Interposta.Info

İqtisadçılar etiraz edir:

İqtisadiyyat
 19-05-2017, 10:27     585

“Azərbaycan əhalisinin 80 faizi qazancının az qala hamısını ərzağa xərcləyir”

Bu ilin yanvar-aprel aylarında ötən ilin analoji dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,5% artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən 4 ay ərzində ərzaq məhsullarının qiymətləri 17,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin, qiymətləri isə 8,7% artıb.

Bəs görəsən bu rəqəmlər nə dərəcədə reallığı əks etdirir? Bahalaşma səviyyəsi bundan daha artıq ola bilərmi? İslam Həmrəyliyi Oyunlarından və Formula 1 yarışından sonra ölkə iqtisadiyyatını nə gözləyir, inflyasiya daha da arta bilərmi?

Bu suallara iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında aydınlıq gətirdi: “İstehlak məhsulları və xidmətləri üzrə inflyasiyanın real dərəcəsini hər bir evdar qadın belə gündəlik alış-veriş xərcindən görür. Təbii, bu, 13,5% deyil, azı 25%-dir. Xüsusən də məhsullar üzrə. Xidmətlərin qiymət artımı bəzən heç olmayıb da. Məsələn, bərbər, taksi və s. Niyə? Ona görə ki, onların qiyməti onsuz da şişmiş idi əvvəldən. Amma məhsulların qiyməti daha çox artıb. Səbəb də bəllidir: onların çoxu xaricdən gəlir, sahibkarlar valyuta risklərini qiymət artımı yolu ilə tənzimləyir, bir çox sahibkar biznesini bağlayır, rəqabət zəifləyir və s. Amma o da düzdür ki, əslində inflyasiya gözləntisi daha yüksək idi. Sadəcə, Mərkəzi Bankın manat kütləsini kəskin azaltması inflyasiyanı zəiflətdi, devalvasiyanın isə qarşısını aldı. Lakin məlumdur ki, bu proses çox çəkə bilməz. İqtisadiyyata pul lazımdır, buna görə də Mərkəzi Bank kreditləşdirməni davam edən kimi devalvasiya da olacaq, inflyasiya da daha yüksək olacaq. Bütün bu problemlərin həlli üçün sahibkarlığa real dəstək, qeyri-neft sektorunun inkişafı lazımdır. Amma təəssüf ki, məmurların çoxu dövlət başçısının bu sahədəki siyasətini qeyri-qənaətbəxş icra edir”.

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, Azərbaycan iqtisadiyyatı üçün ikirəqəmli inflyasiya çox ciddi təhdiddir: “İnflyasiya insanların real gəlirlərini ”yemək"lə məşğuldur. Hökumət rəsmi statistika da açıqladı ki, ölkədə əhalinin gəlirləri 6 faiz artıb. Bu nominal artımdır, real artım yoxdur. İnflyasiya isə bu nominal artımı da heçə endirir. Manatın dəyərdən düşməsi, daxili istehsalın zəif olması, insanların xaricdən gətirilən məhsullardan daha çox gəlir əldə etməyə meyllənməsi inflyasiyanı artırır. Bu da insanların günahı deyil, onlar hər zaman risk faktorunu da nəzərə alırlar. Çünki manatın dəyərdən düşməsi riski var. Məhsul gətirən insanlar bu riski nəzərə alaraq risk marjını da üzərinə gəlirlər, təqribən 5-10 faiz əlavə qiymət qoymağa çalışırlar. Bu faktorlar inflyasiyaya ciddi təsir göstərir və ikirəqəmli həddə olmasına səbəb olur. Hesablama qaydasına gəldikdə isə təbii ki, Azərbaycanda bu həmişə problem olaraq qalır. Çünki beynəlxalq praktika ilə Azərbaycanda hesablanan inflyasiya arasında ciddi fərq var. Azərbaycanda həm indiqatorlar azdır, həm də inflyasiya səbətinə daxil olan məhsulların çeşidi azdır. Xidmətlərin də çeşidi azdır".
İqtisadçılar etiraz edir:


N. Cəfərlinin sözlərinə görə, artıq Avropa ölkələrində, o cümlədən qonşu Gürcüstanda inflyasiyanın hesablanmasında yeni qaydalar tətbiq olunur: “İnflyasiya səbəbi genişlənsə idi və həcmi artsa idi, təbii ki, inflyasiya dərəcəsi də artacaqdı. İndikindan daha çox olacaqdı. Bütün bunlara baxmayaraq, Azərbaycanda əhalini ən çox narahat edən ərzaq inflyasiyasıdır. Hətta rəsmi rəqəmlərdə də ərzaq inflyasiyası ümumi inflyasiyadan 3-4 faiz daha yüksəkdir. Bu da ciddi sosial gərginlik yarada biləcək bir faktordur. Azərbaycan əhalisinin 80 faizinin qazancının az qala hamısı ərzağa xərclənir. Bu da ölkədə yoxsulluq göstəricilərindən biridir. Hökumət bunu da qəbul eləmir. Ancaq beynəlxalq praktikada hər bir insan gəlirlərinin 20 faizdən yuxarısını ərzağa xərcləyirsə, artıq o kasıb sayılır. Azərbaycanda isə aztəminatlı əhali az qala gəlirlərinin hamısını ərzağa xərcləyir. Bu baxımdan, ərzaq inflyasiyası daha vacibdir”.

Proqnozlara gəlincə, ekspert bildirdi ki, yay mövsümündə yeni meyvə və tərəvəzin bazara çıxması ilə bağlı inflyasiya bir qədər aşağı düşə bilər: “Mən yay mövsümündə manatın məzənnəsində də çox ciddi oynamaların olacağını gözləmirəm. Müəyyən hərəkətlənmə olsa da, kəskin fərq olmayacaq. Artıq iki aya yaxındır ki, Mərkəzi Bank manatın ən aşağı həddinin 1.70 olduğunu sanki elan edib. Bu həddə bir qırmızı xətt çəkib və rəsmi məzənnənin bundan aşağı düşməsini istəmir. Bu baxımdan, rəsmi məzənnə 1.70-dən aşağı düşməyəcək. Amma yuxarı qalxmasında çox cüzi tərpənişlər ola bilər. Qiymətlərə və məzənnəyə təsir edəcək amillər payız və qış aylarında olacaq. Burada beynəlxalq faktorlar da var. İyun ayından FED-in faizləri artıracağı gözlənilir. Növbəti faiz artımı da sentyabrda nəzərə tutulur. Neftin qiymətlərində də ciddi bir qeyri-müəyyənlik var. Neftin qiymətləri 15 faizə yaxın aşağı düşüb. Bu tendensiyanın davamlı olması ehtimalı da var. Mayın 25-də OPEK-in də hasilatın azalması ilə bağlı iclası olacaq. Bütün bunlar beynəlxalq amillərdir. Daxili amillər isə yerində qalır. İnhisarçılıq, rəqabətli mühitin olmaması da qiymət artımını tətikləyən əsas amillərdən biridir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26