Interposta.Info

Qanun - milliyyətin və mülkiyyətin düşməni kimi
 

Dünya
 20-05-2023, 11:46     258

Qanun ictimai vicdandır. Onu pozduğu üçün fəxr edən xalqların adını əlifba sırası ilə yazsalar, biabır olarıq. Bu heç.

Mənəvi dəyərlər, yoxsa hüquq? Əlbəttə, mənəvi dəyərlər bir zamanlar hüqüqun işini görürdü. Amma bu gün artıq mənəviyyat şəxsi məsələdi, ümumi olan hüquqdur. Vicdan şəxsi məsələdi, ümumi olan qanundur. Əxlaq şəxsi məsələdi, ümumi olan etikadır.

Çağdan-çağa keçid baş verdikdə mənəviyyat da, hüquq da çağın tələbinə uyğunlaşdırılır.

Məsələn:

Əcdadlarımızın ailə namusu anlayışı ilə müasirlərimizin ailə namusu anlayışı bu gün tamamilə bir-birinə ziddir. Mulkiyyət anlayışı formalaşana qədər toplumda ailə namusu deyilən bir anlayış yox idi. Ulu analarımız qız vaxtı bəkarətlərinin pozulmasına görə deyil, adlarının el arasında qısır çıxmasına görə narahat olurdular. Çünki kişilər evlənərkən bakirə deyil, ana olmaq bacarığını sübut etmiş qızlara üstünlük verirdilər. Bəkarət ailə qurmaq üçün vacib şərt yox, ciddi əngəl idi.

Bu əngəli aradan qaldırmaq üçün müxtəlif xalqlar müxtəlif yollara əl atırdılar. Məsələn, Tibetli analar qızlarının bəkarətlərini pozdurub ərə vermək üçün yoldan keçənlərə yalvarırdılar. Malabarda, Filippində gəlin köçən qızın bəkarətlərini pozdurmaq, ər evində rüsvay olmaması üçün qız evi yad bir kişi kirayələyirdi.

Mülkiyyət anlayışı formalaşanda irsi kimlik deyə bioloji olduğu qədər də iqtisadi önəmi olan bir dəyər ortaya çıxdı və kişilər tikdikləri evlə, əkdikləri tarla ilə yanaşı evləndikləri qadınların da toxunulmazlığını istədilər və min illər ərzində formalaşmış ailə namusu anlayışı tam tərsinə çevrildi.

Bu gün də bizə dəyişilməz kimi görünən ənənələr, adətlər, dəyərlər var ki, uğrunda ölür, oldürürük. Hamısının da arxasında mənəvi örtüklə ört-basdır etməyə çalışdığımız iqtisadi maraqlar yatır. Kim bilir, yeni iqtisadi sistemdə yaşayan gələcək nəsillər bizim dəyərlər haqqında nələr yazacaqlar.

Xırda situasiyalarda məlum olur ki, xalqımız hələ də mənəvi dəyərləri hüquqdan, qanundan uca tuturlar. Bunun da səbəbi uzun illər müstəmləkə taleyi yaşamaları, yazılan qanunların müəllfi olmamaları, dövləti mütəşəkkil işğal institutu olaraq qavramalarıdır. Bu cür dövləti sevməməkdə hər kəs haqlı. Hətta post-sovet ölkələrində bu gün tüğyan edən rüşvətxorluğun səbəbi də həmin o işğalçı dövlət modelindən alınan qısasın yan təsiridir.

Belə ki, mülkiyyəti və şəxsiyyəti əlindən alınan müstəmləkə azərbaycanlısına dövləti qanuni yolla sevdirmək mümkün deyildi. Çünki qondarma sistem onu mülkiyyətsiz və şəxsiyyətsiz qoyan qanunlara qarşı nifrət yaratmışdı. Qanundursa, deməli, özgə əmridir, onu pozmaq lazımdır! Bu cür qondarma dövlətin ya qaçağı olacaqdın, ya qoçağı. Həqiqi qaçaqların aqibətindən ibrət dərsi alan qoçaqlar hiyləyə əl atdılar. Onlar dövlətin gizli qaçaqları oldular. Yəni partbiletli qaçaqlar. Və bu qoçaq qaçaqlar tezliklə ələ keçirdikləri qondarma dövləti "sevməyin”, onu özlərinki hesab etməyin qeyri-qanuni yollarını da kəşf etdilər.

