Interposta.Info

Avropa Ərdoğanı

Gündəm
 24-04-2017, 20:24     688

Qardaş Türkiyə növbəti bir sınaqdan da uğurla çıxdı. Ölkə əhalisinin əksəri Türkiyənin prezident üsul-idarəsinə keçməsilə bağlı keçirilən referenduma müsbət cavab verdi. Ərdoğanın qələbəsi türk xalqını parçalamaq istəyənlər üçün sarsıdıcı zərbə oldu.

Konstitusiya dəyişikliyi ilə Türkiyənin prezident üsul-idarəsinə keçidindən sonra Ərdoğanın mövqelərinin daha da güclənəcəyi şübhəsizdir.

AKP-nin uğur səbəbi


AKP-nin 2002-ci il iqtidarının 15 illik qələbə seriyasının nüvəsində əlbəttə ki, iqtisadi islahatlar və ölkənin sürətlə varlanması dayanırdı. 15 illik statistikanı yüngülcə xatırladaq:

Türkiyə hazırda iqtisadi inkişafa görə dünyanın 18-ci, Avropanın 7-ci ölkəsinə çevrilb. Milli gəlir 800 milyardı aşıb.

2002-ci ildəki xarici ticarət həcmi 88 milyard dollardan 357 milyard dollara, ixracat 3 dəfə artaraq 144 milyard dollara qalxıb. Hazırda ölkədə 46 min xarici sərmayəçinin şirkəti fəaliyyətdədir, 916 dünya kampaniyasının Türkiyədə nümayəndəliyi mövcuddur.

Özəl sektora yatırım 10 il əvvəlki 74 milyard dollardan 300 milyarda yüksəlib. 2002-ci ildə Mərkəzi Bankda dövlətin ehtiyat pulunun məbləği 27 milyard dollar idi, hazırda 111 milyarddır. Xarici borc 2002-ci ildə 23,5 milyard dollar idi, ötən ildən Türkiyə xarici borcunu sıfırlayıb.

Dünyanın 10-cu turizm ölkəsi olan Türkiyədə xarici turist sayı 2002-ci ildəki 13 milyon nəfərdən 2016-cı ildə 36 milyona, turizm gəliri 8,5 milyarddan 31 milyarda qalxıb. Türk iş adamları 107 ölkədə 322,6 milyard dollara çatan 9 minədək layihə həyata keçirib və bu siyahıda dünya ikincisi olub.

Türkiyə Beynəlxalq Valyuta Fonduna olan bütün borcunu qaytarıb.

Ərdoğan 2023-cü ilədək ixracatı 500 milyarda, toplam ticarət, idxal-ixrac həcmini isə 1 trilyon dollara qaldırmağı hədəfləyib.

Türkiyədə Ərdoğana qədər çəkilən yollardan 3 dəfə artığı 15 il müddətində qurulub, 2016-cı ilin sonunda İstanbulda açılan Yavuz Sultan Səlim körpüsü dünyanın ən böyük layihələrindəndir, dənizin 106 metr dərinliyində, xüsusi texnologiya ilə inşa edilib. Pekindən Londona birbaşa dəmiryol xətti - Modern İpək Dəmiryolu açılıb. İstanbulda 46 milyard dollarlıq 3-cü Hava Limanı açılıb və s.

Ərdoğan siyasi sistemi niyə dəyişdi?

Bütün iqtisadi uğurlar, siyasi sabitlik Ərdoğana xarici siyasət kursunu müstəqil və ölkənin maraqlarına uyğun aparmaq şansı verir. Türkiyə artıq regional gücdən beynəlxalq gücə çevrilmək iddiasını ortaya qoyub. Təsadüfü deyil ki, G20-də olan Türkiyə Prezident Ərdoğanın timsalında BMT-nin formatına qarşı çıxır, “5 daimi üzv” sindiromunu sındırmaq istəyir.

