Interposta.Info

İsa Qəmbərin sensasion məqaləsinə fərqli reaksiyalar

Müxtəlif
 8-01-2018, 08:44     9 726

Hikmət Hacızadə: “Liberal” qanadının bütün üzvləri deyirdilər ki, bizi qıracaqlar"; Nemət Pənahlı: “SSRİ-nin hər varianta əl atacağını bilirdik, amma geri dönmək zamanı deyildi”

Azərbaycan parlamentinin və Müsavat Partiyasının sabiq rəhbəri, MSDM-in başqanı İsa Qəmbərin öz Facebook səhifəsində 28 il öncənin 6 yanvar tarixi ilə bağlı paylaşdığı məqalə rezonans doğurub. Məqalədə məlum olur ki, İsa bəy məlum 20 Yanvar faciəsindən 14 gün öncə AXC-nin III konfransında bu hadisənin baş verə biləcəyi təhlükəsindən danışıb.

Sabiq spikerin həmin statusunu təqdim edirik:
“ 6 yanvar, 1990-cı ildə dəhşətli dərəcədə soyuq və qarlı bir havada AXC-nin lll konfransı Azərbaycan Elmlər Akademiyasının əsas zalında işə başladı. Ölkəmiz dərin böhran, nəhəng problemlər və nəhəng imkanlar dönəminin ən həlledici məqamına daxil olmuşdu. Qarabağ problemi dərinləşmiş, xalq hərəkatı sadəcə ərazi bütövlüyü uğrunda mübarizə mərhələsindən müstəqillik mərhələsinə keçməyə başlamışdı. 1990-ın mart ayında bütün sovet respublikaları kimi Azərbaycanda da parlament (Ali Sovet) seçkiləri keçirilməli idi.

AXC-nin ilk və əbədi sədri Əbülfəz Elçibəy və AXC-nin 15 üzvü olan İH-nin böyük əksəriyyəti xalqımızın tarix boyu yaranmış və yaradılmış problemlərini həll etmək, iki əsrə yaxın davam edən müstəmləkə durumundan qurtulmaq üçün yaranmış ikinci pəncərədən maksimum fayda və minimum itki ilə yararlanmaq üçün mümkün olan hər şeyi edirdi. Amma çətin idi, bu gün çox sadə görünsə də, çox çətin...

Problemlər kəskinləşdikcə, mövzular böyüdükcə hərəkat rəhbərliyində, AXC İdarə Heyətində fikir ayrılıqları artırdı.

İH-nin üç üzvü- Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət qrup şərti olaraq “radikallar” adlandırılırdı. Digər üç üzv- Zərdüşt Əlizadə, Leyla Yunus və Ələkrəm Hümbətov “solçular” hesab edilirdi. İH-nin yeddi üzvü şərti olaraq “liberallar” adlandırılırdı- Sabit Bağırov, Pənah Hüseyn, Hikmət Hacızadə, Tofiq Qasımov, Yusif Səmədoğlu, Canbaxış Umudov və bəndəniz İsa Qəmbər (o zaman Qəmbərov).

Nəcəf Nəcəfov və Sülhəddin Əkbər bu qruplara daxil deyildilər və tək hərəkət edirdilər. Hətta Nəcəf bəyin dekabrın sonlarında səmimi bir şəkildə mənə dediklərini unutmağım mümkün deyil: “İsa, sənə qulaq asıram, sənin mövqeyin, arqumentlərin mənə inandırıcı gəlir, Etibara qulaq asıram, onun sözləri mənə inandırıcı gəlir.” Bu sözləri təsadüfi qeyd etmədim, əgər Nəcəf Nəcəfov kimi prinsipial, yüksək intellektə malik bir insan mövqeyini müəyyənləşdirməyə çətinlik çəkirdisə, görün bütövlükdə ictimai fikir necə böyük sarsıntıdan keçirdi. lll Konfrans dövrün çağırışlarını dəyərləndirməli, hədəfləri dəqiqləşdirməli, bütövlükdə cəbhənin, eyni zamanda İH-nin fəaliyyətini qiymətləndirməli və yeni rəhbərliyi seçməli idi.

Reqlamentə görə hər bir İH üzvü 10 dəqiqəlik çıxış edə bilərdi. Ömrümdə ilk və son dəfə israrlı şəkildə bir neçə dəfə əlavə vaxt istədim, İH üzvü olan bir neçə həmkarım da sağ olsun, öz 10 dəqiqələrini mənə güzəştə getdiklərini bildirdilər. Nəticədə nə az-nə çox düz bir saat danışdım! Hərəkatın yaranma səbəbləri, AXC yaranandan o günə qədər fəaliyyəti, uğurları və yanlışları, 1990-cı ildə əsas hədəflərimiz, yaxınlaşan parlament seçkilərinin önəmi, orda qalib gələrək əsas hədəflərimizə çatmağın mümkünlüyü, yaxın aylarda yersiz radikallığın ziyanlı ola biləcəyi, Moskvanın bundan bəhanə kimi istifadə edərək Azərbaycana yenidən hərbi qüvvə ilə hücum edib, xalqa zərbə vuracağı, AXC-nin seçkilərdə legitim qüvvəyə çevrilərək müstəqillik qərarlarının qarşısını alacağı təhlükəsindən və s. və s. danışdım, üstəlik 7 nəfərlik qrupumuzun hazırladığı mükəmməl analitik yazının da əksər hissəsini oxudum.

