olunması probleminin həllinə yol açırmı və bu qanun qəbul olunarsa, bank sektorundakı indiki acınacaqlı vəziyyətin düzəlməsi mümkündürmü?

Vüqar Bayramov: “Bu proqramın qəbul edilməsinə indiki halda daha böyük ehtiyac var”.

2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da problemli kreditlərin və toksik aktivlərin sağlamlaşdırılması ilə bağlı xüsusi bir proqramın qəbul edildiyini nəzərə çatdıran iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi daha məqsədə uyğundur:


“Mən bir müddət əvvəl toksik aktivlərin və eyni zamanda problemli kreditlərin sağlamlaşdırılması, restrukturizasiyası ilə bağlı dövlət proqramının hazırlanmasını təklif etmişdim. Düşünürəm ki, yalnız problemli kreditlərin deyil, eyni zamanda da toksik aktivlərin sağlamlaşdırılması, restrukturizasiyası ilə bağlı ayrıca proqramın qəbul edilməsinə ehtiyac var. Biz əslində proqramın qəbul edilməsini təklif edirik. Yəni proqram çərçivəsində də konkret olaraq fəaliyyətlərin nəzərdə tutulması və həmin fəaliyyətə uyğun olaraq problemli kreditlərin və toksik aktivlərin sağlamlaşdırılması daha məqsədə uyğun olardı. Bu baxımdan ABŞ təcrübəsi daha məqsədə uyğundur.

Qeyd edim ki, ABŞ-da problemli kreditlərin və toksik aktivlərin sağlamlaşdırılması ilə bağlı 2008-ci il qlobal maliyyə böhranından sonra xüsusi bir proqram qəbul olundu. Bu proqram çərçivəsində də 450 milyard dollara yaxın vəsait məhz bankların, toksik aktivlərin və problemli kreditlərin sağlamlaşdırılması üçün istifadə olundu. Düşünürəm ki, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi daha məqsədə uyğundur. Bu proqramın qəbul edilməsinə indiki halda daha böyük ehtiyac var. Əgər proqramın qəbulu həyata keçirilərsə, bu halda problemli kreditlərin, həmçinin toksik aktivlərin sağlamlaşdırılmasını həyata keçirmək mümkündür. Buna görə də daha məqsədə uyğunu xüsusi bir proqramın qəbul edilməsidir. Biz 2016-cı ildə belə bir proqramın hazırlanamsı ilə bağlı artıq öz təkliflərimizi hökumətə təqdim etmişik”.

Əkrəm Həsənov: “Ən əsası isə bu qanun heç bir halda bank sahiblərinin və inzibatçılarının yaxınlarına verdikləri qanunsuz kreditlərə aid olmamalıdır”.

Borcunu heç ödəyə bilməyən şəxslərə, yəni müflis vətəndaşlara bu qanunun aid olmadığını qeyd edən bank üzrə ekspert Əkrəm Həsənov əlavə edib ki, onlar onsuz da müflisdir və onların borcu silinməlidir:

“Ümumiyyətlə belə qanun kreditlərin ödənilməsində çətinlik çəkən vətəndaşlarımız üçün müsbət hal olacaq. Söhbət elə borclulardan gedir ki, onların qismən ödəniş qabiliyyəti var, amma kredit şərləri yüngülləşdirilməlidir, məsələn: müddətin uzadılması, faiz dərəcəsinin endirilməsi, cərimələrin silinməsi, xarici valyutada olan borcun güzəştli məzənnə ilə manata çevrilməsi, borcun bir hissəsinin bağışlanması və s. Bundan sonra həmin şəxslər rahat şəkildə qalan borcu ödəyə biləcək, banklar da çoxsaylı məhkəmə proseslərində yaxasını qurtaracaq.

Amma hər bir halda borcunu heç ödəyə bilməyən şəxslərə, yəni müflis vətəndaşlara bu qanun aid olmayacaq. Onlar onsuz da müflisdir və onların borcu silinməlidir. Ən əsası isə bu qanun heç bir halda bank sahiblərinin və inzibatçılarının yaxınlarına verdikləri qanunsuz kreditlərə aid olmamalıdır. Həmin kreditlər cinayət təqibi nəticəsində tam qaytarılmalıdır”./pia.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26