Interposta.Info

Sabiq məktəb direktoru Prezidentdən kömək istədi - "Mənə qarşı ədalətsizlik edilib"

Ölkə
 15-01-2021, 15:10     335

Lənkəran rayonu Mayis Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin sabiq direktoru, hazırda həmin məktəbdə texnologiya fənnini tədris edən müəllim İlhamə Orucova saytımız vasitəsi ilə Prezident İlham Əliyevə məktub ünvanlayıb.

İlhamə Orucova uzun illər çalışdığı məktəb direktorluğu vəzifəsindən 22 sentyabr 2020-ci il tarixində qanunsuz çıxarıldığını bildirir və Prezidentdən ədalətin bərpa olunmasına yardım etməyi xahiş edir.

Sabiq məktəb direktoru məktubunda qeyd edir ki, ona qarşı qəbul edilən qərar həm əsassız, həm də qərəzlidir.

İlhamə Orucovanın Prezident İlham Əliyevə ünvanladığı məktubu təqdim edirik:

"Cənab Prezident! Yaranmış vəziyyətlə əlaqədar Sizə müraciət etməli oldum.

Bildirirəm ki, 21 fevral 2020—ci il tarixində saat 12 radələrində Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin 2 əməkdaşı monitorinq məqsədilə məktəbimizə gəldilər, bu zaman mən onlardan ezamiyyə vərəqəsini tələb etdim, onlar müxtəlif bəhanələr gətirərək mənə ezamiyyə vərəqəsini vermədilər.

Qeyd etməliyəm ki, Lənkəran Rayon Şəhər Təhsil Şöbəsinin əməkdaşlarından da heç kim onlarla gəlməmişdi. Onlar məktəbin iki müəllimi – tarix fənnini tədris edən müəllim Qurbanova Elnarə Səxavət qızı və dil-ədəbiyyat fənnini tədris edən Məhərrəmova Zülalə Əvəz qızının məktəbdə olub-olmamasını soruşdular. Bu zaman hər iki müəllimin xəstəlik vərəqələrini onlara təqdim etdim və izah etdim ki, Gəncə şəhərində Zülalə Məhərrəmova açıq ürək əməliyyatı olduğundan xəstəlik vərəqələrini də oradan gətiribr. Elnarə Qurbanova isə bronxit-asma xəstəsi olduğundan və Lənkəran şəhərində mövcud olan nəmişliklə əlaqədar sonuncu üçün Lənkəran şəraiti əlverişsiz olduğundan Bakı şəhərində müalicə alır və xəstəlik vərəqələrini də Bakı şəhərindən gətirib təqdim edib.

Növbəti məsələ isə dərsdən kənar məşğələlərin keçirilib-keçirilməməsi ilə bağlı olub. Onlara izah etdim ki, 21 fevral Beynalxalq Ana dili günü ilə bağlı məktəbimizin tədbirlər planına uyğun olaraq məktəbimizdə geniş şəkildə tədbir hazırlamışıq və həmin dərsdə iştirak etməli olan uşaqlar həmin tədbirə hazırlaşırdılar (şeir söyləmək, səhnəcik hazırlamaq və s.). Bu iki məsələ ilə maraqlandılar. Bundan sonra mən onları tədbirə dəvət etdim, məktəbin nizamnaməsini, tədbirlər planını, iş planımı, əmr kitabımı və s. sənədləri onlara təqdim etdim. Lakin onlar üçün həmin sənədlərə baxış keçirtmək maraqlı deyildi, çünki gəlişləri qərəzli və məqsədli idi. Bundan bir həftə sonra 15 saylı Ərazi Hesablaşma Mərkəzinin işçisi Fariz Mahmudov məni Təhsil Şöbəsinə dəvət edərək bildirdi ki, siz 4607 manat məbləği sizə verdiyim hesaba köçürtməlisiniz. Mən onun səbəbini soruşarkən F.Mahmudov bildirdi ki, 21 fevraldakı yoxlama zamanı 3 saat dərsdən kənar məşğələlər keçirilmədiyi üçün siz cərimə ödəməlisiniz. Bildirdim ki, izahatımda 21 fevral Beynəlxalq Ana dili günü ilə əlaqədar dərs keçirilməsini artıq qeyd etmişəm. Cavabında bildirdi ki, siz bu pulu mütləq ödəməlisiniz, yoxsa prokurorluğa veriləcəksiniz və işdən də çıxarılacaqsınız. Mən isə pulumun olmamasını və bunun qanunsuz olduğunu bildirdim.



