Ərdoğan Rza Zərrab olayından uduşla çıxacaq - rəylər
Ekspertlərə görə, baş verənlər AKP iqtidarını yeni çətinliklərlə üzləşdirsə də, hakimiyyət əngəlləri aşa biləcək
Hazırda Amerikada məhkəməsi gedən iş adamı Rza Zərrabın ifadələrindən sonra Türkiyə ilə bu ölkə arasında yaranan gərginlik davam edir. Qərbin Rza Zərrab üzərindən yaratdığı şou qardaş ölkənin siyasi arenasını yerindən tərpədib. Gedən proseslərin AKP iqtidarı üçün ciddi başağrısı ola biləcəyi söylənilməklə yanaşı, əslində Qərbin 2019-cu ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğan hakimiyyətini devirmək üçün indidən hərəkətə keçdiyi də deyilir.
Lakin ekspertlər Qərbin niyyətinin həyata keçmək şanslarının zəif olduğunu bildirirlər.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Zərrab məsələsi AKP iqtidarı və Ərdoğanı daha da gücləndirəcək: “Türkiyə cəmiyyətində bir konsolidasiya görürük. MHP-nin ardınca Səadət Partiyası da Türkiyə iqtidarına dəstəyini bildirdi. Məsələ ABŞ-Türkiyə müstəvisində olduğu üçün xalq AK Partiya və onun lideri Ərdoğanın yanındadır. Artıq 2019-cu il üçün AK Partiya-MHP ittifaqı anonsu verilib. 2019-cu ilin prezident seçkilərində Ərdoğan gözləniləndən də çox səs alsa, təəccüblənmərəm. 90 il cəza gözlənilən Zərrabın bir gün içində müttəhimdən şahidə çevrilməsi təbii ki, məhkəmənin şousundan xəbər verir. Patriarxal-mühafizəkar türk insanını Amerikada keçirilən məhkəməyə inandırmaq mümkün deyil. Ona görə ABŞ-ın Türkiyə və şəxsən Ərdoğana qarşı bu həmləsi də uğursuz olacaq. 2019-cu il daxil olmaqla, Türkiyə bütün həmlələri dəf edə bilsə, inkişafının yeni mərhələsinə çıxacaq. ABŞ kimi ölkələrin siyasəti çoxşaxəlidir. Düşünmürəm ki, Amerika ilə Türkiyə arasında bütün körpülər yanıb. Sadəcə, amerikan xarici siyasətində indi antitürk ruzigarı əsir, amma hər an vəziyyət dəyişə bilər və dəyişməlidir də. ABŞ Türkiyə ilə müttəfiqdir və bu müttəfiqliyin qorunub saxlanması hər iki tərəf üçün vacibdir. Tramp Türkiyə ilə münasibətlərin yenidən qurulmasını istəyir, lakin ona imkan vermirlər. Fikrimcə, ABŞ Türkiyə ilə münasibətlərin qorunub saxlanmasını istəyir. Lakin tam şəkildə bu ancaq o halda baş verəcək ki , Ağ Evdə anlayacaqlar ki, Türkiyə artıq başqa Türkiyədir və daha heç nə əvvəlki kimi olmayacaq”.
Siyasi ekspert Sahib Kərimli də bildirdi ki, son baş verən proseslər Ərdoğan iqtidarı üçün xoş olmayan nəticələr verməyəcək: “Hesab edirəm ki, AKP iqtidarı prosesləri öz xeyrinə çevirə biləcək. Bir məsələni açıq deməliyik ki, Türkiyədə Ərdoğana rəis deyən milyonlar var. Türk insanı fərqindədir ki, dünyada beynəlxalq hüquq ölüb. Bəllidir ki, ABŞ prezidenti Tramp qara işlərə qarışır və bununla bağlı çoxsaylı faktlar var. Türk insanı onu da yaxşı anlayır ki, Rusiya kimi dövlətlə münasibətlərə ehtiyac var, bu, dövlət maraqları baxımından vacibdir. Regionda qeyri-adi proseslər baş verir. Bunların fonunda Türkiyədə müqavimət hissi, milli hiss güclənəcək. MHP lideri Dövlət Baxçalının Ərdoğana dəstəyində qara heç nə axtarmaq mümkün deyil. Çünki milli hisslərlə Ərdoğana dəstək verilir. Belə bir vaxtda milli hissləri güclü olan insanlar AKP iqtidarının ətrafında daha sıx birləşəcəklər. Ona görə bu proseslərin Türkiyədə hər hansı bir problemlərə yol açacağını düşünmürəm”.
Politoloq Nəzakət Məmmədova Türkiyənin ən ağır dönəmə qədəm qoyduğunu düşünür: “2018-ci ilə AKP iqtidarı çox çətin bir durumda ayaq basır. Belə davam edərsə, 2018-ci ilin Ərdoğan komandası üçün ağır keçəcəyi gözlənilir. Həm daxili, həm xarici siyasətdə Türkiyəni çətin dövr gözləyir. Xarici siyasət təhdidləri aydındır. Lakin artıq daxildə müxalifət partiyalarının fəallaşması vəziyyəti gərginləşdirə bilər. CHP ilə münasibətlər pisdir. Millətçilərin Baxçalının ətrafında olan hissəsi AKP ilə həmrəy olsalar da, Akşener başkanlığındakı ”İyi parti" ona qarşı güclü rəqib ola bilər. Eyni zamanda Bərzani referendumu, PYD/YPG, Suriyada və İraqda kürd dövləti məsələsinə Ərdoğanın mənfi münasibəti onu kürd əhalinin də səslərindən məhrum edəcək. Bəzi digər partiyalar da türk ordusunun aşağılanması məsələsini ona bağışlamaq fikrində deyillər. Ən böyük müttəfiq olan ABŞ artıq Türkiyə üçün ən azından AKP iqtidarı dövründə itirilmək üzrədir. Aşkar görünən odur ki, Amerika artıq AKP iqtidarı ilə işləmək istəmir. Odur ki, ya Ərdoğan geri çəkilməli, ya da 2019-cu il seçkilərində iqtidarı itirə bilər və ya ən yaxşı halda koalisiya hökuməti qurmaq məcburiyyətində qala bilər. Artıq Türkiyədəki bəzi iş adamları bizneslərini xaricə köçürürlər. Görünür, ABŞ-ın ciddi şəkildə AKP iqtidarına qarşı olan tutumunu dəyərləndirərək vəziyyətin gərginləşəcəyindən narahat olaraq bu cür tədbirlərə əl atırlar. Son referendumda əvvəlki seçkilərə nisbətən AKP-yə etimad göstərən seçicilərin sayı azalmış və ölkə əhalisinin təxminən yarısı Ərdoğanı dəstəkləmişdi. Son hadisələrdən sonra isə bu yarının qalıb-qalmamasını artıq bir o qədər də əminliklə söyləmək olmaz. Odur ki, 2018-ci il olduqca həlledici olacaq"./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26