Interposta.Info

“Putin-Əliyev anlaşması Minsk Qrupunun fəaliyyətinə son qoya bilər”

Siyasət
 8-02-2018, 09:48     9 275

Qarabağ probleminin tənzimlənməsini öz üzərinə götürən, lakin fəaliyyətsizliyi ilə diqqət çəkən “üçlük” Bakıda növbəti görüşlər keçirdi, nəticəyə isə ümid yoxdur; Zahid Oruc: “Moskva və Bakı hansı addımları atacaq, əsas sual budur...”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana növbəti dəfə səfər ediblər. Fevralın 6-da Azərbaycan prezidenti İlham Əliyev qrumun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşün müzakirə mövzusu barədə ətraflı məlumat verilmədiyindən diplomatların bölgəyə növbəti səfərində əsas məqsədin nədən ibarət olduğu bəlli deyil. Öncə bildirilib ki, səfərdə məqsəd münaqişənin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir. Diqqətçəkən bu oldu ki, ABŞ-dan olan həmsədr Endrü Şoferi hələ fevralın 3-dən Bakıya gəlmişdi. Amerikali həmsədr və ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bu günlərdə Masazır qəsəbəsində məskunlaşan, Zəngilandan olan məcburi köçkünlərlə də görüşdülər. Diplomatik mənbələrdən bildirilmişdi ki, diplomat Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirmək üçün paytaxtımıza gəlib. Köçkünlərlə diplomatların görüşündə bildirilib ki, Qarabağ münaqişəsi nəticəsində tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qonaqların diqqətinə çatdırılıb ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, dərhal və qeyd-şərtsiz işğal olunan Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir.

Həmsədr bu arqumentlərin əvəzində heç nə deməyib. ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta isə bildirib ki, rəsmi Vaşinqton münaqişənin dinc yolla həllinin tərəfdarıdır və bu istiqamətdə səylərini artıracaq. Hər halda, buna bənzər açıqlamaları az eşitməmişik. Lakin budəfəki situasiya fərqli olduğundan hansısa dəyişikliklərin baş verəcəyi haqda təxminlər səslənir.

Eyni vaxtda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brinkin Azərbaycana səfər etməsi də diqqət çəkir. Düzdür, bəzi müşahidəçilər bunu ABŞ-Azərbaycan münasibətlərindəki yeni mərhələ, yaxud qarşıdakı prezident seçkiləri ilə əlaqələndirir. Ancaq amerikalı həmsədrin səfirlə birgə köçkünlərlə görüşməsi, həmçinin xanım Bricet Brinkin Qarabağla bağlı bəyanatı ondan xəbər verir ki, Vaşinqton bu yöndə fəaliyyətini artırmaq niyyətindədir.

“Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq uzanması, həqiqətən uzun müddətdir”- xanım Bricet Brink deyib. O bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllini güclü şəkildə dəstəkləyir: “Bildiyiniz kimi, Minsk Qrupu həmsədrləri Bakıdadır. Onların arasında amerikalı həmsədr də var. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və bu məqsədə çatmaq üçün səylərimizi davam etdirəcəyik” - diplomat əlavə edib.

interposta.info xəbər verir ki, Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə məsələləri komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, həmsədrlərdən öncə Birləşmiş Ştatların dövlət katibliyinin nümayəndəsi Bricit Brinkin regiona səfəri diqqətçəkən hadisədir:
“Ağ Ev Tramp ətrafında yaradılan səddi yarıb, nəhayət, Cənubi Qafqaza xüsusi diqqət ayırmağa çalışır. Əlbəttə, keçmiş sovet məkanını yaxşı tanıyan və dövlətlərarası münaqişələrin tarixinə yaxşı bələd olan xanım diplomata hansı tapşırıqların verildiyini yalnız təxmin etmək olar. Görünür, rəsmi Vaşinqton təşəbbüslərini bir qədər artırmaq niyyətindədir. Lakin Bakıda olarkən məcburi köçkünlər məsələsinə fokus edilməsi belə bir qənaət yaradır ki, son aylar Rusiyanın Qarabağ müstəvisində müəyyən dəyişikliklərə əl atacağı barədə xəbərlər, işğal altındakı torpaqların kiçik bir hissəsinin azad edilməsi fonunda Moskva-Bakı arasında yaxınlaşmanın dərinləşəcəyinə dair versiyalar Qərb tərəfindən ciddiyə alınır və kəşfiyyat məlumatları əsasında diplomatlar aktivliyi xeyli artırıblar. Digər tərəfdən, rəsmi Vaşinqton Ermənistanda dövlətin idarəetmə formasının dəyişməsindən sonra ”legitim hakimiyyət orqanı kim olacaq" sualına da aydınlıq gətirmək istəyir".

Z.Oruc qeyd etdi ki, hər iki ölkədə keçirilən seçkilərin nəticəsi bütün tərəflər üçün önəmlidir:
“Qarabağ cəbhəsində hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyi də seçkilərin gedişi və nəticələri ilə birbaşa bağlıdır. Rusiya, Fransa və Amerika Qafqazda yeni ultrapatriot qüvvələrin müharibə partiyası sifətində meydana çıxmasını istəmir. Ona görə də Bricit Brinki İlham Əliyevlə görüşə vadar edən səbəblər neft-qaz razılaşmalarının taleyi ilə yanaşı, Qərblə münasibətlərin necə davam etdiriləcəyi barəsində zəmanətlərə malik olmaqdır. Ona görə də həmsədrlər maksimum şəkildə seçkilər keçirilən dövrdə təmas xəttində gərginliyi artırmamaq, hərbi manevrləri bir qədər azaltmaq və savaş ritorikasını səngitmək istəyir”.

