Interposta.Info

Ermənistan Azərbaycanın ərazisini 86,6 min km² kimi tanıdı - Paşinyan bəyannaməni imzaladı (YENİLƏNİB)

Siyasət / Manşet
 6-10-2023, 09:27     270

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb və bəyanat imzalayıblar.

"İnterPosta" Aİ Şurası tərəfindən dərc edilən bəyanatın tam mətnini təqdim edir

Avropa Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Ermənistanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstəklərini vurğulayıblar.

Onlar həmçinin Ermənistan Respublikasının ehtiyacları əsasında Aİ-Ermənistan münasibətlərinin bütün ölçülərdə gücləndirilməsinə dəstək ifadə ediblər.

Onlar son vaxtlar Qarabağ ermənilərinin kütləvi köçkünün nəticələri ilə üzləşdiyindən Ermənistana əlavə humanitar yardımın göstərilməsinin zəruriliyi barədə razılığa gəliblər. Onlar vurğulayıblar ki, bu qaçqınlar heç bir şərt olmadan, beynəlxalq nəzarət altında və öz tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını sərbəst şəkildə həyata keçirə bilməlidirlər.

Onlar prezident Mişelin 14 may və 15 iyul 2023-cü il tarixləri bəyanatlarında qeyd olunduğu kimi, Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. Onlar güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək prinsipinə ciddi riayət etməyə çağırıblar. Onlar SSRİ Baş Qərargahının tərəflərə təqdim edilmiş ən son xəritələri əsasında sərhədlərin delimitasiyası üzərində işin təcili aparılmasının zəruriliyini vurğuladılar ki, bu xəritələr həm də qüvvələrin geri çəkilməsi, sülh müqaviləsinin bağlanması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.

Onlar regional əməkdaşlığın artırılmasına və bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin açılmasına, eləcə də ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət əsasında, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan regional əlaqələrin açılmasına çağırıblar.

Avropa liderləri Ermənistan və Azərbaycanı bütün məhbusları azad etməyə və itkin düşənlərin taleyini həll etmək və minalardan təmizləmə işlərini asanlaşdırmaq üçün birgə işləməyə çağırıblar.

****

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb.

Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.

Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.

Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüş nəzərdə tutulurdu.

Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Görüş Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında dördtərəfli formatda baş tutub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26