Bir sərəncamın

Qüdrətli nazirlə və nazirliklə bağlı qərar siyasi böhran əlamətidir, yoxsa...
Müxalifət düşərgəsindən bir qrup adam sosial şəbəkələrdə Ziya Məmmədovun nazir vəzifəsindən çıxarılmasını hakimiyyətdaxili qarşıdurmanın nəticəsi kimi şərh edir. Məsələn, iddia olunur ki, nazirin işdən çıxarılması hakimiyyətin sonunun yaxınlaşmasıdır.
Belə şərhlərin, proqnozların əsası varmı?
ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Ziya Məmmədovun nazir vəzifəsindən kənarlaşdırılması və Nəqliyyat Nazirliyinin başqa bir nazirliyə birləşdirilməsini hakimiyyətdaxili mübarizənin nəticəsi hesab etmək, daha uzağa gedən nəticələr çıxarıb bu hadisəni hakimiyyətin çöküşünü yaxınlaşdıran hadisə saymaq yanlışdır.
Burada hansısa daxili qarşıdurma amili axtarmaq doğru nəticəyə gəlməyə imkan verməz. Kimlərsə bu hadisədən “hakimiyyətin axırı gəldi” kimi nəticələr çıxarıb ümidlənibsə, boşuna ümidlənib. Çünki Nəqliyyat Nazirliyinin başqa bir nazirliklə birləşdirilməsinin sadə səbəbi var: “Azərbaycanda neft bumu dövründə eyni təmayüllü bir çox nazirliklər, dövlət komitələri və digər qurumlar yaradılmışdı. Həmin dövrdə bu tipli qurumların dövlət büdcəsi hesabına saxlanılması elə də problem deyildi. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması Azərbaycanın gəlirlərini kəskin şəkildə azaltdı. Bu da təbii olaraq Azərbaycanın dövlət büdcəsinə mənfi təsirini göstərdi və nəticə etibarı ilə bir çox nazirliklərin ləğvi məsələsi aktuallaşdı. Bildiyiniz kimi, bundan qabaq da nazirlik səviyyəsində olan Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunaraq səlahiyyətləri digər qurumlar arasında paylanmışdı. Ötən illərdə Nəqliyyat Nazirliyinin də bir çox səlahiyyətləri əlindən alınıb başqa qurumlara verilmişdi. Bu nazirliyin ləğv olunması labüd idi. Nazirliyin ləğvində siyasi motivlərdən daha çox iqtisadi motivlərin olduğunu düşünürəm. Problem Ziya Məmmədovla bağlı idisə, onu vəzifədən azad edə bilərdilər, nazirlik qalardı”.
Partiya yetkilisinin fikrincə, bundan sonra da bir sıra dövlət qurumlarının birləşdirilməsi və ya ləğvinin, nəticədə bir sıra məmurların da vəzifəsini itirməsi kimi oxşar proseslərin şahidi olacağıq: “Çünki yuxarıda qeyd etdiyim kimi, böhran eyni təmayüllü qurumların birləşdirilməsini diktə edir. Ona görə bu hadisənin hakimiyyətdaxili çəkişmələrdən daha çox iqtisadi böhranla əlaqələndirilməsi daha düzgün olardı”.
Siyasi ekspert Yeganə Hacıyeva isə hesab edir ki, bir sıra adamlar qədərsiz qeyri-ciddiliyə yuvarlanıblar. Ona görə də bir nazirin işdən azad edilməsini, nazirliyin başqa nazirliyə birləşdirilməsini belə, “hakimiyyətin sonunun yaxınlaşması” kimi təqdim edirlər. Hansısa məmurun, nazirin vəzifədən çıxarılması hakimiyyətin sonunun bir qədər də yaxınlaşması demək olsaydı, bu “son” çoxdan sona çatardı: “Heç uzağa getməyək, ona qalsaydı ölkənin ən aparıcı güc strukturu olan Milli Təhlükəsizlik Nazirliyi və konkret Eldar Mahmudovla bağlı olaylarda da bəziləri o cür uzağa gedən nəticələr çıxarırdı. Ancaq onların proqnozlarının əksi baş verdi-hakimiyyət möhkəmləndi. Məncə, Ziya Məmmədovu bir az dincəldikdən sonra daha ciddi işlərin başına qoymaq üçün bir müddət istirahətə göndərdilər”./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26