Interposta.Info

Hesabı və təmkini qorumaq zamanı – qoy hakimlər geridönüş təşkill etməsin

Siyasət / Ölkə
 18-12-2020, 15:44     343

Meydançaya yalnız və yalnız qələbə üçün çıxan, nəyin bahasına olursa, olsun, kubok qazanmaq istəyən iki komandanın, əzəli və əbədi rəqiblərin yarışmasında arbitrlik etmək dünyanın ən çətin işidir.

Bu qarşılaşmanın hakimi əvvəlcədən bilir ki, tərəflərin ikisi də cığallıq edəcək, ikisi də onu aldatmağa, rəqibini qəsdən zədələməyə, qaydaları kobud şəkildə pozaraq üstünlük qazanmağa çalışacaq. Belə durumlarda arbitrin əlindən gələn odur ki, soyuqqanlılığını, bitərəfliyini qorusun, yeri gələndə sərt cəzalara əl atsın. Adətən, elə də olur: “ölüm-dirim” oyunlarında qırmızı və sarı kart göstərilməsi halları çox olur, amma axırda yenə də “döyüşən tərəflər” (xüsusilə də uduzanlar) hakimdən narazı qalırlar, hesab edirlər ki, onları hakim uduzdurdu.

Hazırda Rusiya Qarabağda həmin durumdadır. Biz də, ermənilər də “sülhməramlılar” adlandırılan rus “hakim”lərin davranışından narazıyıq, onların bütün hərəkət və sözlərini diqqətlə izləyir, hər dəqiqə “qarşı tərəf”ə üzgördülük etməsindən şübhələnirik, ən adi jestləri belə “məkrli niyyətin bir daha təsdiqlənməsi” kimi yozuruq.

Bu, tərəflərin qələbə arzusundan və hakimlərə güvənsizliyindən irəli gəlir.

Qarabağ davasının hakimlərini nə beynəlxalq birlik təyin edib, nə ermənilər, nə də biz. Bu hakimlər briqadası özü gəlib meydanın mərkəzində oturub və öz şərtlərini diqtə edərək hamıya “burda hakim mənəm, oynasanız da özünüz bilərsiniz, oynamasanız da” deyə ortaya mövqe qoyub.

Nə ermənilərin, nə də bizim bu hakimlikdən imtina etmək lüksümüz yoxdur. İmtina edənə elə bir texniki məğlubiyyət verərlər ki, bir daha yaşıl sahə üzü görməz.



Ona görə də hazırda biz də, ermənilər də bu hakimlər briqadasından sarı və qırmızı kartlar almadan “oynamağa” çalışırıq. İndiki durumda “oyun”un əlavə ekstesslər olmadan davam etməsi bizə sərfəlidir, hesabda açıq fərqlə öndəyik, yarışmanı bu cür davam etdirib başa çatdırsaq, qələbəmizin yekun protokolda qeyd olunmasına nail olsaq, bu, böyük uğur olacaq. Yetər ki, səhv buraxmayaq, hakimlər acığa düşərək oyunun gedişində dönüş yaratmağa, bizi uduzdurmağa cəhd göstərməsinlər.
Belə bir ehtimal hər zaman var və onu heç vaxt gözardı etmək olmaz. Qovğa-mərəkə iştirakçıları bir-birinin potensialına, etibarına yaxşı bələddir.

Biz ermənilərin nə qədər cığal, dotələb, zəhlətökən olduqlarını yaxşı bilirik. Göründüyü kimi, onlar üçtərəfli razılaşmada qeyd olunmuş hər bir sözü mütləq öz maraqları üçün yozmağa çalışır, indiyədək qanunsuz yolla mənimsədikləri torpaqların hər metrini məcbur olmadıqca, fakt qarşısında qalmadıqca, əllərindən vermək istəmir, sona qədər dirəşir, axırda haray-həşir salaraq, mır-mır mırıldayaraq geri çəkilirlər. Biz onların belə edəcəyinə əmin idik və işimizi buna görə ehtiyatlı tutmuşuq.
Eyni zamanda ermənilər əmin idilər ki, biz həmişə olduğu kimi, “bir kilometr o yana, beş kilometr bu yana” xırdaçılığı etməyəcək, təfərrüatlata getməyəcəyik, məsələn, Zəngilan rayonun 75 kəndini almışıqsa, yerdə qalan 7-8 kəndin taleyini “it aparan olsun” deyib erməniyə buraxacağıq.

Bax, bu xüsusda ermənilər çox yanıldılar, belə anlaşıldı ki, onlar bizi o qədər də dərindən tanımırmış. Azərbaycan tərəfi sonuncu qarış torpağın geri qaytarılmasında israrlıdır, dirəniş göstərir və bütün tövrü ilə anladır ki, sərhədlər SSRİ dövründə olduğundan bir metr o yan-bu yan olmayacaq.



Bu, 44 günlük müharibədəki sürətli və parlaq qələbədən sonra erməniləri şoka salan ikinci vaqiədir. İndi onlar öz güclü rəqiblərinə müqavimət göstərmək imkanında olmadıqlarını anlayaraq hakimlərə sığınıblar, dillərini daha şirin edir, özlərini daha sözəbaxan, qulluqdar göstərir, hər fürsətdə iltifata baş vururlar. Məqsədləri düşdükləri situasiyadan “hakimlər”in hesabına daha az zərərlə çıxmaqdır.

Belə situasiyada biz ermənilərin yeritdiyi siyasətin əksini edə bilmərik. Bu elə bir durumdur ki, çəkişən tərəflərdən “hakim heyətinə etirazınız varmı” deyə soruşan olmayacaq. Gerçəklik budur. Bunu dəyişmək üçün yetərli qədər gücümüz varmı? İndilikdə yoxdur. Demək, yaranmış situasiyada ən optimal çıxış yolunun nə olduğunu müəyyənləşdirməli, ağıllı, tədbirli davranmaqla təklif olunan “oyun qaydaları”na riayət etməliyik.

“Rusiya Qarabağı işğal etdi”, “Rusiya ordusu Azərbaycana qayıtdı” kimi emosional fikirləri tirajlayıb, şişirdib ajiotaj yaratmağa da ehtiyac yoxdur. 1990-91-ci ildə Qarabağı idarə edən “rus hökuməti” (Arkadi Volskinin xüsusi komitəsi) ilə Rüstəm Muradovun sülməramlılarının arasında fərq böyükdür. O zaman situasiyanın ağası ermənilər idi, indi onlar deyil. Həmin illərdə Bakıda Dubinyak və Tyaqunov kimi sovet generalları komendantlıq edirdi, indi öz əlimiz, öz başımızdır.

O vaxtlar Qarabağ rayonlarında yalnız azsaylı milis qüvvələrimiz, bir də könüllü batalyonlar vardı, indi Qarabağın ən mühüm nöqtələrində, səngərlərində, dağ-dərələrində hər cür və çoxsaylı, tam təchizatlı qoşun birləşmələrimiz var./yeni musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26