Interposta.Info

“İnterpol “Lotu Quli”ni həbs edə bilməz” - Vəkildən ilginc açıqlamalar

Ölkə
 20-12-2017, 07:27     10 513

"Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun beynəlxalq axtarışa verilməsi günün əsas mövzularından biri oldu. Rusiyanın "Rosbalt” agentliyi hüquq-mühafizə orqanlarına istinad edərək xəbər verib ki, N.Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. İşin bununla yekunlaşmayacağı barədə də xüsusi eyhamlar var. Eyni mənbə bildirib ki, "Lotu Quli”yə qarşı daha bir ağır maddə (mütəşəkkil cinayətkar qruplaşmanın yaradılması) üzrə ittiham elan ediləcək.

Bəs bu ittihamların elan edilməsi üçün istintaqın əlində hansı əsaslar var, bu cinayət işinin başlanmasını zəruri edən amillər hansılardı? Məsələnin bu tərəfi ilə bağlı hələ ki, heç bir rəsmi cavab yoxdur. Lakin yayılan ilkin məlumatlarda qeyd edilir ki, artıq istintaq tərəfi Səlifovun barəsində qiyabi həbs qərarının çıxarılması üçün Moskvanın Presnensk rayon məhkəməsi qarşısında vəsatət qaldırıb. Və bu vəsatət təmin olunub. O, beynəlxalq axtarışa verilib. İkinci maraqlı məqam da elə bu hissə ilə bağlıdır. Beynəlxalq axtarışı həyata keçirən orqanın - İnterpolun rəsmi internet səhifəsində Gürcüstan vətəndaşı olan Nadir Səlifov barəsində heç bir qeyd tapmadıq. Doğrudur, Səlifovun adının orada olmaması onun axtarışa verilməməsinin tam sübutu deyil. Lakin bu fakt ehtimalları xeyli gücləndirir.

"XeberBiz" xəbər verir ki, Lent.az ortaya çıxan bu suallara uzun müddət Nadir Səlifovun vəkili olmuş Kamandar Nəsibovdan cavab almağa çalışıb. Onların hazırda da münasibətlərinin yaxşı olduğu qeyd edilir.

Vəkil deyir ki, bu iş tamamilə quramadır: "Onun hazırda axtarışa verilib yenidən həbs edilməsi real deyil. Hətta inanın ki, onun axtarışı ilə bağlı İnterpolun rəsmi səhifəsində xüsusi qeyd olsaydı belə, bu, nəticəsiz bir məsələdir".

Maraqlıdır, Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi kimi ciddi qurumun belə bir addımı atmaqda məqsədi nə ola bilər?

Vəkilin sözlərinə görə, Rusiyanın müvafiq qurumlarının bu cür hərəkətləri İnterpolun özündə də normal qarşılanmır: ""Quli”nin hər hansı cinayəti haqda onlarda sübut yoxdur. Bu, yalnız İstintaq Komitəsinin istəyi ola bilər. İstək isə hələ hər şey demək deyil. Fikrimcə, bu xəbərin yayılmasında məqsəd onun kriminal aləmdə artan nüfuzu ilə bağlıdır".

Başqa bir məqam. Mövcud prosessual qaydalara görə, cinayət işi açılırsa, əvvəlcə cinayətdə şübhəli bilinən şəxs dindirilməli, ona rəsmi sorğu göndərilməli idi. Nadir Səlifovun isə son 20 ildən artıq müddəti cəzaçəkmə müəssisəsində keçirdiyini hamı bilir. Bəs istintaq orqanı onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə hər hansı bir sorğu ilə müraciət edibmi?

Kamandar Nəsibov konkret "yox" cavabını verdi: "Hər hansı əsas olsaydı, bunu asanlıqla edə bilərdilər. Çünki Rusiya ilə bizim ölkə arasında hüquqi əməkdaşlığa dair müqavilə var. O ki qaldı qiyabi ittihamın elan edilməsinə, Rusiyanın qanunvericiliyində belə bir hal var. Yəni nəzəri cəhətdən. Amma onların bu müraciəti üçün də mütləq əllərində əsas, sübut, şahid ifadələri və sair olmalıydı".

N.Səlifovun mütəşəkkil cinayətkar dəstə yaratması ilə bağlı ittihamlara gəlincə, vəkil deyir ki, hətta belə bir şey olsaydı da, onu sübut etmək üçün dəstə üzvləri hesab edilən insanlar istintaqa cəlb edilməli, dindirilməli və ona qarşı olan bu ifadələrdə ciddi sübutlar olmalıydı".

Bəs Türkiyə tərəfi Səlifovu Rusiyaya verəcəkmi? Ümumiyyətlə, Türkiyə və Rusiya arasında hüquqi yardıma dair əməkdaşlıq müqaviləsi varmı?

Kamandar Nəsibov deyir ki, ümumiyyətlə, ortada belə bir cinayət işinin olub-olmaması barədə nə N.Səlifovda, nə də onun vəkillərində rəsmi məlumat yoxdur: "Olsa belə, inanmıram Türkiyə "Quli”ni Rusiyaya versin".

Rusiya mətbuatına bu barədə məlumat sızdıran mənbə isə deyib ki, "Lotu Quli”yə qarşı bu tədbir onun hətta Türkiyə ərazisindən belə Rusiyanı nəzarətdə saxlamasıdı. Qeyd edilir ki, o, Rusiyada özünü "bir nömrəli qanuni oğru” kimi aparır, hər yerdə öz adamlarını, "smotryaşilərini” təyin edir.

Rusiyanın "Prime Crime” portalında isə belə bir xəbər var ki, "Lotu Quli” 2015-ci ilin dekabrında Kamal Quliyev adlı biznesmenin oğurlanmasını təşkil etməkdə günahlandırılır. Azad olunması üçün 10 milyon avro tələb edilən K.Quliyev sonradan girovluqdan qaça bilib. O səbəbdən də, ehtimal olunur ki, məhz həmin şəxs Səlifovun azadlığa çıxması ərəfəsində istintaqla sövdələşməyə girib.

Bütün bunlar hələ ki, versiya olaraq qalır. Ən doğru məlumatı vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra açıqlaya bilərlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26