Interposta.Info

Rusiyanın bir dövlət kimi dağılması başlayıbmı? - Snayderin 10 nəticəsi
 

Dünya / Manşet
 1-07-2023, 22:12     194

İyunun 23-də Rusiyada "Vaqner” özəl hərbi şirkətin yaradıcısı Yevgeni Priqojinin rəhbərliyi ilə hərbi çevriliş başlandı. Rusiya FSB-si hətta ona qarşı cinayət işi qaldırmağa və "Qala” planını təqdim etməyə nail oldu. İyunun 24-də Moskvaya gedən vaqnerçilər Rostov-Don şəhərinə daxil oldular və Voronejdəki hərbi obyektləri ələ keçirdilər. Lakin artıq saat 21:00-da Priqojin elan etdi ki, muzdluların kolonları geri çəkilir.

Qaynarinfo xəbər verir ki, amerikalı tarixçi, Yel Universitetinin professoru, Şərqi Avropa tarixi üzrə aparıcı Qərb mütəxəssisi Timoti Snayder-substack-da köşə yazısında üsyanın səbəbləri, onun Putin rejimi və Rusiya üçün nəticələri və bunun Rusiya Federasiyasının bir dövlət kimi dağılmasının başlanğıcı olub-olmaması barədə 10 nəticə çıxarır.

Çox vaxt çevriliş olmadan sui-qəsdlər olur. "Vaqner” özəl hərbi şirkətinin üsyanı sui-qəsdsiz çevriliş kimi görünürdü.

Üsynadan çıxarılan 10 nəticə:

1. Rusiya prezidenti Vladimir Putin artıq populyar deyil

Bütün rəy sorğuları Putinin hakimiyyətə gəlməsinin az-çox qaçılmaz, suala səhv cavab verməyin riskli göründüyü bir mühitdə keçirilir. Lakin vaqnerçilər Rostov-Don şəhərini ələ keçirildiyi anda Putin rejiminin devrilmək təhlükəsi ilə üz-üzə qalanda heç kimin buna qarşı etirazı olmadı. Bəzi rusiyalıların Priqojinin üsyanına reaksiyası eyforiya idi və əksəriyyəti baş verənlərə laqeyd görünürdü.

Eyforiya mənə deyir ki, Rusiya Federasiyasında indiki hakimiyyətin dəyişməsinə qarşı deyillər. Priqojinin hərəkətlərinə qarşı laqeydlik onu göstərir ki, rusiyalıların əksəriyyəti öz muzdlu ordusu və silahı olan bir qanqsterin onlara rəhbərlik edəcəyini təbii qəbul edir. Onlar bu qanqsterin kim olmasından asılı olmayaraq, öz gündəlik işləri ilə məşğul olmağa davam edəcəklər.

2. Priqojin Putin üçün təhdiddir, çünki o, Rusiya Federasiyasının indiki prezidenti ilə demək olar ki, eyni şeyi edir, həm də aktivlərindən istifadə edir

Həm Rusiya Federasiyası, həm də "Vaqner” güclü piar və hərbi silahlara malik ekstraktiv rejimləridir (belə rejimlərdə cəmiyyətin böyük bir hissəsinin siyasi qərarların qəbulu və gəlirlərin bölüşdürülməsi prosesindən kənarlaşdırılmasına yönəlib – red.).

Putin rejiminin mövcudluğunun və Moskva ilə Sankt-Peterburqun sərvətinin mənbəyi Sibirdə karbohidrogen ehtiyatlarının müstəmləkə şəraitində istismarıdır. Bu piroq Rusiya Federasiyasının prezidentinə yaxın olan bir neçə şəxs arasında bölünüb. Bu arada Rusiya əhalisi mənasız müharibə ilə qidalanır: Ukrayna, Suriya, yenə də Ukrayna, diqqəti real vəziyyətdən yayındıraraq, hər şeyin günahkarı olmayan xarici düşmənin olduğuna inandırır.

"Vaqner” özəl hərbi şirkəti Rusiya dövlətinin bir növ güclənməsi funksiyasını yerinə yetirirdi, Rusiyadan kənarda, təkcə Suriya və Ukraynada deyil, həm də Afrikada ən "qara” işləri görürdü. Rusiya dövləti tərəfindən subsidiya olunurdu, lakin xüsusilə Afrika qitəsi ölkələrində mədənçilikdən qazanırdı.