Deputat xatırlatdı ki, XİN rəhbəri Elmar Məmmədyarov son danışıqları “kreativ” adlandırıb:
“Yəqin xarici işlər naziri, nəhayət, erməni tərəfinin israr etdiyi müşahidə missiyası və qurğularının bölgəyə gətirilməsi uğrunda apardığı mübarizənin səmərəsizliyini dərk etməsini nəzərdə tutur. Lakin ehtimal olunan mühüm məsələlərdən biri də apreldən sonrakı vəziyyətin proqnozlaşdırılan olmasıdır. Bir çox beynəlxalq ekspertlər, seçki dövründə gedilməsi çətin olan güzəştlərin gələcəkdə Azərbaycan ordusu tərəfindən zorla alına biləcəyi versiyasını daha çox qabardırlar. Yəni prezident İlham Əliyev bütün beynəlxalq ictimai fikri ona yönəldir ki, bufer zonası adlanan konkret ərazilərdə hərbsizləşdirmə əməliyyatı aparır və onun Şuşada yaşayan ermənilərin təhlükəsizliyi ilə birbaşa əlaqəsi yoxdur. Belə olan təqdirdə, Putin və Əliyev arasında razılaşma Minsk Qrupunun fəaliyyətinə son qoya bilər. Hər halda, regional geopolitika tam Qərbin, İranın, Türkiyənin və Rusiyanın nəzarəti altına keçməyib. Ona görə də həmsədrlərin səfəri hətta növbətçi xarakter daşıya, gələcək prezident-baş nazir arasında görüşlərə hesablana bilər. Lakin əsas məsələ üst qatda cərəyan edir. Hər üç dövlət tərəflərdən müharibə olmayacağına dair ölkə rəhbərlərindən zəmanət alandan sonra Moskva və Bakı hansı addımları atacaq? Bax, əsas sual budur”.

İstisna deyil ki, Bakı görüşlərində Minsk Qrupunun həmsədrləri ATƏT-in müşahidə missiyasının sayının artırılmasının “zəruriliyindən” bəhs edəcəklər. Məlumdur ki, ermənilərin maraqlarına cavab verən bu addım Azərbaycanı qane etmir. Rəsmi Bakının mövqeyi budur ki, Ermənistan təmas xəttində müşahidəçilərin sayının artırılması halından status-kvonun qorunub-saxlanması məqsədilə sui-istifadə etməyəcəyinə dair öhdəlik götürməlidir. Həmsədrlərin görüşlərinin nə ilə bitəcəyi yəqin ki, yaxın günlərdə bəlli olacaq.

interposta.info-ın məlumatına görə, politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri deklorativ bəyanatlardan əlavə heç bir addımlar atmır: “Son qərar kimi təmas xəttində müşahidəcilərin sayını artırmağa çalışırlar. Bu isə Azərbaycan tərəfi üçün hər hansı bir müsbət addım kimi sayıla bilməz. Çünki təmas xəttinə diqqəti artırmaq ilk növbədə saxta sərhəd çəkmək deməkdir. Belə bir addım isə separatçı qurumun tərəf kimi qəbul etdirilməsi üçün atılır. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək. Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin qaçqın soydaşlarımızla görüşündən də məlum oldu ki, ərazilərlə bağlı konkret bir fikir irəli sürülmür. Ərazi bütövlüyümüzlə bağlı bəyanatlar səslənsə də, konkret addımlarla bağlı bəyanatlar verilmir, hətta müşahidəçilərin sayının niyə artırılması da sual kimi açıq qalır. Buna görə də münaqişənin həlli ilə bağlı optimist fikirlər təəssüf ki, yoxdur. Bununla yanaşı, müəyyən aktivlik müşahidə olunur, görüşlər keçirilir. Getdikcə hiss olunur ki, 2016-cı ilin aprel hadisələrinə bənzər antiterror əməliyyatları qaçılmaz ola bilər. Ermənilər seçki ərəfəsində yəqin ki, təxribatlar edəcəklər və bunu bizim tərəfin etdiyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaqlar. Buna görə də hər cürə təxribata hazır olmaq lazımdır”.

*****

Bu arada İsveçrə Milli Şurasının sədri Dominik de Buman İrəvanda Azərbaycanın suverenliyini təhdid edən mövqe sərgiləyib. Ermənipərəst spiker iddia edib ki, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ var. Hələ illər öncə Azərbaycan ərazilərinə qanunsuz səfər etməklə “qara siyahı”ya düşən Buman çox güman ki, bununla ermənilərə yarınaraq, Bakıdan qisas aldığını zənn edib. Artıq rəsmi Bakı bununla əlaqədar mövqeyini açıqlayıb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bumanın səsləndirdiyi fikirləri şərh edib. O bildirib ki, Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir. Və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir. “İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın İrəvanda səsləndirdiyi fikirlər beynəlxalq səviyyədə qəbul olunmuş dilə tərcümə edildikdə seqreqasiya və rasizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər. Dominik De Buman 2012-ci ildə Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Bu səfərlə və indi İrəvandan səsləndirdiyi fikirlərlə o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir” - deyə XİN rəsmisi bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26