Millət vəkili Rövşən Muradov: "15 iyun Milli Qurtuluş Günü-Azərbaycanın xilas günüdür"

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulubdur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynamış, daim xalqına arxalanan Heydər Əliyev olmuşdur.
Heydər Əlirza oğlu Əliyev XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi əvəzsiz tarixi şəxsiyyətdir. Bu dahi şəxsiyyət müasir dünyada alternativi olmayan və dünyanın ən qüdrətli dövlət xadimləri Franklin Ruzvelt, Şarl De Qoll, Cavahirləl Nehru və Mustafa Kamal Atatürk kimi adını bəşəriyyətin tarixinə qızıl həriflərlə yazdırmışdır.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Heydər Əliyev Azərbaycan tarixinin parlaq şəxsiyyətidir və müstəqil Azərbaycan Respublikası onun şah əsəridir. Heydər Əliyev gəncliyində Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu, memar olmaq istəyirdi. İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməsə də, Heydər Əliyev tarixin memarı oldu. Tarix yaradan şəxsiyyət kimi əvvəlcə sovet dövründə, sonradan isə müstəqillik illərində Azərbaycan dövlətinin memarı oldu.
Müstəqil, suveren dövlətin qurulması və onun inkişafı hər bir xalq üçün ən böyük nailiyyət sayılır. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas rəmzləri özündə birləşdirən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik, müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir. Suverenlik istənilən dövlətin mövcud olmasının və davamlı inkişaf etməyi üçün ilkin və əsas şərtdir.
Dövlətin suverenliyi üçün ilk növbədə hüquqi-siyasi, sosial-iqtisadi bünövrə yaradılmalıdır.
Ölkəmizə münasibətdə qeyd edilməlidir ki, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş Ulu öndər Heydər Əlirza oğlu Əliyevin 1969-cu ilin “14” iyulunda Bakı şəhərində keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda yekdilliklə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilməsi ilə ölkənin intibah dövrünə qədəm qoyması belə bir bünövrə rolunu oynadı.
O, Azərbaycan Respublikasına iki dəfə rəhbərlik etmişdir. Birinci dəfə “14” iyul 1969-cu ildə; ikinci dəfə isə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən təxminən 1il 8 ay sonra, yəni “15” iyun 1993-cü ildə. Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf etmişdir. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr respublika iqtisadiyyatının bütünlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyması ilə; ikinci dövr isə Azərbaycanın tarixində ən ağır, fəlakətli illər ilə üz-üzə qalması ilə səciyyələnirdi. Ulu öndər Heydər Əliyev hər iki dəfədə Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilmişdir. Ulu öndərin Azərbaycana bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti dövrünün; 10 ili (1993-2003-cü illər) isə Azərbaycanın müstəqillik illərinin payına düşür.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycanın inkişafında çox mühüm rol oynadı. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, vətənpərvərliyin gücləndirilməsi istiqamətində də vacib addımlar atıldı. O dövrdə müxtəlif sahələrdə yerli kadrların hazırlanması, həmçinin milli şüurun inkişaf etdirilməsi, milli ruhun yüksəldilməsi sahəsində bir çox mühüm işlər həyata keçirildi.
Məlumdur ki, SSRİ-nin dağılması ərəfəsində Keçmiş İttifaqın tərkibində olmuş respublikaların yalnız ikisi tam müstəqil olaraq öz iqtisadiyyatını idarə etmək imkanına malik idi: Rusiya və Azərbaycan! Həmin illərdə Azərbaycanın bu səviyyəyə qalxmasının əsas səbəbi isə keçən əsrin 70-80-ci illərində ona məhz, Heydər Əliyevin rəhbərlik etməsi ilə izah edilir. 1982-ci ilin sonunda Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsindən sonra, xüsusilə də 1988-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş bəzi səriştəsiz adamların fəaliyyətsizliyi üzündən SSRİ vaxtı xüsusilə, keçən əsrin 70-80-ci illərində burada yaradılmış böyük iqtisadi potensial ilbəil dağıdılıb talan edilməyə başlamış və 1991-1993-cü illərdə özünün kulminasiya mərhələsinə qədəm qoymuşdur. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi bu dövrdə: “Vəziyyət elə təhlükəli xarakter almışdır ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yenidən səriştəsizliklər yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı”.