Əksər digər kampaniyalardan fərqli olaraq, vaqnerçilərin Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı məğlubiyyətə çevrildi. Priqojin Rusiya təbliğatının gücündən öz xeyrinə istifadə edərək, Ukrayna Silahlı Qüvvələrinin Baxmut yaxınlığındakı qələbəsini öz ordusunun "ayağına” yazdı. Əslində, vaqnerçilər on minlərlə rusiyalının həyatı bahasına onu ələ keçirməzdən əvvəl şəhər tamamilə dağıdılmış və tərk edilmişdi.

Lakin bu, Rusiyanın 2023-cü ildə Ukraynaya dəhşətli dərəcədə bahalı, lakin strateji cəhətdən mənasız hücumunda yeganə qazanc olduğu üçün Putinin mediası Baxmutu bir növ Stalinqrad və ya Berlin kimi təsvir etdi. Priqojin bundan istifadə etdi - o, hətta ordusunu Ukraynadan çıxaranda da bu saxta şöhrətdən istifadə elədi.

Bu arada o, Rusiya hərbi komandanlığını getdikcə daha vulqar ifadələrlə tənqid etməyə davam edərək, bir dövlət olaraq Rusiya Federasiyasının və şəxsən Putinin Ukraynanın qanlı işğalından yararlanmasına mane oldu. Xülasə: vaqnerçilər Putin rejimini onlara işləməyə məcbur edə bildilər.

3. Priqojin müharibə haqqında həqiqətləri söylədi

Buna eqoist bir təsadüf kimi yanaşmaq lazımdır: Priqojin parlaq və bacarıqlı yalançı və təbliğatçıdır. Ancaq bu halda Ukraynadakı müharibə haqqında həqiqətlər onun xeyrinə oynadı. O, Rusiya ictimai rəyində bu mövqeni tutmaq istəyirdi: rejimin səriştəsizliyinə və müharibənin özünün mənasızlığına baxmayaraq, Rusiya üçün sədaqətlə vuruşan və 2023-cü ildə bu müharibədə yeganə əhəmiyyətli qələbə qazanan bir adam.

Priqojinin Putinin Ukraynadakı müharibə motivləri haqqında dediklərinə kifayət qədər diqqət yetirildiyinə əmin deyiləm: bunun NATO-nun genişlənməsi və ya Ukrayna təcavüzü ilə heç bir əlaqəsi yox idi, sadəcə olaraq Ukraynanı özünə tabe etmək, Moskvaya dost Viktor Medvedçuku rəhbərliyə qoymaq, sonra isə onun resurslarını ələ keçirib rus elitasını qane etmək üçün alət idi.

Rusiya siyasi sisteminin əslində necə işlədiyini nəzərə alsaq, bu, inandırıcı səslənir.

4. Rusiya Ukraynanın işğalından əvvəlki kimi təhlükəsiz ölkə deyil

Putinin Rusiyanın milli maraqlarını düşündüyünə inanmaq üçün heç vaxt əsas olmayıb. Əgər belə olsaydı, o, heç vaxt ölkəni sərhədlərində yeganə real təhlükə olan Çinə tabe olmağa məcbur edəcək münaqişəyə başlamazdı. Moskvada Rusiya dövlətinin taleyi ilə maraqlanan istənilən realist anti-Qərb siyasət yürütməkdənsə, Çin və Qərb arasında balans yaratmağa çalışacaqdı.

Putin Ukraynanın Rusiya Federasiyasının əhalisi üçün nümunə ola biləcəyindən narahat idi. Rusiyalılardan fərqli olaraq, ukraynalılar sərbəst səs verə bilirdilər, söz və birləşmək azadlığından istifadə edirdilər. Bu, Rusiya üçün deyil, Putinin öz hakimiyyəti üçün təhlükə idi. O, şübhəsiz ki, Ukraynada Rusiyanın diqqətini öz rejiminin korrupsiyasından yayındıracaq, "rus” torpaqlarını birləşdirməyə nail olmuş lider kimi reputasiyasını gücləndirəcək "tamaşa” yaratmağı planlaşdırırdı. Amma bütün bunların bir dövlət olaraq Rusiyanın təhlükəsizliyinə və ya rusiyalıların xalq olaraq rifahına heç bir aidiyyatı yoxdur.