Rüşvətxorluq bu gecəqondu dövləti "sevməyin”, dövləti özününkü hesab etməyin kəşf olunmuş ən faydalı yollarından biriyidi. Rüşvət itirilmiş mülkiyyəti və şəxsiyyəti bərpa edəcəkdi, etdi də. Keçmiş imperiya dağılanda ortada şəxsiyyəti və mülkiyyəti olanlar bu illər ərzində qeyri-qanuni əməllərin sahibləri idilər.

Gecəqondu sovet dövləti dağıldı, amma alt yapısı qaldı. İllər ərzində hörülmüş rüşvət toru da həmçinin. Təşkilatlanmağa başlayan, amma ideoloji-fəlsəfi əsası olmayan yeni post-sovet ölkələrində bu rüşvət şəbəkəsi cəmiyyəti könüllü birləşdirən, insanları mənəvi-iqtisadi cəhətdən bir-birinə bağlayan alternativ ideologiyaya çevrildi.

Bu hal təkcə post-sovet məkanına aid deyil, ümumiyyətlə, dövlət və məmur, məmur və vətəndaş arasında ideoloji bağ olmadıqda, yaxud zəif olduqda və ya çürüyüb sıradan çıxdıqda onlar bir-birilərinə qeyri-ideoloji, qeyri-qanuni yollarla, mafiya qanunları ilə, rüşvətlə və s. bağlanırlar. Məsələn, uzun illər müstəmləkə ömrü yaşamış latın Amerikası, Afrika ölkələri bu gün də bu qeyri-qanuni şəbəkə xoşbəxtliyinin qarşısını ala bilmirlər. Bu cür qeyri-qanuni "həmrəyliyin” millətin kimliyinə dəxli yoxdur. Ona görə Nobel ödüllü isveç iqtisadçısı Murdal Hunnar yazır ki, cənubi-Asiya ölkələrində rüşvətə qarşı mübarizə rüşvətxorluğu daha da alovlandırır.

Müstəmləkə damğası gəzirən bütün xalqlar kimi bizim xalqın da uzun illər haqlı olaraq mühitin qeyri-qanuniliyindən faydalanıblar, qeyri-qanuniliyin çörəyini yeyiblər. Dövlətdən oğurladıqlarını itirilmiş mülkiyyətlərinin və şəxsiyyətlərinin əvəzi zənn ediblər. Və bu bir vətəndaş-dövlət arası münasibətlərin mentalitetinə çevrilib. Azərbaycanlı dediyimiz insan illərlə qanunun boğazından kəsib milli dəyərlərinin qarnını doyurub. Qanunu milliyyətinin və mülkiyyətinin düşməni kimi görüb. Onun milli dəyərlərini qanundan üstün tutmasının tarixi gerçəklikdən doğan mənəvi, iqtisadi əsasları var.

Günü bu gün də Azərbaycanda neçə nəfər adam var ki, qırmızıda keçdiyi və polisə yaxalanmadığı, yaxud yaxalanıb qanuni "daydayı” ilə əzdiyi günü özünün qəhrəmanlıq səlnaməsində şanlı səhifə kimi qeyd etməsin? Neçə vətəndaşımız var ki, hələ də qırmızıda keçməməyini özünün əfəlliyi, mağmınlığı saymasın? Neçə insanımız var ki, svetaforu küçədə dayanan qanun kimi görsün, yol kəsən quldur kimi görməsin? Ailələrimizin, universitetlərimizin yetişdirdiyi neçə şəxsiyyət var ki, cərimələr götürülsə, ilk işi qırmızda keçmək olmayacaq?

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26