Interposta.Info

İstehlak bazarında keyfiyyətə nəzarət - ortalıqda qalıb?

Gündəm
 14-10-2017, 11:04     10 452

Musa Quliyev: “Yoxlamaların dayandırılması yoxlayıcı qurumlara keyfiyyətə nəzarəti arxa plana keçirmək üçün əsas vermir, onlar effektiv nəzarəti təmin etməyə borcludular”

Kərə yağının bahalaşması ətrafında gedən müzakirələr, verilən açıqlamalar göstərdi ki, Avropa, Yeni Zelandiya mənşəli yağların qiymətindəki kəskin bahalaşma bazara ucuz yağların axınını sürətləndirməkdədir.


Qeyd edək ki, manatın devalvasiyalarından sonra istehlak məhsullarının qiymətində baş verən bahalaşma yalnız kərə yağı deyil, əksər ərzaq məhsulları üzrə eyni vəziyyətin yaranmasına səbəb olub. Bura şəkər tozu, ət və ət məhsullarından tutmuş süd məhsulları və uşaq qidalarınadək çoxsaylı məhsullar aiddir. Bu isə istehlak bazarında keyfiyyət problemini yenidən aktuallaşdırır: ucuz məhsulun keyfiyyət baxımından bahalaşan məhsuldan aşağı olduğunu hər bir istehlakçı öz timsalında açıq hiss edir.

Maraqlıdır ki, hazırda Azərbaycanda istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir deyil, 6-7 dövlət qurumu tərəfindən həyata keçirilir. Məsələn, idxal və istehsal olunan məhsulların müəyyən olunmuş keyfiyyət standartlarına uyğunluğunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müəyyənləşdirir. Ötən saylarımızda məsələ ilə bağlı sualımızı cavablandıran Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının verdiyi məlumatdan aydın olur ki, idxal olunanda bütün növ məhsulların, o cümlədən də ərzaq məhsullarının ilk partiyasından bir hissə sınaq laboratoriyalarına təqdim olunaraq həm Azərbaycanda, həm də dünyada qəbul olunmuş keyfiyyət standartlarına uyğunluğu yoxlanılır. Standartlara uyğun məhsula müvafiq sertifikat və idxalına icazə verilir.

İdxal olunan bitkiçilik məhsullarını Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, heyvandarlıq məhsullarını Baytarlıq Nəzarəti Xidməti, bütün məhsullar üzrə gigiyenik normalara uyğunluğun yoxlanmasını Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, nəhayət, satışda olan məhsulların keyfiyyətini isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti yoxlayır, nəzarət edir. Bundan əlavə, Dövlət Gömrük Komitəsi idxal zamanı ərzaq məhsullarına verilmiş keyfiyyət sənədlərinin qaydasında olmasına nəzarəti həyata keçirir. Qurumun idxal kərə yağlarının keyfiyyətinə dair açıqlamasına görə, ölkəyə idxal edilən bütün növ kərə yağları ilk növbədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən gigiyenik sertifikat və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər yoxlanıldıqdan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilir: “Yalnız şübhə yarandığı təqdirdə maldan nümunə götürülərək müvafiq ekspertiza və laborator müayinələr aparılır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri qaydasında olmayan və ya daşınma, saxlanma və digər proseslər zamanı keyfiyyət göstəricilərində dəyişikliklər meydana gələn məhsulların idxalına qətiyyətlə icazə verilmir.”

Xatırladaq ki, ötən il prezident sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də istehlak bazarına daxil olan malların və məhsulların keyfiyyətinə nəzarət sahəsində vəziyyətin ürəkaçan olmadığı, bu sahədə təsirli tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu ilin fevralında isə prezident İlham Əliyev Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına dair fərman imzalayıb.
İstehlak bazarında keyfiyyətə nəzarət - ortalıqda qalıb?


Amma agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayacaq. Milli Məclisin üzvü, Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, agentlik işinə başlayanadək müvafiq dövlət qurumları daxili bazarda keyfiyyət məsələsinə effektiv nəzarəti təmin etməlidilər: “Gömrük sərhədindən keçərkən mallar yoxlanır, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları yoxlayırlar, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Gigiyena və Epidemiologiya Mərkəzi gigiyenik tələblərə uyğunluğuna nəzarət edir. Yəni bütün qida məhsulları hərtərəfli yoxlandıqdan sonra ölkəyə buraxılır.”

Deputatın sözlərinə görə, ölkəyə keyfiyyətsiz, insan orqanizmi üçün zərərli olan qida məhsullarının idxalına dair məlumatlar inandırıcı deyil: “Ola bilər ki, Yeni Zelandiya yağından yağlılıq faizinə, yaxud hansısa qatqılara görə fərqlənən kərə yağı gətirilsin. Lakin bu, həmin məhsulların zərərli, istifadə üçün yararsız olması demək deyil. Onları gətirənlər bu ölkənin düşmənləri deyillər. İkinci tərəfdən, müvafiq dövlət qurumları öz vəzifə və məsuliyyətlərini bilirlər. Ola bilər ki, qaçaq yolla, gömrük nəzarətindən, müvafiq qurumların diqqətindən yayındırmaqla hansısa məhsullar gətirilsin. Amma bundan ötrü də müvafiq qurumlar var və onlar lazımi tədbirlər görməlidilər.”

M.Quliyev hesab edir ki, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq qurumları gətirilən mallara nəzarəti gücləndirməlidilər: “Eyni zamanda ictimai nəzarətin, vətəndaş aktivliyinin də burada böyük rolu var. Hər hansı faktla bağlı məlumat yayılırsa, mütləq ona uyğun tədbirlər həyata keçirilməlidir.”

Müsahibimiz keyfiyyətsiz məhsulların bazara axınının artmasının sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı olması fikrini əsaslı saymır: “Dayandırılan planlı yoxlamalardır, onların da keyfiyyət məsələsinə elə bir təsiri yoxdur. Bu yoxlamaların dayandırılması yoxlayıcı qurumlara keyfiyyətə nəzarəti arxa plana keçirmək üçün əsas vermir. Onlar effektiv nəzarəti təmin etməyə borcludular. Hər halda, Qida Təhlükəsizliyi Agentliyi işə başlayanadək bazarı nəzarətsiz buraxmaq olmaz.”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26