Görünür, 2022-ci ilin Putini (2014-cü ilin Putinindən qat-qat çox) öz təbliğatına inanıb, Rusiya hakimiyyətini həddən artıq qiymətləndirib, eyni zamanda Ukrayna dövləti və Ukrayna vətəndaş cəmiyyətinin reallığını rədd edib. Bu, heç bir realistin etməyəcəyi bir şeydir. Ona görə də onun Ukraynaya ikinci işğalı da uğursuz oldu və bu, rəqib sərkərdənin meydana çıxmasına imkan verəcək. Belə bir adam Priqojin oldu və o, bu fürsətdən istifadə etdi.

Priqojin öz ordusunu Moskvaya aparıb Rusiyanın altı helikopteri və bir hərbi təyyarəsini vurana və heç bir ciddi müqavimətlə qarşılaşmayana qədər bütün bunlar mücərrəd görünə bilərdi.

Priqojinin yürüşü göstərir ki, hətta kiçik qoşunların da Moskvaya çatması çətin olmayacaqdı.

5. Putin küncə sıxılırsa, özünü xilas etməyə çalışır

Qərbdə bizi Putinin özünə təhlükə hiss edəcəyi təqdirdə nə edəcəyi narahat edir. Bəlkə o, Qərbə dəhşətli bir şey edəcək? Putinin özü də "eskalasiya” ilə bağlı mütəmadi bəyanatları ilə bizim bu düşüncə xəttimizi təşviq edir. Şənbə günü o, bu dəfə Priqojin və vaqnerçilərə qarşı təhdidlərlə dolu bir çıxış etdi. Sonra təyyarəyə minib başqa şəhərə uçdu. Və yalnız sonradan məlum oldu ki, onlar Priqojinlə razılaşıblar. Putinin təbliğatçıları isə əhaliyə başa salmağa çalışırdılar ki, hər şey qaydasındadır, narahatlığa heç bir səbəb yoxdur.

Nə qədər ki, Putin hakimiyyətdədir, o, təhdid edəcək və ümid edəcək ki, bu təhdidlər onun düşmənlərinin davranışını dəyişəcək. Buna nail ola bilməyəndə o, narrativləri dəyişir. Onun rejimi təbliğata əsaslanır və hərbçilərin yaratdığı tamaşa ona xidmət edir. "Vaqner”lə bağlı vəziyyət kimi alçaldıcı olsa belə.

Şənbə günü şəxsən Putinə və onun rejiminə təhlükə real idi. Həm risk, həm də alçalma Ukraynada baş verə biləcək istənilən şeylə müqayisə olunmayacaq dərəcədə böyükdür. Rusiyadakı hakimiyyətlə müqayisədə Ukraynada ərazi o qədər də vacib deyil. Baş verənlərdən sonra heç kim Putini küncə sıxışdıra biləcəyinə şübhə etməməlidir. İndi bilirik ki, bu baş verəndə o nə edir: çıxış edir və qaçır.

Hələ heç kim bilmir ki, Putinlə Priqojin nə barədə razılığa gəliblər. Kimsə qeyd edir ki, Priqojinin əsas "düşməni”, Rusiyanın müdafiə naziri Sergey Şoyqu hansısa korrupsiya sxemləri və ya başqa cür ittihamlardan sonra istefaya getməyə məcbur olacaq. Priqojinə özünün və "Vaqner” özəl hərbi şirkətinin digər liderlərinin ailə üzvlərinin həyatlarından narahat olmağa işarə edildiyi barədə məlumatlar var. Hesab edirəm ki, burada pul təsir elementlərindən birinə çevrilib.

