Interposta.Info

Moskva Lukaşenkonun mümkün qədər zəifləməsini istəyir - səbəb

Siyasət
 14-08-2020, 09:58     339

Şahin Cəfərli: “Məqsəd ipə-sapa yatmayan ötkəm ”Batka“nı siyasi dalan vəziyyətinə salmaq və balans siyasəti aparmaq qabiliyyətini sıfıra endirməkdir“

Belarus hadisələrinə Rusiyanın ikili münasibətini görürük.

“Putin Lukaşenkonu təbrik edən ilk dövlət başçılarından biri oldu. Amma 2004-cü ildə Ukraynadakı prezident seçkilərindən sonra Viktor Yanukoviçi 3 dəfə (telefonla və yazılı) təbrik etməkdən fərqli bir durum var”.

Politoloq Şahin Cəfərli “pressklub.az”da Belarus hadisələrinə Rusiyanın ikili münasibətinə münasibət bildirərkən belə deyib. Onu sözlərinə gör, Çin liderinin təbriki olmasaydı, bəlkə də Putin hələ gözləyəcəkdi: “Si Tszinpin seçki gününün səhəri, ilkin nəticələr açıqlandıqdan dərhal sonra Lukaşenkoya təbrik göndərdi. Belə bir vəziyyətdə Putinin təbrikinin gecikməsi çeşidli spekulyasiyalara səbəb olacaqdı, Belarusdakı hadisələrin arxasında Rusiya barmağı axtarılacaq və Moskvanın Lukaşenkonu devirmək istədiyi yönündə rəy yaranacaqdı. Putin buna yol verməmək üçün Lukaşenkoya təbrik məktubu göndərdi, amma hələlik ona telefon etməyib. Bu gün isə Kreml açıqladı ki, Putinin qrafikində Lukaşenko ilə görüş yoxdur. Bununla parelel, Kremlin ruporu olan media Belarusdakı hadisələri obyektiv və hərtərəfli işıqlandırır, faktiki olaraq, etiraz edən xalqa informasiya dəstəyi verir. Rusiya ictimaiyyəti, propaqandist medianın önəmli simaları, Putinin cib müxalifəti Jirinovski və digər siyasətçilər, hətta sənətçilər Belarusdakı zorakılığa sərt reaksiya bildirirlər.


Şahin Cəfərli

Səbəb nədir və Moskva nəyə nail olmağa çalışır?

Hazırda Belarusda yaranmış vəziyyət Rusiyanın maraqlarına heç də zidd deyil. Moskva Lukaşenkonun mümkün qədər zəifləməsini, küncə qısılmasını, Qərblə qurmağa başladığı kövrək münasibətlərin yenidən pozulmasını, ona qarşı sanksiyaların tətbiqini və “Avropanın son diktatoru”nun bu epitetə layiq addımlar atmasını istəyir.

Belarusda zorakılıqla başa çatan hər gün və axan hər damla qan ölkəni və onun avtokrat liderini bu situasiyaya yaxınlaşdırır. Zəifləmiş, Qərblə münasibətləri pozulmuş, yenidən sanksiya məngənəsinə düşmüş və öz xalqının gözündə tamamilə bitmiş Lukaşenkonun döyəcəyi yalnız bir qapı qalacaq: Rusiya. (Çin də var, amma uzaqdadır və regionda güclü təsir alətlərinə malik deyil.) Bu vəziyyətdə Putin dünyadan təkrar qopmuş və ona möhtac duruma gəlmiş liderin qarşısında şərtlər qoyacaq, onu qorumağın əvəzində dərin inteqrasiya, faktiki olaraq, birləşmə tələb edəcək. Bu məqam Putinin Lukaşenkoya təbrik məktubunda da əksini tapıb. Putin qeyd edib ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, ittifaq dövləti çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə, Avrasiya İqtisadi İttifaqı və MDB xətti ilə inteqrasiyanın, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində hərbi-siyasi əlaqələrin gücləndirilməsinə ümid bəsləyir.

Yəni, Rusiya əslində Lukaşenkonun xalq inqilabı nəticəsində devrilməsini istəmir, ümumiyyətlə, Moskva postsovet məkanında inqilabi yolla hakimiyyət dəyişikliyini rədd edir və bunu öz maraqlarına təhlükə sayır. Məqsəd ipə-sapa yatmayan ötkəm “Batka”nı siyasi dalan vəziyyətinə salmaq və onun geopolitik mərkəzlər arasında manevr edib, balans siyasəti aparmaq qabiliyyətini sıfıra endirməkdir.