Həmçinin, 60 ildir “Avropa Birliyi qapısında” gözləyən Türkiyə gücləndikcə ritorikası da dəyişir, artıq Avropanın və NATO-nun bölgədə maraqlarının təmsilçisi olmaqdan çıxır, rəsmi Ankara milli maraqlarını ortaya qoyur.

Konstitusiya dəyişikliyi ilə Türkiyənin prezident üsul-idarəsinə keçidindən sonra Ərdoğanın mövqelərinin daha da güclənəcəyi şübhəsizdir. Əvvəla, Türkiyə olduqca həssas bir regionda yerləşir və hazırda bütün dünya gücləri öz maraqlarını Yaxın Şərqdə qorumağa çalışırlar. Yaxın Şərqin açar ölkələrindən və əsas söz sahiblərindən biri isə Türkyədir. Bu ölkə lazımı anda operativ qərarlar almağa hazır olmalıdır.

İkincisi, hazırda parlament idarəetmə sistemində olan Türkiyəyə xarici güclərin təsiretmə imkanı həddən artıq çoxdur. Belə ki, milli zəmində problem yaratmağa çalışan və PKK terror şəbəkəsini əlində saxlayan xarici xüsusi xidmət orqanları “kürd toplumundan” sui-istifadə etməyə cəhd göstərirlər. PKK-ya açıq simpatiya bəsləyən HDP-nin parlamentə düşməsi, hətta MHP qədər deputata sahib olması Türkiyənin idaretməsinə xarici xüsusi xidmət orqanlarının təsir imkanlarını artırır. Kollegial qərarlar zamanı bu faktdan istifadənin dəfələrlə şahidi olmuşuq. Avropa PKK və HDP-dən daim Türkiyə iqtidarına bir basqı kimi istifadə etməkdədir və bəzən buna nail də olurdu.

Təsadüfü deyil ki, Ərdoğan hakimiyyəti müddətində bir neçə dəfə HDP ilə danışıqlara getmək məcburiyyətində qalmışdı.

Üçüncüsü, Türkiyənin uzun onillər ərzində ciddi iqtisadi islahatlara gedə bilməməsinin və xarici siyasətini milli maraqlarına tam tabe etdirə bilməməsinin səbəbi hakimiyyət böhranlarıdır. Atatürkün vəfatından AKP iqtidarına qədər keçən təxminən 65 illik bir zaman ərzində Türkiyə 60 hökumət dəyişib. Əsasən, koalisyon hökumətlərin qurulması zərurəti yaranırdı ki, siyasi partiya maraqlarının fərqli baxışları səbəbindən bu hökumətlərin ömrü də qısa olurdu, siyasi və iqtisadi islahatlar aparmaq mümkünsüz görünürdü. Yalnız AKP hakimiyyətə gəldikdən sonra stabil və güclü komanda ölkəni böyük iqtisadi uğurlara apara bildi.

Hazırda Ərdoğan bu sistemi dəyişməklə, Türkiyənin Ərdoğansız (güclü və xarizmatik lidersiz) da hökumət böhranı yaşamamasına şans yaradır.

Ərdoğan bütün Avropaya qarşı

Referendumun ən ciddi şoku AKP-nin İstanbulda uduzmasıdır. Vaxtilə bələdiyyə başçısı olduğu İstanbul Ərdoğanın alınmaz qalası hesab edilirdi.

Bir çoxları bunu Ərdoğanın Atatürk ideallarına qarşı getməsi, Atatürkün qurduğu sistemi dəyişməsi ilə izah edir və maraqlıdır ki, Türkiyənin düşüncə sahiblərinin cəmləşdiyi İstanbul və Ankarada bu fikirlər – seçki nəticəsindən göründüyü kimi – çoxluq təşkil edir.

Əslində isə gün kimi aydın olan bir məsələ var: Atatürk sağ olsaydı, Türkiyə çoxdan prezident üsul-idarəsinə keçəcəkdi. Atatürk xalq arasında o qədər böyük nüfuz sahibi idi ki, onun hakimiyyətini bölmək mümkün deyildi və ona görə də bu böyük siyasi xadim Türkiyənin ən sivil dəyərlərə malik olduğunu nümayiş etdirmək, Osmanlı imperiyasından sonra Avropa dəyərlərinə sahib bir cümhuriyyət qurduğunu təsdiqləmək və onu həmin dönəmdə Türkiyəyə, yumşaq desək, o qədər də rəğbət bəsləməyən, sərt desək, onu öz aralarında bölmək istəyən Avropaya qəbul etdirməli idi.

