Interposta.Info

Müqəddəs Mehdiyevdən Gürcüstan hakimiyyətinə SƏRT İTTİHAMLAR

Müxtəlif / Paradoks
 8-05-2019, 19:34     10 431

Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevdən Gürcüstan hakimiyyətinə SƏRT İTTİHAM: “Ölkənizdə yaşayan azərbaycanlılar Borçalıda, Azərbaycandakı Ahıska türkləri sərhədlərinizdə canlı zəncir qursalar nə edəcəksiniz?!”

Son günlər Gürcüstan-Azərbaycan münasibətlərində yaşanan gərginlik bütün ictimaiyyətin müzakirə mövzusuna çevrilib. İnterPosta.info Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevdən problemlə bağlı fikirlərini soruşub. Sualları cavablandıran ekspert bildirib ki, Gürcüstanın Keşikçidağ kompleksi ilə bağlı iddialarına ciddi təpki göstərilməlidir. “Aylar öncə Xocalı soyqırımında birbaşa iştirak edən caninin Gürcüstanda abidəsi ucaldıldı. Çox təəssüf ki, Azərbaycan rəsmiləri məsələyə məsuliyyətsiz yanaşdılar. Hamımız gözləyirdik ki, xarici işlər nazirliyimiz xüsusi bəyanatla çıxış edəcək, terrorçunun heykəli götürülənədək geri çəkilməyəcək. Amma belə olmadı. Elə Azərbaycanın siyasi elitasında da insidentə laqeyd yanaşıldı. Bir müddət kompaniya aparıldı, sonra araya sükut çökdü. Bundan ruhlanan Gürcüstanın indiki şovinist rəhbərliyi susqunluğumuzu görüb bizə qarşı ərazi iddiasına keçdi. Gürcülərə heç bir aidiyyatı olmayan, qədim alban məbədi Keşikçidağı hədəfə götürdülər. Bu dövlətimizə qarşı açıq ərazi iddiasıdır. Ona görə də torpaqlarının iyirmi faizi işğal edilmiş ölkəmiz hücum mövqeyində durmalıdır”. Müqəddəs Mehdiyev dedi ki, Moskvadakı bəzi dairələrin marionetkasına çevrilmiş Salome Zurabişvilinin hərəkətləri heç bir əndazəyə sığmır. Məhz onun diktəsi ilə Gürcüstanda çox güclü şovinizm dalğası baş qaldırıb. Gürcü gəncləri öyrədilərək sərhədlərimizə göndərilirlər. Bu ölkənin bəzi üzdəniraq keçmiş məmurları xalqımızı təhqir edirlər.
Biz niyə susamalıyıq? Nə qədər qorxacağıq? Dağlıq Qarabağ dərs olmadımı?
Mən Keşikçidağ istiqamətində xidmət edən sərhədçilərimizin saytlarda yazıldığı kimi vəziyyətə yalnız nəzarət etməklə kifayətlənməsini qəbul etmirəm.
Əgər dövlət sərhəddimiz pozulursa, millətimiz aşağılanırsa niyə təmkin göstərməliyik? Belə getsə hər yerindən duran sərhədlərimiz önündə xalqımızın şərəf və ləyaqətini təhqir edəcək. Əgər gürcü sərhədçiləri millətçi qruplara şərait yaradırlarsa və bizim sərhəd xidmətimizin rəhbərliyi heç bir açıqlama vermir və susursa buna nə ad qoymaq olar?
“Gürcüstanın tərkibindən qoparılaraq iki qondarma respublika yaradılıb. Gürcü xalqı işğal edilmiş torpaqları uğrunda mübarizə aparsın. Rusiya qarşısında boynubükük gürcülərin bizə səs qaldırmağa nə haqqı var? Yadınızdadırsa, Gürcüstanın eks prezidenti Mixail Saakaşvili şəxsən özü rus əsgərlərinin qarşısına çıxıb onları aşağıladı. Məncə, düz də etdi. İndiki vaxtda gürcü xalqının ən böyük dərdi işğal edilmiş əraziləri olmalıdır. Lakin son illər onların bu problemin həlli istiqamətində aciz qalması göz önündədir. Rəsmi Tiflis o günə qalıb ki, rusların təzyiqi ilə Abxaziyadan Ermənistana dəmir yolu xətti çəkməyi planlaşdırır. İndiki rəhbərlikdə sanki qürur yoxdur. Azərbaycanın nefti və qazı hesabına büdcəsini dolduran Gürcüstan o qədər qudurub ki, bizə qarşı ərazi iddiası irəli sürməkdən çəkinmir. Utanmadan deyirlər ki, 500 min azərbaycanlını Qırmızı Körpüdə qarşılamalı olacağıq. Rusiyanın bəzi dairələri tərəfindən Gürcüstana təyin edilmiş “kuxarka” Salome Zurabişviliyə sual verirəm: Ölkənizdə yaşayan azərbaycanlılar Borçalıda, Azərbaycandakı Ahıska türkləri sərhədlərinizdə canlı zəncir qursalar nə edəcəksiniz?! Sizlərin olmayan bir məbədə görə soydaşlarımızı qədim torpaqlarındanmı çıxaracaqsınız? Bədnam niyyətiniz baş tutmayacaq. Gürcüstanda normal düşüncəli, gürcü xalqının milli maraqlarını üstün tutan insanlar bu məsələdə haqlı qərar verəcəklər.”

Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev mühüm və maraqlı məsələyə də toxundu. “Bu il Gürcüstanın ən qədim xalqlarından biri olan Ahıska türklərinin deportasiyasının 75-ci ildönümüdür. Fərqanə hadisələrindən isə 30 il keçir. Qaniçən və riyakar İ. Stalin şovinist siyasət yürüdərək qan qardaşlarımızı qədim yurdlarından sürgün etdi. Minlərlə Ahıska türkü çöllərdə həlak oldu. 30 il öncə Özbəkistanda ruslar və ermənilər eyni kökdən olan iki xalqın arasına fitnə saldılar. Həmin çətin günlərdə məhz Azərbaycan ahıskalı qardaşlarına qucaq açdı. İndi ölkəmizdə on minlərlə Ahıska türkü yaşayır. İllərdir ki, onlar və digər dövlətlərə səpələnmiş Ahıska türkləri Gürcüstana-qədim yurdlarına qayıtmaq üçün cəhdlər edirlər. Beynəlxalq təşkilatların da bununla bağlı qərar və tövsiyyələri var. Heç uzağa getməyək. 90-cı illərin sonlarında və 2000-ci ilin əvvəllərində çalışdığım ofisdə Ahıska türklərinin “Vətən” cəmiyyətinin şimal regionu üzrə nümayəndəliyi də fəaliyyət göstərirdi. Quruma bir neçə il öncə dünyasını dəyişmiş Qara Yağmurov rəhbərlik edirdi. Mən onunla dəfələrlə ABŞ-ın və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri ilə görüşmüşəm. Rəhmətlik Qara müəllim göz yaşları içində başlarına gətirilən faciələri xaricilərə çatdırırdı. Ən acınacaqlısı bu idi ki, hər şeyi qeydə alan xarici rəsmilər Gürcüstanın adı gələndə qələmlərini saxlayırdılar. Açıq demək lazımdır ki, heç bir beynəlxalq qurum Ahıska türklərinin Gürcüstana qayıtmasında maraqlı deyil”.

Müqəddəs Mehdiyev qeyd etdi ki, Ahıska türkləri Gürcüstandakı dədə-baba torpaqlarını geri qaytarmaq üçün ayağa qalxmalıdırlar. Dünyada yaşayan bütün ahıskalılar rəsmi Tiflisi öz şovinist mövqeyindən geri çəkilməyə məcbur etməlidirlər. İldə bir dəfə yığışıb 1944-cü ili yad etməklə problem həll olunmayacaq. “Azərbaycanda yaşayan ahıska türkləri Bakıdakı xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında etiraz aksiyalarına başlamalıdırlar. Lazım gələrsə Gürcüstanla sərhəddə gedib canlı zəncir yaratmalıdırlar. Azərbaycanın xarici işlər nazirliyi bu məsələni gündəmə gətirməyə, yüksək səviyyədə qaldırmağa borcludur. ”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26