Interposta.Info

Qızıl bazarı canlanır - daş-qaş bazarındakı son durumdan qeydləri

İqtisadiyyat
 22-07-2017, 11:36     3 634

Daş-qaş bazarında rus və türk qızılları daha çox satılır, çünki...

Son günlər dünya birjalarında əlvan metalların qiyməti ucuzlaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,10 dollar ucuzlaşaraq 1 240,80 dollara, gümüş isə 0,05 dollar azalaraq 16,22 dollara satılıb. Azərbaycanda isə iki aylıq bir durğunluqdan sonra qızıl bazarında canlanma yaşanır.

Söhbət əhalinin istifadə etdiyi zinət qızılından gedir. Belə ki, may ayında toy etməyin uğursuzluq olduğunu düşünənlər və Ramazan ayında xeyir işlərini təxirə salanlar bir-birinin ardınca toy etməyə başlayıblar. Nəticədə qızıla tələbat artıb.

Bəs görəsən, bu durum qızıl bazarına necə təsir edib? Manatın məzənnəsinin uzun müddətdir sabit olduğunu nəzərə alsaq, qızıl bazarında da stabillik varmı?

Musavat.com-un müxbiri bu suallara cavab tapmaq üçün “Laçın” ticarət mərkəzindəki qızıl mağazalarına baş çəkib, qiymətlərlə maraqlanıb.

İstirahət ayları olsa da, ticarət mərkəzinin qızıl şöbəsində, piştaxtaların qarşısında kifayət qədər alıcı gözə dəyir. Digər aylardan nisbətdə yay aylarını qızıl bazarının qaynar dövrü saymaq olar. Satıcılar da bunun səbəbini insanların yay fəslində toy-nişan etməyə üstünlük verməsi ilə izah edirlər: “İsti aylarda adətən müştərilər çox olur. Yay aylarında xanımlar qızıl-zinət əşyalarına üstünlük verilir. Bu isə geyimlə əlaqəlidir. Daha çox açıq geyimlər geyildiyindən qızıl aksesuarlarının istifadəsi rahat olur. Qış aylarında isə qızıl bazarında durğunluq yaranır. Çünki qış geyimində qızıldan çox az istifadə olunur. İndi gün ərazində 5 müştərim olursa, qış aylarında bu say 1-ə enir. Qışda icarə haqqını və gündəlik xərcimizi güclə çıxarırıq. Yayda toy edənlərin də sayı artır, toy isə ilk növbədə qızıla tələbat deməkdir ”.

Satıcı Gülmirə Salayeva bazara gələn müştərilərin rus və türk qızıllarına üstünlük verdiklərini bildirdi:
“10 ildir ki, burada çalışıram. Bizim mağazalara gələn müştərilər adətən orta təbəqənin insanlarıdır. Bu səbəbdən də ucuz mala, rus qızılına daha çox üstünlük verirlər. Onu da deyim ki, görünüşündə və keyfiyyətində heç də seçilmir. Rus qızılı türk və İtalyan qızılından 15-20 manat ucuzdur. Hazırda rus qızılının alış qiyməti 40-42 manat, satışı isə 53-55 manat, türk qızılı 60 alışı, satışı 65, İtalyan qızılının alışı 62 manat, satışı isə 72 manatdır. Açığını desəm, italyan qızılını daha çox elit təbəqədən olan insanlar alır. Ancaq tələbat çox olduğundan bizim əsas gəlirimiz rus qızılındandır”.

Qızıl bazarında qiymətinə görə ərəb qızılı liderlik edir. Ərəb qızılını baha edən tərkibinin 97 %-nin xalis qızıldan olmasıdır. Ərəb qızılının qramı 80-100 manat arasında dəyişir. Bahalı olduğundan bu qızıla tələbat da azdır. O baxımdan, çox az satıcı bazara ərəb qızılı gətirməyə risk edir.

Satıcılardan biri deyir ki, bu, böyüklükdə bazarda ərəb qızılını yalnız özü satır:
“Qızıl bazarında ərəb qızılının satışı ilə yeganə olaraq mən məşğul oluram. Ərəb qızılları bahalı olduğundan müştərisi də azdır. Ona görə də heç kim bu işə baş qoşmaq istəmir. Təbii ki, öz müştərilərimiz var. Bu qızılların da öz həvəskarları var. Rəng və görünüş baxımından da digər qızıllardan fərqlidir. Qiymətlərində də çox fərq var. Misal üçün, ərəb qızılından olan qolbaq 4-5 min manatdır. Qadın üçün 34-40 qramlıq boyunbağılar isə 3500-4000 min manatdır. Onu da deyim ki, bu qolbaqlar və boyunbağılar digər univermaqlarda minimum 6-7 min manatdır. Eyni qızıl olsa da, şəhərin mərkəzində bahadır. Bunun səbəbi piştaxtaların icarə haqqı ilə əlaqəlidir. Bizdə 1000 manata olan yerhaqqı orada 3 min manatdır. Onu da bildirim ki, Mərkəzi Univermaqda olan zinət əşyalarının çeşidi daha çoxdur. Həm də oraya şəhərin ən elit təbəqəsindən olan alıcılar gedir”.

Satıcıların sözlərinə görə, bazarda qızılın topdansatışı da həyata keçirilir:
“Qızıl bazarında topdan qızıl satışı həyata keçirənlər də var. Qızıl lazım olan zaman həmin yerlərdən alıb, pərakəndə satırıq. Türk və İtalyan qızılının qramını 30-32 dollardan, yəni manatla 58-60 manata alıb, üstünə 10-15 manat qoyub satırıq. Lakin bu, məcburi deyil, qızılı özün də gətirə bilərsən. Ancaq bu bizim kimi satıcılara sərf etmir. Topdansatışla məşğul olanlar isə qızılı xaricdən 26-28 dollardan alırlar”.

Satıcılar onu da bildirdi ki, qızılın qiyməti gündəlik olaraq dəyişir. Dünya bazarında qızılın unsiyası bahalaşanda, Bakıda da qiymətlərə təsir edir. Ümumilikdə isə qızılın qiyməti tədricən cüzi qiymət artımları ilə bahalaşmağa doğru gedir.
Qızıl alıcıları ilə yanaşı, zinət əşyalarını satışa çıxaranların da sayı artıb. Satıcılar deyir ki, əhalinin güzəranının ağır olması bəziləri zinət əşyalarını satmağa vadar edir. Qızılını satanlar arasında Rusiyadan gələn vətəndaşların da sayı kifayət qədərdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26