Interposta.Info

Ermənistan bizə verməyə borclu olduğu təzminatı torpaqla əvəzləyə bilər

Siyasət / Paradoks
 23-02-2021, 10:40     483

30 ilə yaxın müddətdə Ermənistan işğalçılıq siyasətini təkcə ərazilərimizi zəbt etməklə yekunlaşdırmayıb. İşğaldan azad edilən ərazilərimizin ekoloji sferası tamamilə məhv edilib. Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Kəlbəcər kimi şəhərlərimiz xarabalığa çevrilib.

Toponimlərimiz, tarixi abidələrimiz, məscidlərimiz və digər tarixi irsimiz erməni vandalizminə məruz qalıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, ermənilərin mədəniyyət nümunələrimizi məhv ermələri barədə dəfələrlə Avropa Şurasına müraciət olunub:

“Təəssüf ki, onlar bu məsələdə də ikili standartlardan çıxış ediblər. Ermənilər Dağlıq Qarabağda Alban kilsəsinin erməni kilsəsi adı altında müdafiəsinə qalxsalar da, o kilsələri 100 illlərlə biz qoruyub saxlamışıq. Bizim orada qəbiristanlıqlarımız, Qaraqoyunlu, Ağqoyunlu dövrünə aid qəbir daşlarımız, məscidlərimiz, məbədlərimiz, pirlərimiz mədəniyyət evlərimiz olub. Bunların hamısı dağılıb”.

Komitə sədri dağıdılmış abidələrin real həllini görmədiyini də qeyd edib:

“Sadəcə onu deyə bilərəm ki, proseslər bizim xeyrimizə işləyir. Necə ki 30 il ərzində işğal faktını yaşayan Azərbaycan 44 günlük savaşda məsələni köklü surətdə həll etdi və torpaqlarımızı işğaldan azad etdik. Proseslər davamlı həll olunmaqdadır. İnşallah, dağıdılmış tarixi abidələrimizi də bərpa edəcəyik”.

Musa Quliyev toponimlərlə bağlı məsələnin həllini tapacağını istisna etməyib:

“Ümummilli lider Heydər Əliyevin çox gözəl bir sözü var: “Tarix hər şeyi yerinə qoyur”. O baxımdan da elmi-publisistik əsərlərimizdə bir çox işlər aparılıb. Artıq işlərin dünyaya tanıdılması mərhələsinə keçmişik. Yazılan əsərlər xarici dillərə tərcümə olunmalı, müxtəlif ölkələrdə bunların təqdimatları keçirilməli, xarici dövlətlərin vətəndaşları bunlarla tanış olmalıdır. Zaman-zaman bu məsələləri müxtəlif diplomatik və siyasi kürsülərdə səsləndirməliyik. Eyni zamanda, ermənilər Dağlıq Qarabağla bağlı bizə təzminat verməyə borcludur. O təzminatın əvəzinə dünya praktikasında torpaq verilməsi məsələsi var. Biz bu məsələni də gündəmdə saxlamalıyıq. Gerçəklik odur ki, zaman bizim xeyrimizə işləyir. Güclü rəhbərimiz, güclü xalqımız və güclü dövlərimiz var. Ümid edirəm ki, növbəti mərhələlərdə bu məsələlərin həllinə nail olacağıq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26