Interposta.Info

Deputat devalvasiya anonsu verdi, ekspert "sektor çökər" dedi

İqtisadiyyat
 20-07-2017, 19:20     701

"Milli Məclisdə təklif edəcəm ki, bankirləri yığıb toplantı keçirək və baxaq görək onların dərdləri nədir. Azərbaycanda niyə problemli kreditlər bu qədər artır? Banklar əhalidən 9-10%-dən əmanətlər götürür və 30-35%-dən kredit verir. Bankın 20-25% xərci ola bilməz. Bu məsələyə çox ciddi diqqət yetirmək lazımdır. Banklar müəyyən güzəştlərə getməlidir. Maliyyə amnistiyası ilə bağlı qanun qəbul edilməlidir. Neftin qiyməti yenə ucuzlaşır və bu, manatın növbəti devalvasiyasına gətirib çıxara bilər. Bir tərəfdən də problemli kreditlər əngəllər törədir".

Bunu dünən baku.ws-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov söyləyib.

Ümumiyyətlə problemli kreditlərin bağışlanması bank sektoruna necə təsir edə bilər? Maliyyə amnistiyası ilə bağlı qanunun qəbul edilməsi iqtisadiyyatın bugünkü vəziyyəti baxımından məqsədəuyğundurmu?

Bununla bağlı "Qaynarinfo"ya danışan iqtisadçı-ekspert Rövşən Ağayev bu addımın tərəfdarı olmadığını, əgər belə bir addım atılarsa bankların yarısının bazardan çıxacağını və bank sektorunun çökəcəyini bildirib:

Deputat devalvasiya anonsu verdi, ekspert "sektor çökər" dedi


"Hazırda problemli kreditlərin miqdarı ilə bağlı ziddiyyətli fikirlər var. Rəsmi statistika bunun ümumi kredit payının 11 faizini təşkil etdiyini qeyd edir ki, bu da son illərin ən yüksək göstəricisi hesab olunur. Müstəqil ekspertlərin fikirlərinə görə isə real rəqəm daha yüksəkdir, sadəcə, görünür rəsmi statistika real göstəriciləri gizlətməkdə maraqlıdır. Amma istənilən halda bəzi banklar var ki, problemli kreditlər ümumi kreditlərinin yarısını təşkil edir. Bir neçə gün əvvəl banklardan biri bunu rəsmi şəkildə açıqlayıb. Bağışlamaq məsələsinə gəlincə, bildiyiniz kimi devalivasiyadan sonra bank sektorunda böyük böhran yaşanır. Çox kiçik istisnalar olmaqla, yəni ilk "beşlik"dəki bankları çıxmaq şərtilə, bütün bankların ciddi problemləri var. Beynəlxalq Bankı bu siyahıya salmıram, onların vəziyyəti daha ağırdır. Söhbət özəl banklardan gedir. Problem həm problemli kreditlərlə bağlıdır, həm də resurslara çıxış imkanları məhdudlaşıb. Artıq xaricdən əvvəlki qaydada maliyyə resursları cəlb edə bilmirlər. Həmin bankların valyuta mövqeləri pozulub ki, bu vəziyyəti daha ağırlaşdırır. Məsələyə istehlakçı tərəfdən yanaşanda biznes şəraitində kreditlərin bağışlanması müsbət hal kimi görünə bilər, amma bank sektorunun gözü ilə baxanda bu, belə deyil. Çünki "bank sektoru iqtisadiyyatın qan-damar sistemidir" sözünü təsadüfən demirlər. Yəni belə bir situasiyada ağır zərbə altında, təzyiq altında olan bank sektorunun güzəştlər hesabına resurslarının bir hissəsindən imtina etməsi o deməkdir ki, bu sektor daha da çökəcək və çökmə iqtisadiyyatın perspektivi üçün faydalı deyil. Mən burada ortaq məxrəcin tapılmasının tərəfdarıyam".

Ekspert problemli aktivlərin bir hissəsinin hökumət tərəfindən alınması yolu ilə bankçılığa dəstək göstərilməsinin daha məqsədəuyğun olduğunu bildirib:


"Yadınızdadırsa, devalvasiyanın ilk dövrlərində belə təklif oldu ki, xarici valyuta ilə olan kreditləri qaytara bilməyənlərin borcu 1/3 prinsipi əsasında paylaşılsın. Bu məsələdə də səmərəli və şəffaf şəkildə bank sektoruna dövlət dəstəyinin verilməsinin tərəfdarıyam. Ən son 2007-2008-ci illər maliyyə böhranı zamanı qərb ölkələrində hökumətlər problemli aktivlərin alınması yolu ilə banklara dəstək verdilər, nəinki kreditləri güzəştə getdilər. Çünki hökumətlər başa düşdülər ki, kreditləri bağışlamaqdansa, aktivləri almaq daha doğru yoldur ki, maliyyə sektoru çökməsin. Əks halda, kreditlərdən imtina edilməsi aktivlərin kiçilməsinə səbəb olacaq. Bu, Azərbaycan reallığında problemli məsələdir, çünki şəffaflıq yoxdur. Mən hər zaman iqtisadçı kimi cəmiyyətin tərəfindən çıxış edirəm, amma elə məsələlər var ki, burada ölkənin iqtisadiyyatı, mənafeyi önəm daşıyır. Yəni, kütləvi şəkildə kreditlərin bağışlanılmasına gediləcəksə, əmin olun ki, bankların aktivlərinin 1/3 hissəsi itiriləcək, bank sektoru çökəcək və çox ağır vəziyyətə gətirib çıxaracaq. Bunu doğru yol saymıram. Elə ailələr var ki, ağır vəziyyətdədir. Məsələn şəhid ailələri, sosial vəziyyəti çətin olan şəxslər və s. İstisnalarla onlara güzəştlər tətbiq etmək olar. Hökumətin də imkanları məhduddur, amma Beynəlxalq Banka necə yardım edirsə, özəl sektora da dəstək verməlidir. Yenə də qeyd edirəm ki, bu məsələdə ortaq məxrəc tapılmalıdır".
Deputat devalvasiya anonsu verdi, ekspert "sektor çökər" dedi

R.Ağayev bankların kredit faizlərinin yüksək olmasından da danışıb və bank sektorunun bu vəziyyətə gəlib çıxmasının səbəblərindən söz açıb:


"Mən bankların kredit soyğunçuluğuna heç zaman haqq qazandırmıram. Sadəcə nəticə haqqında danışıram. Vaxt var idi banklar beynəlxalq maliyyə bazarlarından maksimum 3-4 faizlə resurs cəlb edib, 20-25 faizlə əhaliyə satırdılar. Bu proses hər zaman olub. Səbəbi də odur ki, ölkədə rəqabət mühiti yoxdur, bank sektorunda yüksək təmərküzləşmə var. Özünüz də bilirsiniz ki, ölkənin ilk "beşliy"ində olan bankların sektorda payı 60 faizə çatır. Beynəlxalq Bankı saymayıb, dövlət bankı kimi bir kənara qoysaq, sırf özəl bankların kapitalizasiyası əsasında qiymətləndirmə aparılarsa, ilk "beşlik"də olan banklar yenə kapitalın 3/4-nə sahibdir. Əgər pul rəqabətli şəraitdə verilmiş olsaydı, o resursları banklar rəqabət apararaq əldə edib insanlara və biznesə vermiş olsaydılar, bugünkü vəziyyət yaşanmazdı. Bu, çox ciddi bir problemdir. Amma bankların soyğunçuluğunu yaddan çıxartmadan, bunu göz önündə saxlayaraq, yenə də hesab edirəm ki, bu şəraitdə problemli kreditlərin kütləvi şəkildə güzəşt olunması bankların yarısının bazardan çıxmasına səbəb olacaq".

Ekspert neftin dünya bazarında ucuzlaşdığı bir vaxtda belə bir addımın atılmasının məzənnədə sabitliyin qorunub-saxlanılmasına necə təsir edəcəyi məsələsinə də münasibət bildirib:

"Manatın devalvasiyası bilavasitə neft bazarında baş verən proseslərdən, bir də hökumətin qərarlarından asılıdır. Yəni, neftin qiyməti 45-50 dollardan aşağı düşməyəcəksə, hökumətin valyuta ehtiyatlarının müəyyən hissəsini iqtisadi sabitliyi saxlamaq üçün ayırması ilə manatın məzənnə sabitliyini qoruyub saxlamaq mümkün olacaq. Düşünürəm ki, 2017-ci ilin sonuna kimi hədəf də budur, 2018-ci ildə vəziyyətin necə olacağını isə zaman göstərəcək. Amma neftin qiyməti 45 dollardan aşağı düşsə, manat üçün ciddi təhlükə yaranacaq. Burada önəmli bir məsələ də var. Belə ki, məzənnənin dəyişməsində neftin qiyməti ilə yanaşı iqtisadi aktivlik də böyük rol oynayır. Ola bilər ki, neftin 60 dollar qiymətində də məzənnəni qorumaq mümkün olmaz. Bu o zaman baş verir ki, iqtisadi aktivlik yüksək olur, hökumət pul kütləsini sıxmır və hesab edir ki, iqtisadi aktivlik artırılmalıdır. İqtisadiyyatda belə bir nəzəriyyə var ki, pul kütləsini sıxmaq olmaz və hökumət iqtisadiyyatı stimullaşdırmalıdır. Yəni belə bir yanaşma davam etdirilsə, neftin qiyməti 60 dollar olsa belə dollara tələbat yüksək olar, tələblə təklif arasında saldo yarana bilər və belə olduğu təqdirdə də məzənnənin sabitliyini qorumaq mümkün olmaya bilər. Buna görə də devalvasiya bir neçə səbəbdən asılıdır:

1. İqtisadiyyatın dollara olan tələbatının necə dəyişməsi;

2. Hökumət sabitliyi qorumaq üçün hansı addımları atmağı düşünməsi, yəni valyuta bazarına müdaxilə edib-etməməsi;

3. Neftin qiyməti".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26