Atatürkdən sonra isə hakimiyyətin bölünməsinin ağrı-acısını Türkiyə dəfələrlə yaşadı, həmçinin qiyamların əsirinə çevrildi.

Avropa onun maraqlarına xidmət etməyən güclü hökumətlərlə də bacara bilmişdi. Menderes olaya buna bir nümunədir. BVF-dən külli miqdarda kredit alan və onu iqtisadiyyatın inkişafına xərcləməyə başlayan Menderes Avropanın maraqlarına uyğun olmayan yol seçmişdi və ona görə də ona şərt qoyuldu: Türkiyə hökumətinə verilən vəsait yalnız silaha xərclənməli, bu silahlar isə yalnız ABŞ və İsraildən alınmalıdır.

Menderesin bu təklifi rədd etməsi ilə yaşadığı aqibət göz önündədir. Türkiyə dərin dövlətinin içərisinə yeridilən və uzun müddət bəslənən minalar ən kritik məqamda partladılırdı.

Türkiyə tarixini mükəmməl bilən və Menderesə böyük sayğısını dəfələrlə dilə gətirən Ərdoğan məhz ona görə BVF-nin bütün borclarını qaytardı, daha sonra isə Türkiyə iqtisadiyyatı inkişafının pik nöqtəsinə qalxdı. Artıq Ərdoğana hansı istiqamətdə necə pul xərcləməyi sifariş edən yox idi.

Bunların ardınca AKP iqtidarını nüfuzdan salmaq üçün 2013-cü il 17 və 25 dekabr olayları yaşandı. Ərdoğanın yenilmədiyi və xalqın onun arxasında durduğu ortaya çıxanda isə Türkiyədə teraktlar silsiləsi başladı, ardınca 15 iyul qiyama cəhdi reallaşdırıldı.

Başqa sözlə desək, Ərdoğanın Türkiyəni supergücə çevirən siyasətini durdurmaq üçün bütün vasitələr sınaqdan çıxarıldı. Ərdoğan isə hər belə sınaqdan uğurlu çıxdı və nəhayət, tarixi qərar verildi: BVF-nin borcunu qaytarmaqla pul təzyiqini heçə endirən Ərdoğan bəzi məqamlarda xarici xüsusi xidmət orqanlarının alində HDP timsalında vasitəyə çevrilən siyasi partiyaların ölkənin siyasi palitrasındakı rolunu da azaltmaq, partiyaların hakimiyyətə təsir imkanlarını məhdudlaşdırmaq və monolit bir qüvvə kimi ortaya çıxmaq üçün referenduma getdi.

Unutmaq lazım deyil ki, bundan sonra Avropanın ən nüfuzlu siyasətçilərindən tutmuş ən nüfuzlu media qurumlarına qədər, bütün siyasi-təbliğati rıçaqlar işə salındı. İlk dəfə idi ki, Avropa nəşrləri bir ölkədə keçirilən seçkilərə bu qədər müdaxilə edirdi. Referendum yaxınlaşdıqca, Avropanın ən tirajlı nəşrləri Ərdoğanın diktator olduğunu və Türkiyəni uçuruma apardığını “sübutlayan” materiallar dərc edir və bu materiallar manşetdən verilirdi. Ərdoğan təkcə ölkə daxilində CHP və HDP-yə qarşı deyil, bütün Avropanın təbliğat institutlarına qarşı bu referenduma getmişdi.