Sonradan çıxışımın mətnini oxuyan bir sıra insanlar deyirdilər ki, 20 Yanvardan iki həftə öncə 20 yanvar faciəsi təhlükəsindən danışmısan...

Cəbhəçilər doğrudan də mənim xətrimi çox istəyirmişlər:
konfransın o gərgin mühitində, o cür vaxt qıtlığında, hamı çıxış etmək istəyərkən 1 saat mənim çıxışıma dözdülər".

Məqalədə səslənən fikirlərlə bağlı o zaman AXC-nin konfransında iştirak edən İdarə Heyəti üzvlərinin mövqelərini aldıq.

Hikmət Hacızadə ile ilgili görsel sonucu

Elçibəy hökuməti dövründə Azərbaycanın Rusiyadakı səfiri olmuş Hikmət Hacızadə İ.Qəmbərin dediklərini təsdiqlədi:
“Siz jurnalistlər o çıxışın mətnini İsa bəydən istəyin, onda mütləq var. Deyin ki, o çıxışda hansı təhlükələrdən söz açmısan, mətndə həmin hissələri boya. Nəinki İsa bəy, onunla bağlı AXC-nin İdarə Heyətinin ”liberal" qanadının bütün üzvləri deyirdilər ki, gəlib bizi qıracaqlar. İsa bəydə olan həmin nitqdə bunların hamısı var. O mətni almaqla mövzunun keyfiyyətini daha da artırmaq olar. Mən, İsa bəy, Zərdüşt bəy və başqaları deyib ki, gəlib bizi qıracaqlar. Təbii ki, o konfransda İdarə Heyəti üzvləri arasında fikir ayrılıqları var idi. “Radikal” qanadı deyirdi ki, hücum edib hakimiyyəti götürmək lazımdır, ölkəni müstəqil elan etmək vacibdir. “Liberal” qanadın mövqeyi isə bu idi ki, hələ tezdir, bizi əzəcəklər, qıracaqlar. “Solçular” qanadı da İsa bəyin mövqeyi ilə bir idilər".

Nemət Pənahlı mövzunu bu cür şərh etdi:
“Bu hadisələri və 20 Yanvarın nə üçün baş verdiyini bilməkdən ötrü öncəliklə Xalq Cəbhəsinin necə yarandığını bilmək lazımdır. Unutmaq olmaz ki, 1988-ci ildən başlayaraq, bütün SSRİ məkanında xalq hərəkatlarını boğmaqdan ötrü Xalq Cəbhələri yaradılırdı. Burada da Xalq Cəbhəsinin başında Leyla Yunus, Zərdüşt Əlizadə və İsa Qəmbər dayanırdı. Əslində Əbülfəz bəylə aramızda olan məlum narazılıq da bundan doğub. O vaxt həbsdən çıxandan sonra görmüşdüm ki, AXC-nin Təşəbbüs Qrupuna adım salınıb, özü də ilk sırada. Əbülfəz bəy tərəfindən adım salınmışdı. Onunla ciddi dialoqumuz oldu və sözlərim əsasında AXC-ni KQB-nin yaratdığını bildirdi. Etirazıma cavab olaraq, taktika işlətdiklərini bildirdi. O, konfrans çağırıb, sonralar agenturanı oyundan kənar vəziyyətdə qoyacaqlarını da dedi. O vaxt 20 Yanvar faciəsinə az müddət qalmış məni mitinq fikrindən İsa Qəmbər və başqaları daşındırmaq istəyirdi. Küçəyə çıxmağın qırğın olacağını deyirdilər. O zaman dedim ki, kimsə qorxursa, gedib işi ilə məşğul olsun. Milli azadlıq hərəkatını bəyan etmişdim və bu hərəkat da hər cür məhrumiyyətlərdən keçirdi. Heç bir millət qan tökmədən inqilab əldə etməyib. O zaman AXC-də iki qanad var idi, biri bizlər idi ki, milli azadlıq hərəkatını davam etdirmək əzmində idik, digər qanad da ”liberal" qanad idi ki, KQB-nin tapşırıqları ilə hərəkatı boğmaq istəyirdi. Tətil, mitinq olan kimi dərhal əleyhinə çıxırdılar. 6 yanvar konfransında Əbülfəz bəy çıxış etdi ki, Mixail Qorbaçov dünyanın I nömrəli demokratıdır, mən onun haqqında kitab yazacam. Mən də orada dedim ki, bu şəxs Pyotrun nəvəsidir, Azərbaycanı qan içində boğmağa çalışır. O konfransda mən dedim ki, hərəkat o səviyyəyə çatıb ki, əvvəl dubinka ilə dağıdırdılar, indi top-tüfənglə üstümüzə gəlirlər. İsa Qəmbər o çıxışında milləti vahiməyə salmaq üçün Zərdüşt Əlizadə kimi qırğın olacağını dedi, öz mövqelərimizdən bizləri imtinaya çağırdı. Mən də, Etibar Məmmədov da çıxış etdik ki, azadlıq hərəkatı qırğınlardan keçir. Onsuz da SSRİ-nin hər varianta əl atacağını bilirdik, amma geri dönmək zamanı deyildi. 13 yanvarda meydanda yaradılan Milli Müdafiə Şurası da mən tərəfindən yaradılmışdı. O zaman ordu girib azadlıq hərəkatını boğmaq üçün məlum faciəni törədəndən sonra Qorbaçov demişdi ki, Xalq Cəbhəsinin içərisində iki qanad var, millətçilər, narkomanlar və bir də bizim adamlar, liberallar, ziyalılar və başqaları..."

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26