Bundan sonra Fariz Mahmudov mütəmadi şəkildə mənə zəng edərək qorxu və təzyiq göstərərək pulun məcburi şəkildə ödənilməsini tələb etdi və məni növbəti dəfə yenə də Təhsil Şöbəsinə dəvət etdi. Bu zaman mənə bildirdi ki, "sənə sonuncu və axırıncı dəfə xəbərdarlıq edirəm, səndən başqa iki direktor da həmin pulu ödəyib, sən nə karəsən ki, ödəməyəsən”.

Mən ona pulumun olmamasını bildirsəm də, mənə bankdan kredit götürməyimi bildirdi. Mən də məcbur olub, öz işimin itirilməməsi üçün "Nikoil" bankdan 5000 manat kredit götürdüm və Fariz Mahmudovun mənə verdiyi hesab nömrəsinə 28 aprel 2020-ci il tarixdə 4612 manat pul köçürtmüşəm.

Bundan dörd ay sonra Lənkəran Rayon-Şəhər Təhsil Şöbəsinə yeni təyin olunmuş müdir Ülviyyə Əliyeva məni Təhsil Şöbəsinə çağıraraq məndən işdən çıxmaqla əlaqədar ərizə yazmağımı tələb etdi. Mən işdən çıxarılmağımın səbəbini soruşarkən, Ü.Əliyeva bildirdi ki, fevral ayında daxili nəzarət şöbəsi məktəbdə yoxlamada olub və yol verdiyin nöqsanlara görə işdən çıxmalısan.

Nöqsanların nədən ibarət olduğunu soruşarkən mənə bildirdi ki, siz dövlətə 4612 manat pul köçürtmüsünüz və bu səbəbdən də işdən çıxmalısınız. Fariz Mahmudov tərəfindən mənə edilən hədələri, təzyiqləri onun diqqətinə çatdırdım. Amma o mənimlə razılaşmadı və ərizə yazmağımı tələb etdi.

Mən isə qəti şəkildə etirazımı bildirdim və ərizəni yazmadım. Bundan sonra Ülviyyə Əliyeva yenə də dəfələrlə ərizə yazmağımı tələb etdi, mən isə təkrarən buna qəti şəkildə etirazımı bildirdim. Bir ay ərzində rayon həmkarlar şurasını Lənkəran Rayon –Şəhər Təhsil Şöbəsinə dəvət edərək, qanunsuz şəkildə Ülviyyə Əliyevanın iştirakı ilə hər üç direktorun işdən çıxarılması ilə bağlı razılıqlarını ifadə edən qərar qəbul etdilər.

Həmin qərara əsasən Təhsil Nazirliyi 22 sentyabr 2020-ci il tarixli K-986 nömrəli əmri ilə Əmək Məcəlləsininin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləmə xitam verilib. Həmin əmrdən bildirilir ki, mən Orucova İlhamə Fərhad qızı Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbinin direktoru olaraq vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişəm və əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirməmişəm. Burada qeyd etməliyəm ki, vəzifə funksiyalarımın icrasında nöqsan olmayıb və öhdəliklərimi də yüksək səviyyədə yerinə yetirmişəm. Məktəbdə monitorinq aparılarkən obyektiv araşdırma aparılmamış, işimə obyektiv qiymət verilməyib. İşimdə çatışmazlıq, nöqsan, pozuntu müəyyən edilmədiyindən, mənə süni surətdə təqsirin etirafını ifadə edən cərimə ödənişi ödətdirilib. Bunu ilk əvvəl anlamasam da, sonradan mənə bəlli olub. Təzyiqlə və aldatmaqla mənə etdirilmiş ödəniş faktı sonradan mənə qarşı guya ki, sübut qismində istifadə edilib. Yəni yanaşma belə oldu ki, pulu ödəmişəmsə deməli nöqsanlarım olub. Bu tamamilə absurd yanaşmadır və mənə qarşı edilmiş haqsızlıqdır. Həmin tarixdən etibarən Ülviyyə Əliyeva məktəbin idarə olunmasını cəmi 36 dərs saatı olan coğrafiya müəllimi Vəliyev Faiq Fərman oğluna həvalə etdi.