Reket-müdafiəçi həmişə digər reket-müdafiəçisinə qarşı həssasdır. Rostov-Don şəhərindən Moskvaya yola düşən Priqojin bir reketçiliyin qarşısını alır və digərini təklif edirdi. Bu məntiqlə Priqojinin Putinə təklifini belə təsvir etmək olar: mən böyük güc yığıram, indi də mühafizə üçün sizdən pul tələb edirəm. Öz reketini davam etmək istəyirsənsə, nə qədər ki, Moskvaya çatmamışam mənə pul ödə.

6. Əsas iştirakçılar faşistlərdir və faşistlər bir-biri ilə düşmənçilik edə bilərlər

Biz çox az "faşist" ifadəsini işlədirik, çünki rusiyalılar (xüsusən də rus faşistləri) bundan düşmənlərini göstərmək üçün istifadə edirlər, bu çaşqınlıq yaradır və siyasi baxımdan düzgün görünmür.

Həm də digər səbəbə görə: 1930-cu illərdəki italyanlar, rumınlar və almanlardan fərqli olaraq, Putin rejimi Qərbin ictimai rəyinə təsir etmək üçün böyük karbohidrogen gəlirlərindən istifadə edirdi. Halbuki, bu gün Rusiya faşist rejimi olmasaydı, hansı rejimin faşist olacağını anlamaq həqiqətən çətin olardı. Rusiya, bu termini dövriyyəyə buraxan Mussolini rejimindən daha açıq faşistdir.

Rusiya faşistləri Ukraynanın hər iki işğalında həm döyüş meydanında, həm də təbliğatda ön sıralarda olublar. Putinin özü də hər addımda faşist dilindən istifadə edirdi və faşist məqsədi güdürdü - Ukraynada soyqırım törətmək.

Lakin Priqojin bu müharibə zamanı daha effektiv faşist təbliğatçısı olub, strateji olaraq öz mövqeyini möhkəmləndirmək üçün zorakılıq simvollarından (balyoz) və ölüm təsvirlərindən (qəbiristanlıqlar, həqiqi meyitlər) istifadə edib. Onun ordusu çox sayda açıq faşist yaraqlılarından ibarətdir. "Vaqner” və Şoyqu arasındakı münaqişə irqçi çalarlara malikdir – "Vaqner”i dəstəkləyən Telegram kanallarında naziri "Tuva degeneratı” adlandırırlar.

Putin və Priqojin faşizmi ilə 1930-cu ilin faşizmi arasındakı fərqi müəyyən etmək vacibdir. Hər ikisi puldan çox narahatdırlar, birinci nəsil faşistlərdə belə deyildi. Onlar oliqarx faşistlərdir.

7. Rusiyada parçalanma real idi və bu proses davam edəcək

Vaqnerçilər Rusiya ordusunun helikopterlərini vuranda bəzi rusiyalılar bayram edirdilər, bəziləri isə baş verənlərdən heyrətlənirdilər. Bəzi rusiyalılar real hərəkət istəyirdi, bəziləri isə dəyişikliyi təsəvvür edə bilmirdi. Putin rejimi, həmişə olduğu kimi, vəziyyəti dəyişdirməyə çalışacaq, lakin Priqojinin ordusu olmadan onun Ukraynada hücum gücü yoxdur.

Rusiya təbliğatçıları üçün bu hekayədə qəhrəman tapmaq çətindir. Vaqner bu qədər təhlükəli idisə, niyə ona hakimiyyət verildi? Əgər Rusiya Müdafiə Nazirliyi bu qədər effektivdirsə, niyə bu qədər az iş görüb? Əgər Putin Rusiyaya rəhbərlik edirsə, niyə qaçıb Priqojinlə danışıqları Aleksandr Lukaşenkoya həvalə edib? Əgər sonuncu bu hekayənin qəhrəmanıdırsa, bu, Putin haqqında nə deyir?

"Vaqner” özəl hərbi şikrətin taleyi də bəlli deyil. Kreml muzdluların Rusiya silahlı qüvvələrinə inteqrasiya olunacağını iddia edir, lakin onların nəyə görə buna razı olacağını anlamaq çətindir. Onlar daha çox hörmətli münasibətə öyrəşiblər, xidmətlərinə görə daha yaxşı ödəniş alırlar. Putin indi tolerantlıq və təmizləmələr arasında pis seçim qarşısındadır. Üsyana dözərsə, zəif görünəcək. Əgər o, öz rejimi daxilində təmizləmə işlərinə başlayarsa, onun rejiminə qarşı növbəti qiyamın başlaması riski var.