Respublikamızın yenidən belə ağır vəziyyətə düşdüyü bir vaxtda – 1993-cü ilin 15 iyununda xalqımızın tam əksəriyyətinin təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gətirilməsi Azərbaycanı və bütünlükdə xalqımızı çıxılmaz fəlakətdən xilas etdi və onun qurtuluşu başlandı. Öz xalqından heç bir təmənnası olmayan bu böyük şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıdarkən “Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir” - demiş və yenidən respublikaya rəhbərlik etməyə başladığı ilk gündən – Azərbaycanda həyata keçirilən bütün iqtisadi islahatların və köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi olmuşdur. Onun gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilmiş, ölkəmiz Avropa Şurasının tam üzvlüyünə qəbul olunmuş; məşhur “Əsrin müqaviləsi” imzalanmış və neft strategiyası işlənib hazırlanmış, dünyanın bir çox super dövlətləri ilə neft kontraktları bağlanmış, Qədim İpək yolu bərpa olunmağa və bu məqsədlə TRASEKA proqramı həyata keçirilməyə başlamış, dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələrimiz genişlənmiş və möhkəmlənmişdir. Heydər Əliyevin ən böyük və tarixi xidmətlərindən biri də dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi, Azərbaycanı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin başlıca iştirakçısına cəlb edə bilməsindən ibarətdir. Onun Neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsi idi ki, cəmi bir neçə il ərzində ölkəmizə 10 milyarddan çox ABŞ dolları cəlb edilmiş və həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanda 1989-cu ildən ötən dövr ərzində ilk dəfə olaraq 1996-cı ildə iqtisadiyyatda dirçəliş baş vermiş və əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələmişdir. 1991-1995-ci illərdə respublikamızda iqtisadi inkişafın ən əsas makroiqtisadi göstəricisi sayılan Ümumi Daxilli Məhsulun (ÜDM) real həcmi ildə 20-25 faiz, sənaye məhsulu istehsalı isə 15-20 faiz azaldığı halda, 1993- 2003-cü illərdə ÜDM istehsalı o vaxtın qiymətləri ilə 22,3 dəfə artaraq, 157,1 milyard manatdan 35,1 trilyon manata, adambaşına düşən ÜDM-un həcmi isə 20,3 dəfə artaraq, 21,3 min manatdan 4320,0 min manata, əhalinin pul gəlirlərinin məbləği 17,9 dəfə artaraq, 135,5 milyard manatdan 24,2 trilyon manata, adambaşına düşən pul gəlirlərinin məbləği 16,2 dəfə artaraq, 18,4 min manatdan 2983,4 min manata, iqtisadiyyatda məşğul işçilərin orta aylıq əmək haqlarının məbləği isə 174,1 dəfə artaraq, 2,2 min manatdan 383,1 min manata gəlib çatmışdır. 1993-2003-cü illərdə Respublikamızda 3,0 minə qədər yeni sənaye müəssisəsi açılmış və 2003-cü ilin əvvəlində onların sayı 5202-yə gəlib çatmışdı. Heydər Əliyevin həyata keçirdiyi «açıq qapı» siyasəti nəticəsində müqayisə edilən dövrdə ölkəmizdə fəaliyyət göstərən xarici və müştərək müəssisələrin sayı 3 dəfədən çox artmışdır. Respublikanın təkcə, sənaye sahəsində 40 dövləti təmsil edən 167 xarici investisiyalı müəssisə fəaliyyət göstərmiş və onlar tərəfindən minlərlə iş yerləri açılmışdır.
Qeyd olunan və olunmayan nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası və taktikası mühüm rol oynayıb. Bəli, budur Heydər Əliyevin iqtisadi siyasətinin amalı: qurmaq, yaratmaq, mövcud patensialı qoruyub-saxlamaq, ondan səmərəli istifadə etmək və bu yolla ölkənin iqtisadi və hərbi qüdrətini möhkəmlətmək, ərazi bütövlüyümüzü təmin etmək və xalqın həyat səviyyəsinin yaxşılışdırılmasına nail olmaq.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına iki əmanət saxladı: birinci, Azərbaycan Respublikasını, bu onun şah əsəridir. İkinci isə ata vəsiyyətinə əməl edən Heydər Əliyev məktəbinin parlaq məzunu olan İlham Əliyevi. Bu gün Prezident İlham Əliyev də öz növbəsində Ulu Öndərin yaratdığı strategiya əsasında Azərbaycan Respublikasını uğurla inkişaf etdirir.
Məlumdur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına mümkün oldu. Bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Eyni zamanda qeyd edilməlidir ki, ölkə Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb.
Hazırda dövlətimiz ildən-ilə güclənərək iqtisadi inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır və dövlət başçısının bilavasitə, təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki respublikamızın eyni zamanda, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.
Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan keçən 56 ilin 22 ili (2003-2025-ci illər) İlham Əliyev cənablarının hazırda Azərbaycana rəhbərlik etdiyi dövrdür. Ümumiyyətlə götürdükdə isə bu 56 illik dövrün 22 ili (1969-1991-ci illər) Sovet hakimiyyəti illərinin; 34 ili isə (1991-2025-ci illər) Azərbaycanın müstəqillik illərinin payına düşür. Heydər Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri-bərpa və dinamik inkişaf mərhələləri; İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni inkişaf mərhələsi kimi tarixə düşmüşdür. Azərbaycanın çağdaş tarixi, tarixi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dünyanın ən islahatçı prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır.
Millət vəkili Rövşən Muradov
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26