Qərb bunu anlamırmı?

Təbii ki, çox yaxşı anlayır və Rusiyanın Belarusu “udmasını” qətiyyən arzulamır. Lukaşenko ilə onun keçmişdə törətdiyi cinayətlərə rəğmən, başlanan yaxınlaşma bununla əlaqədar idi. Lukaşenko özünə 80% deyil, məsələn, 59% səs yazıb, rəqibinə də 35% yazsaydı və seçki sonrası zorakılıqla müşayiət olunan kütləvi xalq etirazları olmasaydı, Qərb böyük ehtimalla quru tənqidi bəyanatlarla bu mərhələni yola verəcəkdi. Rusiyanın inteqrativ proyektlərinin iştirakçısı olmasına rəğmən, Lukaşenkonun apardığı müstəqil xarici siyasət, Putinin birləşmə təklifini rədd etməsi Brüssel və Vaşinqtonda məmnunluqla qarşılanır.

Amma seçki axşamı və sonrakı günlərdə elə hadisələr baş verdi ki, indi Qərb ciddi və əməli reaksiya verməyə məcburdur.

Artıq həm Avropa Birliyi, həm də ABŞ tərəfindən Lukaşenko rejiminə qarşı ötən illərdə ləğv olunmuş sanksiyaların bərpası müzakirə edilir. Xüsusən Polşa və Litvanın AB daxilində çox ciddi aktivliyi, sanksiya məsələsini gündəmə gətirmələri və Belarus böhranının çözümündə baş rola iddia etmələri nəzərdən qaçmır. Son illər Şərqi Avropanın lider ölkəsi qismində özünü təsdiqləmək istəyən Polşa hökuməti Reç Pospolita ruhunu dirçəltməyə çalışır. Vaxtilə Polşa, Litva, Ukrayna, Belarus və Latviya Reç Pospolitada (Polşa Knyazlığı və Böyük Litva Knyazlığının konfederasiyası) təmsil olunublar. Bu ölkələr və xalqlar eyni tarixi-mədəni mirasın sahibləri, daşıyıcılarıdır. Reç Pospolita Lüblin uniyası (ittifaqı) nəticəsində yaranmışdı. Bu gün də Lüblin ittifaqı dirçəldilir. Bu yaxınlarda - iyulun 28-də Polşa, Ukrayna və Litva xarici işlər nazirlərinin görüşündə Lüblin üçbucağının yaradılması elan olunub. Məqsəd Belarusu da bu əməkdaşlığa cəlb etmək idi, lakin insanları əzən və diktaturaya doğru yol almış ölkənin bu halda inteqrasiyaya cəlb olunması imkansızdır. Yuxarıda Rusiyanın mövcud situasiyada maraqlı olduğunu təsadüfən vurğulamadıq.

Belarus Səudiyyə Ərəbistanı deyil, Avropadır. Bir Avropa ölkəsində Avropa dəyərlərinə açıq-aşkar tüpürülür və öz mədəniyyətinə, həyat tərzinə, xarici görkəminə görə qonşu Avropa toplumlarından fərqlənməyən bir xalq küçələrə çıxıb etiraz edir, əzilir, öldürülür, ağlayan gənc qızların və qadınların görüntüləri, təcridxanalara doldurulmuş və orada döyülən minlərlə aktivistin içəridəki fəryadları bütün dünyaya yayılır. Üstəlik, prezidentliyə namizəd - həyat yoldaşı rejimin girovluğunda olmasına baxmayaraq, 26 illik qəddar hökmdarın qarşısına çıxma cəsarəti göstərmiş məsum görünüşlü gənc qadın hələ səslər tam sayılmamış və nəticələr elan olunmamış ölkədən qovulur. Avropa ictimaiyyəti ürək ağrısı ilə bütün bunları izləyir və Belarus xalqı ilə ruhən birləşir, onunla həmrəyliyini bildirir. Hökumətlərin buna reaksiyasız qalması mümkün deyil. Qərb ən azı öz simasını qorumağa məcburdur. Avropanın şərqində diktaturanın meydana çıxması onların dəyərləri ilə yanaşı, maraqlarına da ziddir. Bu məsələdə dəyərlər və maraqlar üst-üstə düşür".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26