8. Putinin Rusiyaya qarşı cinayətlərindən biri də müxalifətlə rəftarıdır

Müxalifətin həbs edilmiş və ya sürgündə olan nümayəndələrinin Priqojinin üsyanı ilə nə əlaqəsi var? Fakt budur ki, onların həbsi və sürgün edilməsi Rusiyanın gələcəyi ilə bağlı öz fikirlərini təbliğ etmək üçün çox az şey edə bildikləri anlamına gəlirdi. Putin rejimi açıq-aydın köhnəlib, amma bunu deyən və başqa bir faşistdən daha yaxşısını təklif edən yoxdur.

9. Bu, Ukraynada müharibənin bitməsinin promo versiyası idi

Rusiyada ciddi münaqişə yarananda rusiyalılar Ukraynanı unudub, öz ölkələrinin problemlərinə diqqət yetirəcəklər. Əvvəllər heç vaxt belə şey olmamışdı və yenidən baş verə bilər.

Belə bir qarşıdurma "Vaqner” üsyanından daha çox davam edərsə, Rusiya qoşunları Ukraynadan çıxarılacaq. İndiki halda, "Vaqner” özü Ukraynanı tərk etdi, sonra isə kadırovçular onları durdurmaq üçün Ukraynanı tərk etdilər. Başqa cür Moskvanı və onun elitasını qorumaq mümkün deyil.

İndiki inkişaf trayektoriyasında Rusiya çox güman ki, daxili hakimiyyət mübarizəsi ilə üzləşəcək. Müharibələr məhz belə sona çatır: siyasi sistem daxilində təzyiq hiss olunanda. Bu müharibənin bitməsini istəyənlər ukraynalılara bu təzyiqi davam etməkdə kömək etməlidirlər.

10. Rusiyada baş verən hadisələr (eləcə də Ukraynadakı hadisələr) əsasən rusiyalıların (yaxud ukraynalıların) seçimi ilə müəyyən edilir

ABŞ-ın hər iki tərəfi bu müharibədə iştirakını davam etdirməkdən çəkindirmək kimi bir imperialist vərdişi var. Çoxları düşünür ki, ukraynalılar ABŞ və ya NATO uğrunda vuruşurlar, əslində isə vəziyyət tam əksinədir: məhz Ukraynanın müqaviməti Qərbi onlara kömək etməyə inandırıb. Çox adam hələ də ABŞ və ya NATO-nun Putinin Ukraynaya soxulmaq qərarı ilə əlaqəsi olduğuna inanır, halbuki əslində Rusiya sisteminin təbiəti (və Putinin öz sözləri) bizə kifayət qədər izah verir.

Bəziləri deyir ki, Priqojinin çevrilişini amerikalılar planlaşdırıblar və bu, tamamilə cəfəng fikirdir. Digərləri Priqojinin Moskvaya qarşı kampaniyasını və onun tez başa çatmasını onunla izah etməyə çalışırlar ki, güya məqsəd şimaldan Ukraynaya zərbə təşkil etmək üçün vaqnerçiləri Belarusda yerləşdirməkdir. Bu axmaqlıqdır.

Priqojin Belarusa getsə, onun orada nəyi improvizasiya edə biləcəyi məlum deyil. Belə bir planın heç bir mənası yoxdur. Əgər Putin və Priqojin əməkdaşlıq etsəydilər, reputasiyalarına xələl gətirməyəcək (və Rusiyanı zəiflətməyəcək) şəkildə belə bir addım atmağa razılaşardılar.
Putin yaratdığı sistemdə ona məna kəsb edən səbəblərdən Ukraynaya daxil olmaq qərarına gəlib. Priqojin bu sistemin daxilindən qazanc götürən adam kimi ona aydın olan səbəblərə görə Putinə müqavimət göstərib.

Vaqnerçilərin üsyanı Putinin Rusiyanın mövcudluğu paradiqmasının nəticəsidir. Bu, Putinin ölkəsinə gətirdiyi fəlakətin nümunəsidir.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26