Üstəlik, Türkiyədə kifayət qədər oturuşmuş sivil toplum qurumları – qeyri-hökumət təşkilatları Avropadan ayrılan böyük miqdarda qrantlar hesabına ölkədə təbliğat və təşviqat aparırdı. Bu qurumların əsasən İstanbul və Ankarada olduğunu bilmək kifayətdir ki, referendumda Ərdoğanın bu böyük şəhərlərdə niyə uduzduğu ortaya çıxsın.

Məhz həmin qurumlar xalqın ən zəif nöqtəsini tapa və bundan məharətlə istifadə edə bildilər. Ərdoğanın Atatürk ideyalarına qarşı getməkdə suçlamaq Avropa beyin mərkəzlərində düşünülən və Türkiyəyə ötürülən ən uğurlu anti-təbliğat idi. Bu təbliğat ölkə daxilindəki QHT-lərə ayrılan külli miqdarda vəsaitlərlə beyinlərə yeridilirdi.

Beləliklə, bu seçkilərdə Ərdoğanın səs itirdiyini və referenduma qarşı olan CHP lideri Kamal Kılıcdaroğlunun böyük nüfuz qazandığını düşünənlər ciddi səhv edir. Ərdoğan CHP və HDP-yə qarşı deyil, bütün Avropaya, ölkədəki QHT-lərə və ümumilikdə, Türkiyəni zəif görmək istəyən güclərə qarşı, MHP-dən aldığı dəstəyi çıxmaqla, təkbaşına mübarizə aparırdı.

AKP-yə təbliğat aparmağa imkan verməyən, ancaq PKK-nın böyük mitinqlər keçirməsinə şərait yaradan Almaniya, Niderland, Avstriya olayları bu fikri bir daha təsdiqləyir. İş o yerə çatmışdı ki, demokratik Avropa referenduma “Hə” deyəcək vətəndaşlarını Türkiyəyə desport edəcəyi ilə açıq şəkildə hədələyirdi.

Ərdoğanın əsas hədəfi

Seçkidən sonra baş verənlər isə tam bir iflas idi. Ermənistanda aprelin 2-də keçirilən və kütləvi saxtakarlıqla müşayiət olunan seçkilərin “Avropa standartlarına uyğun” olduğu barədə məlumat yayan ATƏT Türkiyədəki şəffaf seçkinin “Avropa Şurası standartlarına cavab vermədiyi” haqda ilkin hesabat açıqladı. Bu vaxta qədər də Qərb liderlərindən ABŞ Prezidenti Tramp istisna olmaqla, Ərdoğanı təbrik edən bir kimsənin adını çəkmək mümkün deyil. Çünki Avropa Türkiyənin bu seçkisində seçki yarışına qoşulmuşdu və indi böyük güclər Ərdoğana uduzmağı qəbul edə bilmirlər – xırda istisnalar olmaqla.

Ona görə də Ərdoğanın cüzi fərqlə qələbə çalması uduzması anlamına gələ bilməz, məhz bu cüzi fərq Ərdoğanın və türk xalqının tarixi qələbəsi sayılmalıdır.

Əlbəttə, qısa müddətdə məğlubiyyətləri ilə barışan Avropanın Türkiyə ilə münasibətləri düzəltmək yolunda addımlar atacağı gözləniləndir. Ancaq bu addımlada da siyasi məqsəd var: dünya Yaxın Şərqdə yenidən bölünür, hazırda güclənən Türkiyəsiz isə bu bölgünü aparmaq mümkün deyil.

Ərdoğan isə milli siyasətini davam etdirir və Avropanın “mülayimləşəcək” rəftarına təslim olmur, daha inanılmaz addımlar atır. Ona görə də zaman-zaman Ərdoğanın Avropada hədəfə çevriləcəyi mümkün görünür.

Doğrudur, 2019-cu ilə nəzərdə tutulan seçkilərə qədər Türkiyə siyasi mühitində çalxalanmaların olacağı gözləniləndir. Əsas hədəf Türkiyənin Suriya, İraq və əlbəttə ki, Cənubi Qafqaz siyasətinin daha da güclənməsi, bölgənin ən qüdrətli ölkəsi kimi şərtlərini diktə etməsidir./Ağyol.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26