Interposta.Info

“Bu saziş də əvvəlkilər kimi ölü doğulub” –

Dünya
 6-05-2017, 16:17     444

Suriyada həqiqətən sülh əldə olunubmu?; İqtidar və müxalifət sazişi niyə imzalamadı?
Rusiya, İran və Türkiyə Suriyada münaqişədən kənar 4 zonanın yaradılması barədə saziş imzaladılar. Lakin Suriya müxalifəti həmin sazişi imzalamaqdan imtina etdi.


Müxalifət ən çox İranın bu sazişin qarantı olmasına qarşı çıxır. Onların fikrincə bəzi silahlı qruplaşmaların sazişin xaricində tutulması Əsəd və Rusiya qüvvələrinin harada və nə vaxt istəsələr yenidən zərbə endirməsinə şərait yaradacaq.

“Bu plan, bir çox sualları özü ilə bərabər gətirib”-The New York Times yazır. Qəzet Astanada imzalanan memorandumun nə Suriya üsyançıları, nə də hökumət tərəfindən imzalandığına diqqət çəkir.

“Memorandum bütün hərbi əməliyyatların, o cümlədən hökumət bombardmanlarının kəsilməsini, həmçinin İŞİD istisna olmaqla, digər müxalifətçilər tərəfindən nəzarət edilən 4 zonaya humanitar yardımın gətirilməsini nəzərə tutur.

"Lakin sazişdə həm hökuməti, həm də müxalifəti narazı salan məqamlar var. Onların hər ikisinin gəldiyi ortaq nöqtə bundan ibarətdir ki, saziş sayəsində Suriya rəsmən hökumət və üsyançı zonalara bölünəcək”,- qəzet yazır.

“Bundan başqa sazişin əməldə icra olunması ilə bağlı Suriya müxalifətçilərinin beynində şübhələr çoxdur. Məsələn memorandumda Suriya hökumət təyyarələrinin 4 zonaya zərbə endirmək hüququ qadağan edilsə də, İŞİD və Əl Qaidə tərəfindən nəzarət edilən bölgələr istisna olaraq nəzərdə tutulub.

"Müxalifət hökumətin bu “istisnalar"dan istifadə edib həmişə olduğu kimi, əsl zərbənin onlara vurula biləcəyindən ehtiyatlanır”, məqalədə qeyd olunub.

“The Los Angeles Times” qəzeti isə Astanada sazişin imzalandığı vaxt Suriya müxalifətçilərdən birinin (Yasir Əbdül Rəhim) yerindən qalxaraq “İranlılar canidir. Biz onların heç bir təminatını qəbul edə bilmərik!, Döyüş meydanında görüşərik!”, deyə qışqıraraq zalı tərk etdiyinə diqqət çəkib.

“Belə bir təəssürat yaranır ki, bu saziş də əvvəlkilər kimi ölü doğulub”, məqalə müəllifi Nabih Bulos qeyd edir.

Müəllif yazıda ABŞ-ın sazişlə bağlı skeptik mövqe sərgilədiyini vurğulayıb.

“ABŞ Türkiyə və Rusiya Federasiyasının sülh sazişini əldə olunması ilə bağlı səylərini yüksək qiymətləndirir, lakin ehtiyatlı olmaq üçün səbəblər də mövcuddur”, Dövlət Departamentinin məsələ ilə bağlı bəyanatında belə deyilir.

Qəzetdəki məqalənin müəllifi yazır ki, ABŞ ən çox İranın sazişdə qarant rolunda çıxışından narahatdır: “İran və Suriyanın fəaliyyəti nəinki qırğını dayandırmağa, hətta daha çox qan tökülməsinə şərait yaradıb. Əsəd rejiminin İran tərəfindən qeyd-şərtsiz dəstəklənməsi isə minlərlə suriyalının əzabını daha artırıb”, məqalədə Dövlət Departamentinin bəyanatından sitat gətirilir.

“Müharibənin bitirdiyi Suriya və onun hər gün ölümlə üzləşən xalqı üçün de-eskalasiya zonalarının yaradılması azacıq da olsa ümid verir. Lakin bu ideyanın praktikada hansı tərzdə həyata keçiriləcəyi müəmmalıdır”,- Almaniyanın Tagesspiegel qəzetinin yazarı Kristian Beme yazır.

Yazı müəllifi ən çox Bəşər Əsədin öz ölkəsində xarici güclərə təhlükəsizlik zonalarının yaradılmasına imkan verəcəyinə şübhə etdiyini bildirib.
O, İŞİD, Cəbhət Əl Nüsrə kimi ekstremist təşkilatların da sülh prosesinə daxil olmamasının sazişin möhkəmləndirilməsi yolunda böyük əngəl törədəcəyini yazıb.

“Təhlükəsizlik zonalarının yaradılmasında ən çox təkid edən Türkiyə prezidenti R.T. Ərdoğan olub. Lakin o, bu fikri Suriyanın şimalında kürd dövlətinin qurulmasına imkan verməmək üçün müdafiə edir. Vaşinqton isə öz növbəsində kürdləri İŞİD-ə qarşı mübarizədə əsas müttəfiq sayır”,- Krisian Beme belə bir məqama da diqqət çəkir.

“Bütün bunlar Suriya xalqı üçün yaxşı heç nə vəd etmir”, müəllif fikrini yekunlaşdırıb.

The Wall Street Journal qəzetinin yazarı Yaroslav Trofimov da öz məqaləsində məhz bu xüsusu, yəni Türkiyənin YPG kimi terror təşkilatlarının Suriyadakı proseslərdən kənar etmək cəhdlərini və həm ABŞ-ın, həm də Rusiyanın buna qarşı çıxmasını qabardıb: “Rusiya və Suriya ABŞ kimi YPG ilə sıx əlaqələrə malikdirlər və əsas fəaliyyətlərinin Türkiyənin qarşısını almaq olduğunu gizlətmirlər”, müəllif bildirir.

“Bütün bu sürrealist qarşıdurma Suriyadakı 6 illik müharibənin regional alyansları necə dəyişdirdiyini, habelə ABŞ-ın İŞİD-lə mübarizəni hətta Türkiyə ilə münasibətləri korlamaq bahasına (yəni terrorçu kürd qruplarla birlikdə hərəkət edərək-red.) aparmağa hazır olduğunu nümayiş etdirir”, Trofimov qeyd edir.

Britaniyanın The Guardian qəzetinin yazarı Hamiş de Bretton-Qordon isə Vladimir Putinin yenidən strateji üstünlüyü ələ keçirdiyini düşünür. (Müəllif vaxtilə Böyük Britaniyanın kimyəvi hücumdan müdafiə qoşunlarının komandanı olub-red.)
Yazar sazişin BMT-nin himayəsində icra edilməsinin vacib olduğunu qeyd edir.

“Nə qədər xoşagəlməz olsa da təhlükəsizliyin təmin olunmasından ötrü Rusiya və İran əsgərlərinin bölgədə olmasına dözmək lazım gələcək. Lakin prosesə nəzarət və idarə olunması BMT-nin himayəsi altında baş verməli, BMT qaydalarına uyğun hərəkət edilməlidir”, yazıda qeyd olunur.

Hamiş de Bretton-Qordon Suriyada törədilən vəhşiliklərə görə günahkarların (ilk növbədə Bəşər Əsəd rejiminin-red.) əvvəl-axır BMT Beynəlxalq Məhkəməsində mühakimə olunmasının vacib olduğunu vurğulayıb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26