Interposta.Info

Paris Məhkəməsi ötən il Azərbaycan səfirliyinin binasına hücum edən şəxsi cəzalandırıb

Siyasət / Manşet
 23-06-2023, 21:49     288

23 iyun 2023-cü il tarixində Paris Məhkəməsində Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş, Fransada fəaliyyət göstərən “Charjoum” adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.

Bu barədə Azərbaycan Respublikasının Fransadakı Səfirliyi məlumat yayıb:

“Xatırladırıq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olmuş və nəticədə səfirliyin binasına zərər yetirilmişdir. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Səfirliyini “Lexlor” hüquq şirkəti təmsil edib.

Paris Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq edilib.

Səfirlik, radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır və Paris Məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26