Interposta.Info

COVID-19 və qrip vaksini eyni vaxtda vurulacaq?

Müxtəlif
 18-09-2021, 12:13     401

Azərbaycanda son günlər koronavirusa yoluxma sayında azalmalar olsa da, ölüm sayı yenə də çoxluq təşkil edir. Yazını hazırladığımız zaman açıqlanan statistik məlumata görə, virusa 1783 yeni yoluxma faktı qeydə alınıb, 3 680 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib. Artıq pandemiyanın ikinci ilinin tamam olmasına sayılı aylar qalıb. Bəs görəsən, Azərbaycanı kollektiv immunitetdən nə qədər vaxt ayırır?

Bəzi iddialar var ki, ölkəmizdə kollektiv immunitet artıq çoxdan yaranıb. Bildiriilir ki, bu səbəbdən artıq vaksinasiya aparılmasına da ehtiyac yoxdur. Çünki insanlar artıq ikinci dəfə bu xəstəliyə yoluxublar. Əgər immunitet daimi deyilsə, qısa müddətlidirsə, onu təkrar-təkrar peyvənd etməklə formalaşdırmaq, eyni xəstəliyi keçirmək kimi dəyərləndirilr. O da qeyd edilir ki, ən güclü immunitet insanın xəstələnib sağaldığı zaman yaranır...

Bu arada Niderlandın Radbaud Universitetinin Tibb Mərkəzinin alimləri qripə qarşı peyvəndlərin koronavirusa qarşı da effektli olduğunu müəyyən ediblər: qrip peyvəndlərinin 1-ci dalğada yoluxma ehtimalını 47%, ikinci dalğada isə 50% azaltdığı məlum olub.

Qeyd edək ki, pandemiyanın ilk dalğası zamanı alimlər Niderlandda xəstəxana işçiləri arasında araşdırma aparıblar və qrip əleyhinə peyvənd olunanlar arasında koronavirusa yoluxma riskinin digərlərinə nisbətən 47% aşağı olduğunu sübut ediblər.

Azərbaycanda qripə qarşı peyvənd tətbiq edilir-Mövsümi qriplərdən qoruyurmu?

Bəs qripə qarşı peyvəndlər üçün əks-göstərişlər COVİD əleyhinə peyvəndlər üçün də eynidirmi, yoxsa qrip vaksinini hamı vurdura bilər?

Qeyd etmək yerinə düşər ki, keçən il qrip virusları demək olar ki, yayılmadı. Ekspertlər bunu, qabaqlayıcı məhdudiyyətlərin tətbiq olunması ilə əlaqələndirdi. 2020-ci ildə insanlar maska taxmağa, sosial məsafəni qorumağa və şəxsi gigiyena qaydalarına daha çox diqqət yetirməyə başladılar. Həkimlər onu da qeyd edirlər ki, pandemiya virusu meydana gəldikdə (COVID-19) digər virusları qovur.

İndi isə qripin geri dönmə və aktiv olma şansı yüksəkdir - keçən il az adamın xəstələnməsi səbəbindən hazırda epidemiya riski var. Həkimlər payızda virusların bir-birinə qarışacağını da proqnozlaşdırırlar. Belarusiya Səhiyyə Nazirliyinin gigiyena, epidemiologiya və profilaktika şöbəsinin müdiri İnna Karaban da deyib ki, bu mövsüm peyvənd iki istiqamətdə aparılacaq: koronavirus və qripə qarşı:"Hər iki peyvənd vacibdir, çünki insanların eyni vaxtda hər iki virusa yoluxması onların sağlamlığına mənfi təsir göstərə bilər. Qrip peyvəndi artıq Belarusiyaya gəlib. Laboratoriya nəzarətindən keçən kimi vətəndaşların istifadəsinə veriləcək. Grippol Plus (Rusiya) və pulsuz olaraq Vaxigrip Tetra (Fransa) ilə pulsuz peyvənd etmək mümkün olacaq. Əhalinin ən azı 40% -nin qrip peyvəndi ilə əhatə olunması planlaşdırılır. Səhiyyə Nazirliyi əvvəlcə koronavirusa qarşı peyvənd edilməyi (hər iki doza) və bundan iki həftə sonra qripə qarşı peyvənd edilməyi tövsiyə edir".



Nilufər Məmmədova

Mövzu ilə bağlı həkim-infeksionist Nilufər Məmmədova danışıb:

"Konkret suala cavab olaraq desəm, koronavirus vaksinlərinin özünün belə yüz faiz qoruyuculuğu olmadığı halda qrip əleyhinə olan vaksinlərin COVID-19-dan yüz faiz qorumasını və yüksək rəqəmlərdə qoruyucu olmasını gözləmirik. Çünki qrip əleyhinə hazırlanan vaksinlər hər il yenilənir və hər il hazırlanan vaksin bir il əvvəlki ştamma qarşı hazırlanır və beləliklə, bu və digər qrip əleyhinə ştamma qarşı hazırlanan vaksinin koronavirus əleyhinə qarışıb qoruyuculuğunun, effektivliyin yüksək olmasını görə bilmərik. Dünya üzrə mütəmadi olaraq tədqiqatlar aparılır. Müxtəlif vaksinlərin COVİD-dən qoruması araşdırılır. Eyni virusa qarşı təsirli müxtəlif vaksinlərin kombinasiyasından istifadə olunur və bununla bağlı müxtəlif tədqiqatların nəticələri hələ ki tam təsdiqini tapmayıb. Ona görə də qrip əleyhinə bir vaksinin koronavirusdan tam qorumasına güvənib bu vaksindən istifadə eləyə bilmərik.

Əks göstərişləri gəldikdə isə ümumiyyətlə, COVİD əleyhinə vaksin, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi vaksinlərin Azərbaycanda istifadə olunan növləri yalnız vaksinin tərkibində hər hansısa bir komponentə qarşı anafilaktik reaksiyadır. Digər vaksinlərdə də, qrip əleyhinə vaksinlər də əks-göstərişlər vaksinin hər hansı komponentinə qarşı ağır allergik reaksiyanın olmasıdır. Digər əks göstərişlər nisbi əks-göstərişlərdir. Yəni hər hansı bir xəstəliyin kəskin mərhələsi olduqda müvəqqəti olaraq vaksinasiya dayandırılıb, sonradan peyvənd vurula bilər. Bu, qrip əleyhinə vaksinlərdə də belədir, digərlərində də bu şəkildə aparılır".

İnfeksionist "ölkəmizdə kollektiv immunitet artıq çoxdan yaranıb” kimi iddialara da münasibət bildirib: "Kollektiv immunitet ümumiyyətlə, bir törədicinin bir ştammına qarşı daha effektiv olur. Kollektiv immunitet yarandıqda belə biz deyirik ki, konkret bir törədicinin bir ştammına qarşı, əgər o törədicidə yeni mutasiyalar gedirsə, burada kollektiv immunitet öz əhəmiyyətini itirə bilər və yenidən kollektiv uyğunlaşmaya ehtiyac yarana bilər. Bu halda da digər vaksinlər gətirilə bilər. Yaxud da vaksinin yeni dozaları, yeni vaksinlərlə prosesləri yenidən gündəmə gəlir. Ona görə də hazırda dəqiq bir söz demək mümkün deyil".

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus əleyhinə 60 384 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 073 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 806 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 570 812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 235 423 təşkil edir.

indiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb./yeni müsavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26