Interposta.Info

"Bir millət, iki dövlət": Azərbaycan-Türkiyə müttəfiqliyi beynəlxalq siyasətin mühüm amilinə çevrilir

Siyasət
 4-09-2020, 09:22     750

"Azərbaycan Prezidenti Türkiyə və Yunanıstan arasında olan problemlərlə bağlı çox mühim məsələlərə toxundu”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, İlham Əliyev Yunanıstanın yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etinadnaməsini qəbul edərkən bir sıra məqamlara toxunub və öz tövsiyyələrini verib:

"Əsas məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti Türkiyə və Yunanıstan arasında olan problemlərlə bağlı çox mühim məsələlərə toxundu. Yəni, əsas məsələlərdən biri bu yaxınlarda Şərqi Aralıq Dənizi regionunda baş verən gərginliklə bağlıdır. Prezident öz çıxışında qeyd etdi ki, biz daima Türkiyənin yanındayıq və Şərqi Aralıq dənizində kəşfiyyat işlərinin aparılması məsələsində Türkiyəni dəstəkləyəcəyik. Azərbaycan höküməti rəsmi açıqlama verir ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Bununla bərabər Prezident həm də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də müvafiq tövsiyyələrini bildirdi. Burda da əsas məsələ ondan ibarətdir ki, Yunanıstan, Ermənistan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı Azərbaycan tərəfi təbii ki, narahatlıq keçirir. Məlum məsələdir ki, Ermənistan daim təxribatçı, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü zəbt etmiş bir ölkədir. Bu narahatçılıq daim olacaq”.

Arzu Nağıyev qeyd edib ki, əgər Ermənistanın təcüvüzkar siyasətini bu ölkələr dəstəkləyirsə, Azərbaycan birmənalı şəkildə onların cavabını verəcək:

"Bu heç də xarici siyasətdə düzgün istiqamət deyil. Bundan əlavə iki il əvvəl "Avropa İttifaqı Azərbaycan tərəfdaşlığı prioritetləri” adlı sənəd hazırlanıb və Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə və son vaxtlar bunların verdiyi bəyanatlar heç də bu müqaviləyə uyğun gəlmir. Ermənistan istəlinən dövlətlə hər hansı bir əlaqə yarada, dostluq edə bilər. Lakin bu heç bir dövlətin, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olmamalıdır. Prezident həmçinin Ermənistanın son vaxtlar hansı hərəkətləri etməsi, iyul ayının 17-dən başlayaraq Tovuz əməliyyatlarından sonra Rusiyadan onlara silah göndərilməsi məsələsinə də toxundu. Beləliklə, çox məyusedici hallar var. Prezident də qeyd etdi ki, əgər doğrudan da Yunanıstan Azərbaycanla gələcəkdə istər xarici, istərsə də iqtisadi siyasətdə bir tərəfdaş kimi çıxış etmək istəyirsə, yəqin ki öz siyasətinə korrektələr etməlidir”.

Deputat hesab edir ki, Prezident görüşdə Türkiyə-Azərbaycan münasibətinin ən yüksək səviyyədə olduğunu deyib:

"Və bununla bağlı Türkiyə tərəfdən də müsbət rəylər gəldi. Xarici İşlər Nazirliyi Mövlud Çavuşoğlu sosial şəbəkədə çıxışında deyib ki, Azərbaycan Türkiyənin yanında olduğu kimi Türkiyə də Azərbaycanın yanındadır”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Qaynarinfo-ya bildirib ki, ən böyük dipomatiya milli maraqları müdafiəetmə əzmi, ən doğru siyasət dürüstlükdür:

"Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyətində daima milli maraqları qorumaq üçün çox kombinasiyalı siyasi gedişlər ustası kimi deyil, həm də diplomatik üslüb və etiketi dərindən bilən güclü diplomat keyfiyyətləri ilə tanınır. Biz dəfələrlə Preziden İlham Əliyevin ən mürəkkəb şəraitdə ən sadə metodlarla bizə və müttəfiqlərimizə qarşı olan diplomatik həmlələri necə asanlıqla dəf etdiyinin və layiqli cavab verdiyinin şahidi olmuşuq. Eyni hadisəni ən müxtəlif beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərdə, beynəlxalq konfranslarda təşkil edilən debatlarda müşahidə edərək qurur hissi keçirmişik. Ona görə də Azərbaycan milli maraqlarını qorumaqda tam müstəqil siyasət yeridən dövlət, tərəfdaşlarının və müttəfiqlərinin maraqlarını qorumaqda isə əsl etibarlı dost kimi tanınıb. Məsələn, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: "Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Bu yerində nümayiş etdirilən diplomatik qətiyyət o zaman işğalçı ölkənin prezidentinin üzünə vurulan sillə effekti yaratmışdı. Bu günlərdə Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə akreditasiya olunmuş səfirinin etimadnaməsini qəbul edərkən yeni bir diplomatik üslubla həqiqətləri açıq və şəffaf şəkildə onun diqqətinə çatdıraraq bildirdi ki , "Yunanıstan, Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər".

Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurur. Çünki Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Bu yerində olan qətiyyətli və milli maraqlarımızın hər şeydən üstün tutulduğunu göstərən fikir və mövqe əslində yaxşı bir diplomatik dərs keyfiyyətində idi. Əmin olmaq olar ki , bundan hamı lazımi nəticəni özü üçün çıxartmış oldu. İkinci digər ən mühüm bir mövqe isə ondan ibarət oldu ki , Azərbaycan Prezidenti Türkiyə - Azərbaycan münasibətlərinin bütün diplomatiya və siyasətin fövqündə olduğunu diqqətə çatdırdı. Prezident bildirdi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu fikirlər Türkiyə- Azərbaycan qardaşlığının ən yaxşı ifadəsi və bir millət iki dövlət fəlsəfəsinin real beynəlxalq münasibətlər sistemində təntənəsi idi. Şübhəsiz ki, bu cür qətiyyətli və prinsipial diplomatiya siyasəti milli marqlarımızın qoruyan əm yaxşı vasitədir ".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26