Interposta.Info

Bank sektorunu udmağa hazırlaşan “əjdaha

İqtisadiyyat
 28-07-2017, 22:29     10 586

Problemli kreditlərin həcmi durmadan artır

Bank sektorunun müflis olmasına səbəb olan problemli kreditlərin həcmi durmadan artır. Azərbaycanın Mərkəzi Bankının (AMB) açıqladığı son statistikaya görə, vaxtı keçmiş kreditlərin ümumi məbləği 1 739,8 milyon manat təşkil edir. Bu da ümumi kredit portfelindəki payının 11,8 faizə çatdığını göstərir.

Rəsmi rəqəmlərə baxmayaraq, beynəlxalq agentliklərin hesablamalarına görə, Azərbaycanda 11 faizdən əlavə 25 faiz də “ölü kreditlər” var. Buna görə də real rəqəm rəsmi informasiyadan əhəmiyyətli dərəcədə fərqlənir.

Məhz bu problemin təsiri ilə banklar bir-birinin ardınca müflis olur, bəziləri isə defolt olmaq həddindədir. Lakin nə Mərkəzi Bank, nə hökumət, nə də həmin bankların özləri bu problemin həllinə çalışmır.

“Yeni Müsavat”a açıqlamasında bu durumu şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu məsələ son 3 ildə aktual olan mövzulardan biridir:
“O baxımdan ki, xüsusilə bank sektoru və eyni zamanda real sektor, kiçik və orta biznesin , eləcə də vətəndaşların maliyyə vəziyyəti və sair sahələrdəki iqtisadi göstəricilər birbaşa olaraq hökumətin həyata keçirdiyi siyasətdən asılıdır. Belə ki, ilk devalvasiyadan 2 il 6 aydan çox vaxt keçməsinə baxmayaraq, biz bu istiqamətdə heç bir addımın atılmasını müşahidə etmədik. Bu günə qədər ayrı-ayrı dövlət qurumlarının və eyni zamanda hökumət nümayəndələrinin çıxışlarından, problemə münasibətlərindən də aydın olur ki, bundan sonra da hər hansı güzəştin ediləcəyini gözləmək sadəlövhlük olardı. Bu istiqamətdə yük əsasən vətəndaşların və bankların üzərində qaldı. Bu Konstitusiya Məhkəməsinin 2015-ci ilin may ayında qəbul etdiyi qərarda da öz əksini tapmışdı. Halbuki hər iki tərəfin çəkdiyi zərər birbaşa dövlət qurumlarının, Mərkəzi Bankın və eyni zamanda hökumətin qəbul etdiyi qərarlar səbəbindən baş vermişdi. Buna baxmayaraq, hər hansı güzəşt olmadı və güzəşt gözləmək də sadəlövhlük olardı. Hazırda məhkəmələrdə 800 mindən artıq kredit işi var”.

Rəşad Həsənovun sözlərinə görə, bəzi hallarda baklar vətəndaşı məhkəməyə verməkdə belə maraqlı olmurlar:
“Bizim müşahidələrimizdə aydın olan bir məqam da odur ki, bəzi hallarda qanunvericiliyin tələbinə uyğun olaraq vaxtı keçmiş kreditlərin məhkəməyə verilməsi vaxtı çatmasına baxmayaraq, hələ də o işlər məhkəməyə verilməyib. Çünki bankların özü də məhkəmələrdə olan işin çoxluğunu və eyni zamanda prosedurların ağırlığını və ya problemin yaranma səbəblərinin əslində vətəndaşdan və ya biznesmendən qaynaqlanmadığını bilərək prosesləri yubadır. Amma işlər kifayət qədər çoxdur və faktiki olaraq bu gün ölkə məhkəmələrinin prosesləri sürətli həll etmək imkanları yoxdur. Çünki faktiki olaraq maddi-texniki baza buna imkan vermir. Bu proses 5 il də davam edə bilər, həmin müddətdə də həm bank sektoru, həm də vətəndaşlar üçün müəyyən psixoloji və maddi təzyiq formalaşdırır”.

İqtisadçının sözlərinə görə, son hadisələrdən sonra məhkəmələr artıq bir sıra hallarda problemli kredit işinə birbaşa olaraq borclu tərəfin iştirakı olmadan baxırlar:
“Bu zaman vətəndaşların bu məhkəmələrdə özlərini müdafiə etmək hüququ belə olmur. Məhkəmələr birtərəfli qaydada qərardad qəbul edirlər. Bəzən də bu qərarlarda daha çox bankların mövqeyi öz əksini tapır. Əslində məhkəmələr Mülki Məcəllədə nəzərdə tutulan qanuna əsaslanaraq, bu qərarları qəbul edirlər. Bu prosesdə birbaşa olaraq məhkəmələri günahlandırmaq doğru deyil. Çünki Mülki Məcəllə istənilən halda borcların geri qaytarılması tələbini ortaya qoyur və borclu tərəf həmin vəsaiti geri qaytarmalıdır. Ancaq prosesin hazırki baş vermə səbəbləri nəzərə alınarsa, burada vətəndaşın , biznes subyektinin günahsızlıq prezumpsiyası da var. Bu əksər hallarda məhkəmələr tərəfindən dəyərləndirilmir”.

R.Həsənov prosesin çox acınacaqlı bir məcraya doğru yönəldiyini təəssüflə diqqətə çatdırdı:
“Proses o istiqamətdə davam etdi ki, bir sıra banklar bağlandı. Çünki problemli kreditlərin həcmi kifayət qədər çoxdur. Bu günlərdə açıqlanan hesabatlardan da məlum olur ki, artıq 2016-cı ilin sonuna Azərbaycan bank sektorunun problemli aktivlərinin həcmi 30 faizdən yuxarı olub. Rəsmi məlumatlarda isə problemli kreditlərin həcmi ümumi kredit portfelinin 10 faizi həcmində qiymətləndirilir. Bizim bank sektorunda çalışanlarla, o cümlədən kredit borcu olanlarla müzakirələrimiz onu göstərir ki, əksər borclar ödənmir. Bu bank sektorundakı gərginliyi növbəti dövrlərdə daha da dərinləşdirməklə çıxılmaz istiqamətə yönəldir. Vətəndaşlar üçün də bu borc davamlı olaraq “Demokl qılıncı” kimi başlarının üzərindədir. Bu gün əksər vətəndaşlar və biznes subyektləri kredit ödəyicisinə çevrilib. Bu, bir tərəfdən növbəti dövrlərdə bankların kreditləşmə siyasətində özünü göstərəcək. Çünki banklar normativlərə uyğun olaraq, problemli müştərilərə kredit verməməlidirlər. Halbuki onların işlədiyi müştərilərin əksəriyyəti hazırki şərtlər daxilində problemli kredit sahiblərinə çevriliblər.

Bu baxımdan bankların müştəri bazası sürətlə azalır. İkincisi, məhkəmə qərar qəbul edirsə, bu aidiyyəti qurumlara, o cümlədən dövlət sərhəd xidmətinə göndərilir. Beləliklə vətəndaşlar, təhsil almaq, müalicə və ya səyahət üçün ölkə xaricinə çıxmaq ehtiyacı yarandıqda bu hüquqlarından da məhrum olurlar. Təbii ki, müxtəlif təzyiqlər formalaşır, borc ödənilmədikdə faiz yükü də artır. Hazırda bu proseslər çox fəsadlı bir məcradadır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26