Interposta.Info

Bir il öncəki aksiyalar və islahatlar -

Ölkə
 7-01-2017, 08:54     440

 Bir il öncəki aksiyalar və islahatlar -

Ötən ilin yanvar ayında unun və çörəyin bahalaşmasına etiraz olaraq Azərbaycanın ayrı-ayrı bölgələrində etiraz aksiyaları keçirildi. Lənkəran, Astara, Cəlilabad, Siyəzən və digər rayonlarda əhali küçələrə çıxaraq qiymətlərin endirilməsini tələb etdi. Məhz bundan sonra müvəqqəti də olsa unun və çörəyin qiyməti əvvəlki vəziyyətinə qayıtdı.

Ən əsası, həmin vaxt hökumət islahatlara başlamaq istiqamətində ilk addım atdı. Bir sözlə, bu etirazlar hökumətin hərəkətə keçməsi üçün ciddi siqnal oldu. Ondan sonra il ərzində çoxsaylı inkişaf proqramları və yol xəritələri müzakirəyə çıxarıldı, müxtəlif qanunlar qəbul olundu. Ən əsası isə gömrükdə monopoliya dayandırıldı.


Bəs görəsən həmin etiraz aksiyaların nəticəsi olan iqtisadi islahatlar hazırda nə vəziyyətdədir və bu bir ildə ölkə iqtisadiyyatına ciddi bir fayda verə bildimi?

interposta.info xəbər verir ki, “Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, həmin dövrdə hökumətin qiymətlərə nəzarət siyasəti bir müddət sonra özünü doğrultmadı: “Mən düşünmürəm ki, bu aksiyalardan sonra hökumətin qiymət artımına qarşı apardığı tədbirlərin nəticəsi dayanıqlı oldu. Təbii ki, müəyyən dövr ərzində gündəlik tələbat məhsullarının istehsalçıların və ya distribütorlarına dövlət qurumları tərəfindən təzyiq edilməsi ilə, administrativ üsulla bahalaşmanın qarşısı bir neçə ay alındı. Xüsusilə də may ayının əvvəllərindən etibarən bu nəzarət mexanizmi nisbətən yumşaldıldı. Bundan sonra isə qiymətlər ciddi şəkildə artmağa başladı. Rəsmi rəqəmlərə görə 2016-cı ilin 11 ayı ərzində gündəlik tələbat malları və ərzaq məhsullarının istehlak qiymətlərindən təxminən 17 faizə yaxın artım baş verdi. Bu göstərici rəsmidir, ancaq reallıqda bu daha çox olub. Hətta bəzi məhsullar üzrə bahalaşma 60, 70 faizə, hətta 100 faizə çatdı. Bu isə onu deməyə əsas verir ki, 2016-cı ilin əvvəlində hansısa aksiyaların nəticəsi olaraq hökumət tərəfindən ortaya qoyulan mövqe davamlı nəticələrə səbəb olmadı”.

 Bir il öncəki aksiyalar və islahatlar -

Ekspertin fikrincə, bu addımların nəticəsiz qalmasının səbəbi inzibati nəzarəti üsulunun bazar iqtisadiyyatı qanunlarına zidd olmasıdır:
“Çünki bu addımların iqtisadi əsası yoxdur. Azərbaycanın müstəqilliyini elan etdiyi dövrdən etibarən inkişaf istiqaməti kimi müəyyənləşdirdiyi bazar iqtisadiyyatı prinsiplərinə uyğun gəlmir. Bazar iqtisadiyyatı prinsiplərinə görə, qiymətlər bazar əsasında formalaşır və bu da tələb-təklif əsasında müəyyən olunur. Əgər biz Azərbaycan kimi idxaldan asılı olan ölkədə devalvasiyanın hazırki sürətlə davam etdiyi dövrdə qiymət artımının qarşısının alınmasından danışırıqsa, bu biznesə marağın azalmasına, idxal səviyyəsinin aşağı düşməsin, son nəticədə isə məhsul qıtlığın gətirib çıxarır. Qeyri-leqal bazarların formalaşmasına, qara bazarlarda qiymət səbəb olur. Bu baxımdan hökumət məcburən müəyyən müddət ərzində sahibkarlıq subyektlərinin haqlı iradları ilə razılaşdı, nəzarət siyasətini yumşaltdı, nəticədə qiymətlər sürətlə bahalaşdı”.

 Bir il öncəki aksiyalar və islahatlar -

R.Həsənovun sözlərinə görə, hazırki gedişat bu il də sosial gərginliyin yüksək həddə olacağından xəbər verir:
“2017-ci ildə nələrin baş verəcəyini demək çətindir. Hazırda sürətlər qiymətlər artır, insanların sosial problemləri artır. Kommunal xərclər artır. Eyni zamanda problemli kreditlərin həcmi də artır. Bununla paralel olaraq son iki ildə vətəndaşların böyük bir hissəsi ehtiyat məqsədilə yığdıqları vəsaitləri də xərcləyib tükədiblər. Bu məqamda prosesin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Hökumətin hazırda atacağı addımlar çox məhduddur. Çünki sağlam dayaqlar üzərində iqtisadi tənzimləməni həyata keçirəcək baza yoxdur. Strateji yol xəritələri hazırlansa da, onları həyata keçirmək üçün illərlə vaxt lazımdır. Qısamüddətli dövrdə hansısa nəticənin olacağını demək çətindir. Vəziyyət gündən-günə ağırlaşır. Cinayət xarakterli davranışlar və intiharlar da artır. Sosial xidmətlərdən istifadə aşağı düşür. Bu cəmiyyət və hökumət üçün bir SOS siqnalıdır. Bütün bunlar gərginliyin gündən-günə artmasına işarə verir. Lakin hansı nəticələr doğuracağını əvvəlcədən demək çətindir. Müxtəlif cəmiyyətlərdə müxtəlif sosial qruplar arasında baş verənlərin əks olunması özünü fərqli şəkildə göstərir. Hökumət sosial vəziyyətin yaxşılaşmasına yönəlmiş qısamüddətli və cəld tədbirlər həyata keçirməlidir. Əks halda heç də yaxşı nəticələr gözləmək mümkün deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26