Burada Əmək qanunvericiliyinin tələbləri açıq-aşkar pozulub.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi əsasları göstərilib. Həmin maddənin "ç" bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. Qeyd olunan 72-ci maddənin "ə” bəndindən görünür ki, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozulması əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biridir. Qanunvericiliyin yanaşması kifayət qədər aydındır. Yuxarıda qeyd olunan maddələrin məzmunu işçini birbaşa yox, təkrarən yol verdiyi nöqsanla bağlı işdən azad etməyi ehtiva edir. Mənə əvvəlki tarixlərdə heç bir töhmətin verilməməsi və intizam məsuliyyətinə cəlb olunmamağım, hətta mənə şifahi və ya yazılı xəbərdarlıq belə edilməməsi ona dəlalət edir ki, mən qüsursuz fəaliyyət göstərmişəm, əmək funksiyasını əvvəllər pozmamışam və məhz bu baxımdan hesab edirəm ki, bütün bu sadalananlar mənim birbaşa işdən azad edilməyimi hər bir halda istisna edir. Lakin Lənkəran Rayon Şəhər Təhsil Şöbəsi əmək qanunvericiliyinin mühüm prinsiplərinin və normalarının tətbiqini şərtləndirən həmin xüsusatlara da düzgün hüquqi qiymət verməyib. Mənə tənbeh verilməsi üçün heç bir əsas olmadığı halda, barəmdə ən ağır tənbeh növünün seçilməsi açıq-aşkar qərəzdir. Bu dərəcədə kəskin yanaşma, işçiyə birbaşa ən ağır intizam tənbehi ona münasibətdə hər bir halda ədalətsizlikdir. Hərçənd ki, tərəfimdən nöqsanlara yol verilməyib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Hazırki iş üzrə mənim şəxsiyyətim, uzun illər qüsursuz fəaliyyətim nəzərə alınmamış və tam əsassız əmr verilib.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd olunur ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Maddədə həmçinin təsbit olunur ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək cəmiyyətin inkişafının təməli, insanların firavan həyatının ilkin şərtidir. Konstitusion hüquq sayılan əmək hüququm əsassız və qanunsuz şəkildə pozulub. Özü də mən ailəmin yeganə qazanc gətirən şəxsi olmuşam.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında əmək hüququna münasibətdə bir sıra məsələlər əksini tapıb. Qərarda qeyd olunur ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.

Hal-hazırda mən 6 saat dərs yükü ilə təmin olunmuşam və 139 manat əmək haqqı alıram. Bu məbləğ isə minimum əmək haqqından da aşağı məbləğdir. Yeganə övladım Oruczadə Əhəd Tələt oğlu hal-hazırda Ağdamın N saylı hərbi hissəsində hərbi xidmət keçir. Mənə qarşı hədsiz haqsızlıqlar, qanunsuzlaqlar edilib və bu haqsızlıqlar indi də davam edir. Direktor vəzifəsindən qanunsuz şəkildə azad olunduğumdan işə bərpa olunmaqla əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişəm. Mövcud pandemiya ilə əlaqədar məhkəmələrin fəaliyyəti dayandığından işə baxılması hələlik təxirə salınıb.

CƏNAB PREZİDENT!

Mənə qarşı törədilmiş qanunsuz və ədalətsiz əməllərə görə Lənkəran Rayon-Şəhər Təhsil Şöbəsinin əməkdaşları Fariz Mahmudov və Ülviyyə Əliyeva barəsində, eləcə də Lənkəran Rayon Həmkarlar Şurasının sədri Zeynalov Qürbətəli barəsində qanuna müvafiq olaraq ciddi tədbir görülməsi barədə göstəriş verməyinizi və ədatəli bərpa etməyinizi Sizdən xahiş edirəm.

Öncədən Sizə dərin minnətdarlığımı bildirirəm!"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26